Son günlərin ən çox maraq doğuran mövzularından biri, heç şübhəsiz, ABŞ-ın Rusiyaya qarşı tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalardır. Bu sanksiyalar Rusiyadan əhəmiyyətli dərəcədə asılı olan Ermənistanda da ciddi təşvişlə qarşılanır. Çünki sanksiyaların Ermənistana bir neçə istiqamətdə təsiri gözlənir. Əvvəla, erməni oliqarxların Ermənistana vəsait yönəltməsi çətinləşəcək. Digər tərəfdən, Ermənistanın Rusiyadan silah alması çətinləşəcək. Ən nəhayət, Ermənistan özü Rusiya ilə əməkdaşlıq şəraitində ABŞ sanksiyalarının təsiri alıtna düşə bilər.
Hələlik isə görünən odur ki, ABŞ-ın Maliyyə Nazirliyinin dərc etdiyi "Kreml hesabatı" adlı sənəd Rusiyaya qarşı yeni sanksiyalara gətirib çıxaracaq.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, əlavə sanksiyalar tətbiq etmək üçün daha əvvəl elan edilmiş hesabat və kəşfiyyat məlumatlarından istifadə etmək niyyətindədirlər və hazırda onların üzərində çalışırlar. Bu arada xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyinin Konqresə təqdim etdiyi “Kreml məruzəsi”ndə Rusiyanın erməni əsilli 3 oliqarxının da adı var. Bunlar “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan, “Rosqosstrax” şirkətlər qrupunun rəhbəri Daniil Xaçaturov və “Maqnit” supermarketlər şəbəkəsinin sahibi və “Krasnodar” futbol klubunun prezidenti Sergey Qalitskidir. Sergey Qalitskinin əsl soyadı Arutunyandır. O, ailə qurduqdan sonra həyat yoldaşı Viktoriya Qalitskayanın soyadını götürüb.
Qeyd edək ki, “Forbes” jurnalının Rusiyanın 200 sahibkarı ilə bağlı tərtib etdiyi siyahıda Sergey Qalitski 5,7 milyard dollarlla 17-ci, Samvel Karapetyan 3,86 milyard dollarla 26-cı, Daniil Xaçaturov 2,89 milyard dollar 40-cı yerdə qərarlaşıb. Sənəddə adları çəkilən 3 erməni milyarder Ermənistanda və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində müxtəlif layihələr həyata keçirir. Məsələn, “Taşir” şirkətinin sahibi Samvel Karapetyan “Məhsuldar Qarabağ” telemarafonuna 2,5 milyon dollar köçürüb. Bu şirkət Ermənistanın energetika sahəsinə 1 milyard dollar sərmayə qoymağı planlaşdırır. Amma sanksiyaların tətbiqi halında Ermənistan və işğal altında saxladığı Dağlıq Qarabağdakı erməni separatçıları “Taşir” kimi şirkətlərin yardımından məhrum ediləcək. Erməni siyasi ekspert Aqasi Yenokyan da sanksiyaların ermənilər üçün yaxşı heç nə vəd etmədyini bildirir. O qeyd edir ki, “Kreml hesabatı” Ermənistan elitası üçün həyəcan təbili olmalıdır: “Bu siyahıda təkcə Samvel Karapetyanın yox, digər erməni oliqarxların - Daniil Xaçaturov və Sergey Qalitskinin də adları var. Lakin bizim əsas həyəcanımız Samvel Karapetyanla bağlıdır. Bu təkcə bizim onunla etnik bağlarımızın olması baxımından deyil. Karapetyan Ermənistana Kreml tərəfindən kurator təyin edilib. Karapetyanın adının siyahıda olması Ermənistan üçün ciddi xəbərdarlıqdır. Bu siyahı vasitəsilə buradakı insanların bütün kontaktlarını şübhə altına almaq üçün əsas yaradılır. Buna görə də ölkənin siyasi və biznes elitası təhdid altındadır”.
Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Ermənistanın Rusiyadan silah alması da sanksiyalar fonunda ciddi sual altına düşür. 2017-ci ilin iyulunda Konqresdə qəbul olunan“Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında” (CAATSA) qanuna əsasən, Rusiya şirkətləri ilə böyük həcmdə əməkdaşlıq edən, bu ölkədən iri məbləğdə maliyyə vəsaiti hesabına silah alan üçüncü ölkələrin uyğun qurumları və şirkətləri də ABŞ-ın sanksiyasına məruz qalacaq. Yeri gəlmişkən, yanvarın 29-da Rusiyanın 33 təşkilatına qarşı məhdudlaşdırıcı tədbirlər qüvvəyə minib. Həmin şirkətlərin çoxu Rusiya Hərbi Müdafiə Sənayesi Kompleksinə aiddir. Rusiyalı hərbi ekspert Aleksandr Perenciyev bunların Ermənistana təsirinin qaçılmaz olduğunu bildirir. Ekspertin fikrincə, məsələ ondan ibarətdir ki, Ermənistan Rusiya silahlarını qəbul etməkdən qorxacaqmı? Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistan rəhbərliyinin bu risqin öhdəsindən necə gələcəyi çox maraq doğurur: “Ermənistan rəhbərliyi risqin hesabatını aparmalı və bunu nəzərə almalı olacaq: Rusiya silahı almasalar, Amerika silahı alacaqlar, lakin bu artıq tamam fərqli qiymət siyasətidir. Xüsusən də Rusiyanın Ermənistana silahları daxili qiymətlərlə satdığı nəzərə alınarsa. Demək ki, Amerikadan keyfiyyətli silah almaq alınmayacaq və məncə Ermənistan, sanksiyalara baxmayaraq, Rusiyadan silah almağa davam edəcək. Bu da Ermənistanın ABŞ sanksiyaları altına düşməsinə əsas yaradacaq”. Onun sözlərinə görə, belə olan halda Ermənistan risqi gözə almadan bu addımı atsa, Rusiyadan daha çox asılı olacaq. İrəvanın isə Rusiya silahından imtina edəcəyi ümumiyyətlə az inanılandır: “Birincisi, Ermənistan Rusiyanın KTMT üzrə müttəfiqidir, ikincisi isə ölkənin ABŞ, Türkiyə və ya Pakistandan silah almaq üçün pulu yoxdur. Maliyyə problemləri ilə yanaşı, bu həm də risqli nəticələrə yol aça bilər. İstənilən halda, vəziyyət Ermənistan üçün daha əvvəlki kimi olmayacaq, onların maşınının təkəri haradasa yarı yolda boşalacaq”. Ekspertin fikrincə, Ermənistandan fərqli olaraq, Azərbaycanın qarşısında belə sərt seçim etmək zərurəti yoxdur. Belə ki, Bakının yetərincə pulu var və Rusiyadan silah ala bilməsə, bunu digər ölkələrlə də rahatlıqla gerçəkləşdirə bilər. hər halda, baş verənlər ABŞ sanksiyalarının Ermənistan üçün ciddi fəsadlar yaracdacağını aydın göstərir.
Tahir TAĞIYEV