Bakı kəndlərində daşnaklara qarşı döyüş səngərlərinin yaşayan izləri...

Abşeron rayonunun Güzdək kəndi Bakı şəhərindən 14 km cənub-qərbdə yerləşməklə Ləngəbiz tirəsinin qurtaracağındakı “Qızıl qaya”, “Bəyaz qaya”, “Qırx qız” yüksəklikləri ilə əhatə olunur. Təbii-coğrafi şəraitinin əlverişli olması 1918-ci ilin 1-ci yarısında hay-daşnak-bolşevik quldur dəstələrinin bütünlüklə Azərbaycan sərhədləri hüdudunda, eləcə də Bakı şəhəri və ətraf yaşayış məntəqələrində, ayrı-ayrı qəzalarda törətdikləri soyqırım bu yerlərdə də silinməz izlər qoyub. Adı çəkilən bu yüksəkliklər mənfur düşmənə qarşı keçilməz səngər rolunu oynayıb, şanlı türk ordusunun - 5-ci Qafqaz islam Ordusunun dəstələri burada yerləşib. İndinin özündə də “Qırx qız” yüksəkliyinə el arasında həm də “Nişangah” deyilir.
Həmin dövrdə (xüsusilə döyüşlərin getdiyi may-avqust ayları ərzində) bu kənddə 70-80 ev olan bu kənddə dinc əhali əsasən əkinçilklə, heyvandarlıqla və sənətkarlıqla məşğul olub. Digər kəndlərdən fərqli olaraq, kənd evləri daş tikililər olub. Tarixi faktdır ki, ərazidən çıxarılan yüksək keyfiyyətli hörgü və üzlük daşların hesabına orta əsrlərdə Bakı şəhərində Qız qalasının, Şirvanşahlar saray kompleksinin, Qala divarlarlarının, bir çox karvansara mərkəzlərinin, tarixi-memarlıq üslublu tikililərin inşasında Güzdək kəndinin daş yataqlarından və mahir ustalarından istifadə olunub. Məhz bu əlverişli şərait 5-ci Qafqaz islam Ordusunun döyüşçülərinin və yerli özünümüdafiə dəstələrinin qərarganının bu kənddə (kənd sakini Kərbəlayi Murad Bəndalı oğlunun (1855-1934) evində), səngərlərinin, nişangahlarının isə ətraf yüksəkliklərdə yerləşdirilməsi və düşmənə sarsıdıcı zərbə vurmaq imkanı verib. Eləcə də, qonşu kəndlərdə (Hökməli, Qobu, Xırdalan, Xocasən) gedən döyüşlərdə yaralanan əsgər və zabitlər kənd sakini Atamalı Bədəl oğlunun (1873-1941) evində yaradılmış hərbi xəstəxanada müalicə olunublar. Bu ailənin qohumu olmuş Abbas Baba oğlu Daşdıyevin (1919-1998) söylədiklərinə görə (bu məlumatı oğlu Baba Daşdıyev (1945) vermişdir), həmin həyətdə yaralı əsgərlərə məxsus olmuş və amputasiya edilmiş bədən hissələrinin sümüklərinə keçən əsrin 50-60-cı illərinədək rast gəlinirdi.
Bakı şəhəri istiqamətindən hücuma keçən hay-daşnak-bolşevik tör-töküntülərinə qarşı vuruşmalarda müzəffər Türk ordusunun döyüşçülərinə həm döyüşlərdə (Manaf Ağa Murad oğlu Muradov (1887-1934), Qara Ələkbər, Mirzə Abdulla Bəydəmir oğlu (1897-1986), Sabit Heydərəli oğlu (1890-1976)), həm silah-sursatın daşınmasında (Qədir Məhərrəm oğlu (1895-1970), İsmayıl Bağır oğlu (1888-1944)), həm də ərzaq vasitələri ilə təmin edilməsində (Kərbəlayi Murad Bəndalı oğlu (1855-1934), Turab Abdulbaqi oğlu (1890-1965), Əbdürrəhim Məhərrəm oğlu (1902-1968) ailəsi) kənd əhalisi də kömək edib.
1918-ci ilin həmin faciəvi günlərinin canlı şahidləri olmuş Umcahan Daşdı qızı (1896-1960), Fatmaxanım İlyas qızı (1903-1992), Əbdüləli Bəydəmir oğlu (1906-1979) xatirələrini həmişə kənd sakinləri ilə bölüşmüşlər.
Hay-daşnak-bolşevik quldurları bu kəndə daxil ola bilməsələr də, bir neçə düşmən cəsədi külə dönərək “Zəfərlanlıq” deyilən əkin sahəsində torpağa qarışıb.
Belə ki, 02 noyabr 1917-ci il tarixdə yaradılmış xəyanətkar Bakı Xalq Komissarları Soveti İcraiyyə Komitəsinə (quldur daşnak S.Şaumyana) ingilis müdaxiləçiləri tərəfindən verilmiş hərbi təyyarə həmin günlərdə Güzdək kəndi üzərində dövrə vurur (satqın-kəşfiyyatçı kimi dilənçi həmşərilərdən istifadə olunub), kəndəki türk döyüşçülərinin silah-sursat anbarını (bu anbar Əbdülbaqi Baxşəli oğlu Məmmədquliyevin (1894-1975) evində, tikililərində olub) dağıtmaq üçün bir neşə bomba atır. Xoşbəxtlikdən “güllə” hədəfə dəymir, amma ev sahibin kiçik yaşlı nəvələri Həmidə (1914-1984) və Minəxanım Məşədi Qəni (1916-1990) qızları yaralanırlar, hətta Minəxanım bir döşündən mərhum olur. Bu hadisəni qonşusunun həyətindən izləyən mahir atıcı Qara Ələkbər nimdaş üçatılanı ilə pilotu nişan alır, vurur və təyyarə kəndin yaxınlığındakı “Zəfəranlıq” adlanan əkin sahəsinə düşərək yanıb külə dönür. Bu qələbədən sonra Nuru paşa tərəfindən Qara Ələkbərə təzə türk onatılanı hədiyyə edilir...
Qazi paşa ilə bağlı başqa bir deyim də kənd camaatının xatirəsində yaşamaqdadır. Kərbəlayi Murad Bəndalı oğluna toplarını göstərən Nuru paşa deyib ki, binlarla gavurları vuracağıq. Başqa bir fərqli topu sual dolu baxışları ilə süzən ağsaqqala dübarə bildirib ki, bu topla isə qələbə zəfəri bildiriləcək, gavurlar darmadağın edildikdən sonra atəşfəşanlığı bu toplarla edəcəyik...
Qismət YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi