Məhəmməd Əsədullazadə: “BMT tərəfindən işğal olunmuş ərazilərlə bağlı qətnamə qəbul edilirsə, ölkə parlamenti də işğal faktoru ilə əlaqədar qanun qəbul etməlidir”
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qanun layihəsi hazırlanmalıdır. Xəbər verildiyi kimi, bu təkliflə Milli Məclisin yaz sessiyasında deputat Rövşən Rzayev çıxış edib. R.Rzayev ermənilərin Strasburqda AŞPA-nın qış sessiyası çərçivəsində Dağlıq Qarabağın işğalının 30 illiyini “Demokratik Dağlıq Qarabağ hərəkatı” adı ilə təqdim etdiyini diqqətə çatdırıb.
Millət vəkili bunu Azərbaycana qarşı ikili standartlar kimi qiymətləndirib. O təklif edib ki, bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrə ayrı-ayrılıqda müraciət edilsin: “Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunda 11 ölkə təmsil olunur. Müraciətdə bu kimi təxribatçı əməllərdən ək çəkilməsini tələb edək. Bir daha vurğulayaq ki, separatçı hadisələr səbəbindən Xocavəndin Qaradağlı faciəsini və Xocalı soyqrımını yaşamışıq”.
Deputat təklif edib ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına “İşğal siyasəti haqqında” qanun layihəsinin hazırlanması da daxil edilsin.
Digər millət vəkillərindən də bununla bağlı fikirlər səslənib. Bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə, etirazlara baxmayaraq, hələ də qanunsuz səfərlər edilir və rəsmi Bakıdan icazə alınmır. Maraqlıdır ki, belə səfər edənlərin çoxu Qarabağ münaqişəsinin həllini öz üzərinə götürən ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin təmsilçiləridir. Ona görə də belə qanunsuz səfərlərin qarşısını almaq məqsədilə “İşğal olunmuş ərazilər haqqında” qanun layihəsinin hazırlanması və qəbul olunması təklif olunur. Yeri gəlmişkən onu da qeyd edək ki, bəzi dünya ölkələrində belə bir qanun var.
Maraqlıdır, bəs ekspertlər belə bir qaununun qəbul olunmasına necə yanaşırlar?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, belə bir qanunun qəbul olunmasına ehtiyac var: “Azərbaycan 20 ildən artıqdır ki, Ermənistanın işğalı ilə üz-üzədir və bu işğal davam edir. Ərazilərinin 20 faizi işğala məruz qalan ölkə olaraq bu illər ərzində aparılan diplomatik danışıqlar səmərəsiz və faydasız olub. Həmçinin, bu danışıqlar işğalın davam etməsinə şərait yaradır. Münaqişənin nizamlanması üzrə formalaşan ATƏT-in Minsk Qrupu həmsədrlərinin apardığı danışılar da, göründüyü kimi, irəliləyişə səbəb olmur. BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı qətnamələrinin olmasına baxmayaraq, Ermənistan üzərinə düşən bu hüquqi proseduru yerinə yetirmir. BMT tərəfindən işğal olunmuş ərazilərlə bağlı qətnamə qəbul edilirsə, Azərbaycan parlamenti də işğal faktoru ilə əlaqədar qanun qəbul etməlidir. Hesab edirəm ki, bunun qəbul edilməsi zəruridir. Hazırda aparılan diplomatik danışıqlar nəticəsizdir və status-kvonun qorunmasına hesablanıb. Paralel olaraq Milli Məclis də işğalla bağlı qanun qəbul etməlidir. Həmçinin, işğal olunmuş ərazilərin qeyd-şərsiz boşaldılması barədə rəsmi şəkildə Ermənistana ultimatum verilməlidir. Ermənistana hərbi təzyiqlər artırılmalıdır. Deputatlar tərəfindən bu qanun işlənib hazırlanmalı və il ərzində qəbul edilməlidir. Hesab edirəm ki, bununla biz Minsk Qrupu həmsədrlərinə də mesaj vermiş olacağıq. Milli Məclis Ermənistanla hərbi-texniki əməkdaşlıq edən ölkələrə sanksiya tətbiq etməlidir. Çünki BMT tərəfindən rəsmən Azərbaycanın ərazilərinin işğal faktoru qeyd olunub. İşğalçı ordunun işğal olunmuş ərazilərdən çıxarılmasına dair qeyd-şərtsiz qətnamələr var. Ona görə də belə bir qanun qəbul edilməsi, siyasi olaraq, Azərbaycan üçün vacibdir”.
Vidadi ORDAHALLI