Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, bunun heç bir hüquqi, siyasi əsası yoxdur”
Fransa qondarma “erməni soyqırımı”nı “anma günü” kimi təqvimə salacaq. Sözügedən məsələ ilə bağlı yayılan məlumata görə, bu barədə Fransanın erməni təşkilatlarının əlaqələndirmə şurasının illik ziyafətinə qatılan Fransa Prezidenti Emmanuel Makron deyib.
Seçki kampaniyasında vəd etdiyi kimi, “erməni soyqırımı”nı “anma günü”nü milli təqvimə salacağını söyləyən Makron, erməni lobbisinin tələblərini də dinləyib. Makron ermənilərin Türkiyəyə qarşı milli azlıqlarla bağlı tələblərinə rədd cavabı verib və Rəcəb Tayyib Ərdoğanla danışıqlara üstünlük verdiyini deyib.
Erməni lobbisinin digər bir tələbi isə erməni siyasətçilərin müşayiəti ilə Makronun Dağlıq Qarabağa səfər etməsi olub. Makron onların bu tələbini də rədd edib. “Sizi bir daha məyus edəcəyəm, bunu da edə bilmərəm. Fransanın Azərbaycan və Ermənistan arasındakı vasitəçi rolunu itirərəm. Bu münaqişəni həll etdikdən sonra gəlmək istəyirəm” - deyə bildirib.
Fransanın ermənilərə münasibətdə sərgilədiyi tərəfkeşlik yeni deyil. Tarixən Fransa müəyyən geosiyasi maraqlardan çıxış edərək ermənilərdən türklərə qarşı bir alət kimi istifadə edib. Bu istər Birinci Dünya Müharibəsində, istərsə də ondan sonrakı dövrdə özünü göstərib. Yetmişinci illərdə Avropa dövlətlərində onlarla türk diplomatı erməni terrorçuları tərəfindən qətlə yetirildi. O zaman terrorçuların gərəkən cəza almasını əngəlləyən başlıca ölkələrdən biri də Fransa idi. Bu azmış kimi, Fransa sonrakı dövrlərdə qondarma “erməni soyqırımı”nı qanuna salmaqla bağlı bir sıra addımlar atdı. Qondarma “erməni soyqırımı”nı “anma günü” kimi təqvimə salmaq məqsədi də bütün bunların bir tərkib hissəsidir. Maraqlıdır, bəs siyasi ekspertlər buna necə yanaşırlar?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, rəsmi Paris bu addımı atarsa, Qarabağ nizamlanmasında Fransanın obyektivliyi şübhə altında qalar: “Fransa prezidenti Makronun erməni cəmiyyətində iştirakı və çıxışı qeyd edim ki, bu ölkədə güclü olan erməni lobbisi tərəfindən təşkil edilib. Erməni lobbisi Fransanın ictimai-siyasi sferasında müəyyən dərəcədə təsirə malikdir. İstəsək də, istəməsək də, bu bir reallıqdır və bunu danmaq olmaz. Buna baxmayaraq, sözügedən tədbirdə Makronun Qarabağa dəvət edilməsi, Prezident tərəfindən dəvətin qəbul edilməməsi Fransanın dövlət siyasətindən irəli gəlir. Təbii ki, Fransa Minsk Qrupunun həmsədr ölkəsidir və münaqişənin tənzimlənməsində rol oynayır. Qeyd edim ki, Parisin siyasi mövqeyi hazırda Ermənistanla üst-üstə düşür. Bu da münaqişənin həllinə mənfi təsir edir. Fransa Prezidentinin qondarma “erməni soyqırımı”nı” “anım günü”nə salması Parisin növbəti dəfə Ermənistana dəstəyinin nümayişidir. Həmçinin, bununla rəsmi Paris Türkiyəyə qarşı erməni iddialarına şərik çıxır. 21-ci yüzillikdə Fransanın bu siyasəti anlaşılmazdır. Azərbaycan və Türkiyə bununla bağlı Parisə etiraz etməlidirlər. Həmçinin, belə olan təqdirdə Qarabağ nizamlanmasında Fransanın obyektivliyi şübhə altında qalır. Hesab edirəm ki, bunun heç bir hüquqi, siyasi əsası yoxdur”.
Vidadi ORDAHALLI