Yeganə Hacıyeva: “Fransa Prezidenti status-kvo ilə bağlı fikirlərini lakonik bildirdiyi üçün, bu suallara yol açır”
“Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində kompromisin tərəfdarıdır. Belə ki, status-kvo münaqişənin həlli deyil”. Bu barədə Fransa Prezidenti Emmanuel Makron bəyan edib. O qeyd edib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişə tərəflərini dinləməkdə davam edəcək.
Bütün dünyanın status-kvonun dəyişilməsinin vacib olduğu ilə bağlı qənaətə gəldiyi bir vaxtda Fransa Prezidentinin bu açıqlamasını necə dəyərləndirmək olar?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın belə mövqe sərgiləməsi təəccüblüdür: “Həmin ölkə Emənistan- Azərbaycan, Dağlıq Qarabağ konfliktinin nizamlanması prosesində fəaliyyət göstərir. Öncə onu qeyd edim ki, Fransa Prezidenti Emmanuel Makronun çıxışındakı “satus-kvo munaqişənin həlli deyil” fikri ilə razılaşmaq olmaz. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nizamlanmağa çalışdığı Dağlıq Qarabağ konflikti də daxil, üzərinə sülhyaratma missiyası götürmüş istənilən beynəlxalq qurumun vəzifəsi status-kvonun dəstəklənməsi deyil, münaqişələrin nizamlanmasında dayanıqlı sülhün əldə olunması, konfliktlərin beynəlxalq hüquqa söykənən ədalətli həlli yollarının tapılması missiyasından ibarətdir. Bu baxımdan da Makronun status-kvodan tam imtina etməsi ilə bağlı izahı düzgün verilməyib. Çünki bu termin və ondan irəli gələn tələblərin münaqişənin nizamlanmasına birbaşa təsiri ola bilər. Fransa Prezidenti status-kvo ilə bağlı fikirlərini lakonik bildirdiyi üçün, bu suallara yol açır.
Fransa Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində haqqında söz açdığı kompromis haqqında da danışmaq istəyirəm. Bu məhz Azərbaycan tərəfinin təklif etdiyi respublikamızın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa verilə biləcək yüksək statuslu muxtariyyətdir. Ancaq bu kompromis beynəlxalq ictimaiyyətin də qəbul etdiyi kimi, beynəlxalq hüquq normalarının tələbi olan, işğal olunmuş 20 faiz Azərbaycan torpaqlarından Ermənistan ordusunun çıxarılması ilə Azərbaycan torpaqlarının işğalı faktının aradan qaldırılmasından, bir milyondan artıq qaçqın və məcburi köçkün vətəndaşlarımızın öz doğma yurd-yuvasına qayıtması prosesindən sonra həyəta keçiriləcək.
Makronun haqqında danışdığı münaqişələrin həllində status-kvo haqqında isə bunları deyə bilərəm. Şəxsən mənə ATƏT-in Minsk Qrupunun həmsədri kimi, uzun illər münaqişənin sülh yolu ilə həllinin təşəbbüskarı olmuş Fransanın prezidentinin belə bir fikir səsləndirməsi çox təəccüblü gəldi. Belə ki, adətən nizamlanması tamamilə yekunlaşmamış münaqişələrədə status-kvonun qismən dəyişməsi münaqişə tərəflərinin siyasi həll yolu ilə deyil, hərbi həll yoluna üstünlük verməsi ilə, münaqişə tərəflərindən birinin digərini təxribata çəkməsi ilə və sərhəddə eskalasiya ilə nəticələnir. Bunun nəticəsi kimi ordu və mülki əhali arasında itkilər qaçılmaz olur ki, biz dəfələrlə Ermənistan tərəfinin bu cür təxribatları ilə üzləşmişik. Bu baxımdan da Makronun bir qədər məsuliyyətli bəyanatlar verməsi yaxşı olardı”.
Məhəmmədəli QƏRİBLİ