Qabil Hüseynli: “İşğal altında olan ərazilər azad edilməyənə qədər bölgədə müharibə təhlükəsi qalmaqda davam edəcək”
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan XİN başçılarının Krakov görüşünü şərh edərkən regiona növbəti səfərin anonsunu verib. Hətta iddia edib ki, regiona səfər zamanı prezidentlərin görüşü barədə müzakirələr aparacaqlar. Rusiyalı diplomat sözsüz ki, digər iki həmkarının və onların timsalında 3 paytaxtın mövqeyini ifadə edib.
İqor Popov deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirilən görüşündə əsasən münaqişə zonasında ATƏT-in müşahidə missiyasının genişləndirilməsi məsələsi müzakirə olunub. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipial razılıq veriblər: “Bildiyiniz kimi, Dağliq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ötən ilin oktyabrında İsveçrədə keçirilən sammitdə danışıqlar prosesinin aktivləşdirilməsi və qoşunların təmas xəttində gərginliyin azaldılması istiqamətində əlavə tədbirlərin görülməsi barədə qərar qəbul olundu. Buna müvafiq olaraq, sammitdən sonra amerikalı və fransalı həmkarlarımla, eləcə də ATƏT sədrinin nümayəndəsi səfir Kaspşiklə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə seriya məsləhətləşmələr apardıq. Eləcə də nazirlərə onların iki görüşünün təşkil edilməsinə köməklik etdik. Belə görüşlərdən axırıncısı Krakovda keçirildi. Bu görüşdə əsasən münaqişə zonasında ATƏT müşahidə missiyasının tərkibinin genişləndirilməsi də daxil olmaqla, hərbi risqlərin azaldılması ilə bağlı məsələlər müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipial razılıq verdilər. Müşahidə missiyasının genişləndirilməsi mexanizmi işə düşməzdən öncə bir sıra texniki detalların razılaşdırılması isə hələ qalır”.
ATƏT müşahidəçilərinin sayının artırılması Azərbaycana nə verə bilər?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələdə heç bir kreativlik görmür: “Görüşün yekunu olaraq Ermənistan XİN də bəyanatla çıxış edərək ATƏT sədrinin ofisinin artırılması qərarını alqışladı. Doğrusu, Dağlıq Qarabağ ətrafındakı torpaqlar boşaldılmadan atəşkəsin monitorinqinin artırılması bizim nəyimizə lazım idi - bunu anlamadım. Danışıqlarda nəticə yoxdursa, biz, həmişə olduğu kimi, işğalçını daim hərbi təzyiqimiz altında saxlamalıyıq. Monitorinq aparan ATƏT müşahidəçilərinin sayının artırılmasının bölgədə atəşkəsin pozulmasının qarşısını almağa imkan verəcəyi iddiaları illüziyadan başqa bir şey deyil. Münaqişə bölgəsində atəşkəsin pozulmasının kimlər tərəfindən həyata keçirilməsini müəyyən etmək heç vaxt mümkün deyil. Cəbhənin bu və ya digər hissəsində atəşkəs müntəzəm olaraq pozulur və pozulmaqda davam edəcək. ATƏT müşahidəçilərinin sayı dəfələrlə artırılsa belə, atəşkəsin kim tərəfindən pozulmasını müəyyən etmək qeyri-mümkündür. Əslində, bütün bunlar bölgədə mövcud status-kvonun qorunub saxlanmasına xidmət edən bəhanələrdir. İşğal altında olan ərazilər azad edilməyənə qədər bölgədə müharibə təhlükəsi qalmaqda davam edəcək. Bunu vasitəçilər bizdən də yaxşı bilirlər. Çox təəssüf edirəm ki, həmin vasitəçilər işğalçıya təzyiq edib torpaqları azad etmək əvəzinə, Ermənistanın istəklərinə uyğun şəkildə davranmaqla məşğul olurlar”.
Məhəmmədəli QƏRİBLİ