Ramil Hüseynov: “Bunun əsas səbəbi ölkənin apardığı işğalçılıq siyasəti, eyni zamanda Rusiyanın vassalı olması ilə bağlıdır”
Ötən il 25 min 144 nəfər Ermənistan vətəndaşı Rusiya vətəndaşlığı alıb. Ermənistan mətbuatının yaydığı məlumata görə, bunu Rusiya Daxili İşlər Nazirliyindən bildiriblər. Məlumata görə, 2016-cı ildə isə 22 min 264 erməniyə Rusiya vətəndaşlığı verilib.
Göründüyü kimi, Ermənistandan əhalinin köçməsi prosesi səngimək bilmir. Erməni əhalisi əsasən Rusiyaya üz tutur. Bununla yanaşı, aparılan sorğulara görə, Ermənistandan olan miqrantların 72,1 faizi həmişəlik Rusiyada qalmaq istəyir, 11,9 faizi Rusiyada işləyib Ermənistan vətəndaşı kimi qalmağa üstünlük verir. Yalnız 3,3 faiz əmək miqrantı pul yığıb geri qayıtmağa çalışır. 1,4 faiz erməni əmək miqrantı isə Rusiyanı da tərk edib Qərb ölkələrinə yerləşməyi planlaşdırır.
Təkcə 2017-ci ilin birinci yarısında Rusiyada 507 min nəfər Ermənistan vətəndaşı əmək miqrantı kimi qeydə alınıb. İlin birinci yarısında onların Rusiyadan Ermənistana göndərdiyi vəsaitlər 408,6 milyon dollar təşkil edib. Bütövlükdə isə, Ermənistan vətəndaşları 2017-ci ilin birinci yarısında xaricdən 724,7 milyon dollar transfer alıblar. Ancaq Rusiyadan daxil olan vəsaitlər bir neçə il əvvəllə müqayisədə iki dəfəyə qədər azalıb. Məsələn, 2013-cü ildə Rusiyadan Ermənistana 1,8 milyard daxil olub. 2017-ci illə müqayisədə bu ən azı iki dəfə çoxdur. Bu məsələ Ermənistan rəsmilərinin açıqlamasında da yer alır. Bütün bunların nəticəsində Ermənistandan onsuz da yüksək olan köç bir qədər də sürətlənib. Ermənistan hakimiyyətinin etirafına görə, Robert Köçəryanın dövründə Ermənistan əhalisi 500 min nəfər, Serj Sarkisyanın dövründə isə 250 min nəfər azalıb, 100 kənd tamamilə ləğv olunub, 300 kənd isə tamamilə boşdur.
Bütövlükdə, Ermənistanda müşahidə olunan bu tendensiyanı ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, proseslər Ermənistan üçün yaxşı heç nə vəd etmir: “Bu tendensiya Ermənistanda demoqrafik vəziyyəti daha da pisləşdirəcək. İlbəil rəqəmlərin artması bu sahədə vəziyyətin yetərincə kritik olmasından xəbər verir. Məsələ ondadır ki, Ermənistanın regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi ölkədə iqtisadi böhranı dərinləşdirib. Çox güman ki, proses bundan sonra da davam edəcək. Faktiki olaraq Rusiyanın forpostuna çevrilən Ermənistan neçə illərdir xaricdən gələn ianələrin ümidinə qalıb. Ermənistanın Rusiyanın təşəbbüsü ilə yaradılan iqtisadi birliklərdə təmsil olunması ölkədə sosial vəziyyətin yaxşılaşmasına gətirib çıxarmayıb. O cümlədən, bu, ölkədən miqrasiyanın qarşısını ala bilməyib. Bu səbəbdən işğalçı ölkə iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. İllərdir davam edən dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini çətinləşdirdiyi üçün, ölkənin gələcəyi qeyri-müəyyən görünür. Bütün bunlar Sarkisyan hakimiyyəti ilə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyin artmasını şərtləndirib. Hakimiyyətdə olan hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların dərin etirazına səbəb olmaqla yanaşı, ölkədə yeni gərginliklərin yaranmasına rəvac verir. Təsadüfi deyil ki, hakimiyyətin yanlış siyasətinə etiraz əlaməti olaraq tez-tez ölkədə müxtəlif etiraz aksiyaları keçirilir. İqtisadi iflasın astanasında olan Ermənistanda əhalinin sayında azalma dayanmaq bilmir. Ermənistanın rəsmi dövlət orqanlarının açıqladığı rəqəmə görə, hər il 30 minədək erməni ailəsi ölkəni tərk edərək Avropaya və MDB məkanına üz tutublar. Ermənistanın beynəlxalq təcridinin və iqtisadi iflasının səbəbi ölkənin apardığı işğalçılıq siyasəti, eyni zamanda Rusiyanın vassalı olması ilə bağlıdır. Bu səbəbdən ölkədə demoqrafik vəziyyət daha da pisləşəcək”.
Vidadi ORDAHALLI