Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son günlərdə diplomatik müstəvidə yeni fəallıq müşahidə olunmaqdadır. Xüsusən də ATƏT-in və konfliktin çözümündə böyük təsir vasitələrinə malik Rusiya rəsmilərinin açıqlamaları yeni maraqlı nüansları üzə çıxarır. Belə məlum olur ki, problemin çözümü istiqamətində yaxın tezlikdə müəyyən addımların atılması gözlənir. Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in fəaliyyətdə olan sədri Ancelino Alfanonun Moskvada görüşdükdən sonra səsləndirdikləri fikirlər bu qənaəti bir qədər də gücləndirir.
Tərəflərin rəsmi açıqlamalarından belə bəlli olur ki, onlar Qarabağ konfliktinin sülh yolu ilə həlli prosesinin tezləşdirilməsi üçün fəaliyyətlərini daha intensiv hala gətirəcəklər. Qeyd edilən xüsusda Sergey Lavrov bildirir: "Bizim birgə səylərimizlə ATƏT Dağlıq Qarabağda münaqişənin həllinə töhfə verməyə davam edəcək. Eləcə də bizim birgə səylərimizlə ATƏT Dnestryanıda, Dağlıq Qarabağda münaqişələrin qarşısını almağa töhfə verməyə, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması ilə bağlı Cenevrə müzakirələrinə sədrlik etməyə davam edəcək".
Ancelino Alfano Qarabağda münaqişə zonasında ATƏT müşahidə missiyasının genişləndirilməsi fonunda bildirib: "Hesab edirik ki, təşkilati dəstəyin bütün formaları məqsədə çatmaq üçün xeyirlidir. Burada söhbət müsbət addımdan gedir. Deyə bilərəm ki, buna qədər görülən işlər, bundan sonra da görüləcək işlər Helsinki Yekun Aktına uyğundur. Hesab edirəm ki, həmkarım Lavrovun bu istiqamətdə aktiv fəaliyyəti münaqişənin nizamlanması prosesini sürətləndirəcək. Minsk Qrupuna bütün dəstəyimizi göstərəcəyik. Bununla belə hesab etmirik ki, bu, yeganə mümkün formatdır. Mövqeyimiz bizdən əvvəl ATƏT-ə sədrlik edən ölkənin siyasətini davam etdirməkdən ibarətdir. Hesab edirəm ki, bu ədalətlidir".
Yeri gəlmişkən qeyd edək ki, görüşdə əsas müzakirə predmetlərindən biri məhz Dağlıq Qarabağda ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlıdır. Sergey Lavrov bununla əladədar qeyd edib: "Burada söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsindən çox, təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılmasından gedir". Onun sözlərinə görə, hələ 2010-cu ilin əvvəlində bu zonada etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı danışıqlar aparılıb: "2016-cı ilin aprelində təmas xəttində baş verən məlum insidentdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü təşkil olundu, həmin ilin iyununda Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Bu görüşlərdə inamın möhkəmləndirilməsi ilə bağlı konkret addımlar atılması üzrə razılıq əldə olundu. Bu razılığa əsasən, təmas xəttində ATƏT-in müşahidə missiyasına 6-7 nəfər əlavə olunmalı idi. İndiyə kimi bu işlər aparılıb. Ümid edirik ki, bu razılığın həyata keçirilməsini ATƏT operativ şəkildə edəcək". Lavrov qeyd edib ki, təmas xəttində ATƏT müşahidə missiyasının sayının artırılmasının münaqişənin əbədiləşdiriməsinə və onun siyasi həll yolundan məhrum olunmasına bəhanə olacağı ilə bağlı fikirlər eşidir: "Yəqin bu mövqedən çıxış etmək lazımdır ki, bütün münaqişələrin - fərqi yoxdur, Qarabağda, ya da Donbasda olsun - təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və siyasi nizamlanma prosesi paralel aparılmalıdır. Ümid edirəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əldə etdikləri razılaşma həyata keçiriləcək". Beləliklə, səslənən fikirlərdən aydın görünür ki, burada Lavrov çox incə və olduqca vacib məqamlara toxunub. Söhbət ilk növbədə ondan gedir ki, Lavrov münaqişənin nizama salınması ilə bağlı ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsindən çox, təmas xəttində müşahidəçilərin sayının artırılması olduğunu diqqətə çatdırıb. Eyni zamanda vurğulanır ki, müşahidə missiyasının sayının artırılması münaqişənin nizama salınması ilə bağlı deyil. Qeyd edək ki, ATƏT-in müşahidə missiyasının sayının artırılmasını Ermənistan tərəfi israrla istəyir. İrəvan düşünür ki, bu, atəşkəsə nəzarət mexanizminin yaradılması ilə nəticələnəcək. Bu mexanizmlər ABŞ-da erməni lobbisi tərəfindən gündəmə gətirilib və məqsədi münaqişənin həllinin dondurulması, mövcud status-kvonun saxlanmasıdır. Amma Lavrovun açıqlamaları ermənilərin istəklərinin üzərindən xətt çəkir. Belə ki, Lavrovun "müşahidə missiyasının sayının artırılması münaqişənin nizama salınması ilə bağlı deyil" sözləri də Moskvanın İrəvanın istədiyi ssenarinin reallaşmasına imkan verməyəcəyini göstərir. Yəni müşahidə missyasının tərkibində yer alanların sayının artırılması erməni tərəfinin istədiyi kimi status-kvonun qorunub saxlanmasına imkan verməyəcək. Digər tərəfdən, bu vəziyyətdə Azərbaycan ordusu ilə bacara bilməyən ermənilərin mülki əhalini atəşə tutması da mümkünsüz hala gələcək.
Başqa önəmli məqam odur ki, ATƏT-in müşahidəçilərinin sayının artırılması Azərbaycanın bəzi şərtlərinin reallaşması halında mümkün olacaq. Bunların nədən ibarət olduğunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov belə açıqlayıb: "Əgər təmas xəttində ATƏT-in müşahidəçilərinin sayının artırılmasından söhbət gedirsə, hesab edirəm ki, burada müəyyən şərtlər yerinə yetirilməlidir". O qeyd edib ki, müşahidəçilərin sayının artırılması məsələsində təmas xəttində yaşayan mülki azərbaycanlıların qətlə yetirilməsinə son qoyulmasına nəzarətin gücləndirilməsi birinci şərtdir: "Bundan başqa, müşahidəçilərin sayının artırılması texniki prosedur olsa da, düşünürəm ki, bu məsələni Dağlıq Qarabağ münaqişəsinin substantiv həllinə hesablandığı təqdirdə müzakirə etmək olar. Amma eyni zamanda hesab edirəm ki, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də Ermənistan öz üzərlərinə belə bir öhdəlik götürməlidirlər ki, rəsmi İrəvan bu məsələdə status-kvonun uzadılması kimi məkrli məqsəd güdməsin. Çünki Ermənistan həmişə münaqişə ilə əlaqədar konkret nəticə hasil olan anda danışıqlardan qaçır, status-kvonu uzadır. Hərçənd mən əminəm ki, Ermənistan bu dəfə də bu fikirdədir. Ona görə də hesab edirəm ki, burada onlar üzərlərinə bu məsələdən status-kvonun uzadılması kimi məqsəddən istifadə edilməsinə imkan verilməyəcəyi kimi öhdəlik götürməlidirlər. Düşünürəm ki, yalnız bu halda müzakirələr aparmağa dəyər". Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, Qarabağ münaqişəsi ilə bağlı aparılan son müzakirələr və məsələnin aktiv şəkildə gündəmdə saxlanması heç də Ermənistanın lehinə deyil. Digər tərəfdən, yayılan məlumatlardan o da məlum olur ki, Ermənistanın artıq məsələnin həlli istiqamətində müəyyən addımlar atması sərt tələb kimi İrəvanın qarşısında qoyulub. Hətta o da xəbərdarlıq edilib ki, İrəvanın real addımlar atmaması halında əldə olunan razılıqların, o cümlədən təmas xəttində ATƏT-in müşahidəçilərinin sayının artırılması baş tutmayacaq, konfliktin gücdən istifadə ilə çözüm ehtimalı artacaq. Məsələnin bu tərəfinə nəzər salan sabiq dövlət müşaviri Qabil Hüseynli də bildirib ki, Ermənistan danışıqlar masası arxasında özünü şıltaq gəlin kimi aparmaqda davam edərsə, bu, Bakının danışıqlar prosesindən imtina etməsinə səbəb ola bilər: "Yəni Azərbaycan əlində olan digər imkanlardan istifadə edəcək. Görünən odur ki, ermənilər torpaqlarımızı xoşluqla qaytarmasalar, bu halda Azərbaycan vəziyyətdən çıxış yolunu hərbi əməliyyatların yenidən başladılmasında, yaxud da xüsusi taktika əsasında işlənib hazırlanmış əks-hücum əməliyyatlarının həyata keçirilməsində görməli olacaq. Diplomatiyanın arxasında mütləq güc dayanmalıdır. Zənnimcə, bu, səngimiş danışıqlar prosesini aktivləşdirmək və ermənilərə yeni dərs vermək üçün vacibdir". Q.Hüseynlinin qənaətinə görə, Bakı üçün çox əlverişli bir zaman yetişib: "ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar Ermənistandan yan keçməyəcək. İrəvan buna görə hazırda yas içərisindədir. Amerika bölgədə vəziyyəti kimin qarışdırdığını, Rusiyanın əlinə kimin oynadığını, ərazilərində rus hərbi bazalarını hansı dövlətin saxladığını çox yaxşı bilir. Hesab edirəm ki, ABŞ Rusiyaya tətbiq etdiyi sanksiyaların bir istiqamətini Ermənistana yönəldəcək. Bu isə işğalçının zəifləməsinə səbəb olacaq. Zəifləmiş dövlətin danışıqlar masası ətrafındakı mövqeyi də zəifləyəcək. Azərbaycan öz əraziləri uğrunda mübarizə aparır və istənilən vaxt hərbi əməliyyatları yeniləyə bilər. Bu məsələ gündəmdədir. Hazırda texnika və alınan silahların şəxsi heyətə tədris edilməsi prosesi gedir. Bunun ardınca isə hərbi təlimlər başlayacaq, ordumuz hər zaman döyüşə hazır vəziyyətdədir". Aydındır ki, yaranmış vəziyyətdən erməni tərəfi lazımi nəticə çıxarmasa, Bakının gücə əl atması qaçılmaz olacaq və bunun bütün məsuliyyəti də erməni tərəfinin üzərinə düşəcək. Hələlik isə görünən odur ki, Rusiyanın da fəal iştirakı ilə ATƏT Dağlıq Qarabağda münaqişənin çözümündə irəliyə doğru müəyyən addımların atılmasını istəyir. Əvvəlki dövrələrdən fərqli olaraq, indi bu məsələdə ATƏT və həmsədr ölkələr daha çox maraqlıdır. Ən azından ona görə ki, qlobal geosiyasətdə proseslərin tədricən yeni məzmun çalarları kəsb etməsi Qarabağ münaqişəsinin həllini vacib edir. Məsələ burasındadır ki, dünyanın aparıcı gücləri, görünür, Cənubi Qafqazda geosiyasi nüfuz dairəsini konkretləşdirmək prosesinə başlayır. Bu kontekstdə də Dağlıq Qarabağ münaqişəsinin taleyi ciddi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, son dövrlərdə bu məsələyə həsr edilmiş bütün analitik məqalələrdə pərdəarxası olaraq məhz bu məqam qabardılır. Digər məqam Cənubi Qafqazda uzun müddətdir mövcud olan bu münaqişənin artıq daha geniş geosiyasi məkan üçün təhdidə çevrilməsi ilə bağlıdır. O, Mərkəzi Asiya, Rusiya, Çin, İran, Türkiyə istiqamətləri ilə yanaşı, Avropada da ciddi geosiyasi problemlər yarada bilər. Bütün bunlar fonunda isə Ermənistanın münaqişənin həllini yenidən uzatmaq niyyəti, çətin ki, baş tutsun.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.