Rusiya İtaliyanın ATƏT-dəki sədrlik proqramını konstruktiv və gələcəyə yönəlik hesab edir. “Trend”-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı və ATƏT-in hazırkı sədri Ancelino Alfano ilə görüşü zamanı deyib.
S.Lavrov italiyalı həmkarı ilə görüşlərin etimad çərçivəsində keçdiyini qeyd edib: “Biz İtaliyanın ATƏT-dəki sədrlik proqramını maraqla qarşıladıq, biz bu proqramı konstruktiv hesab edirik”. Alfano maraqlı açıqlamalar verib. O qeyd edib ki, Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində ATƏT müşahidəçilərinin sayının artırılması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirə bilər.
Alfano əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə tam dəstək göstərilir və ATƏT həlli uzanmış münaqişələrin nizamlanması üçün istənilən şəraitin yaradılmasına kömək etmək niyyətindədir.
ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisi, ya müşahidəçilər?
Lavrov: "Söhbət təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılmasından gedir"
"Burada söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsindən çox, təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılmasından gedir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Ancelino Alfano ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT müşahidə missiyasının genişləndirilməsi ilə bağlı deyib.
Onun sözlərinə görə, hələ 2010-cu ilin əvvəlində bu zonada etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı danışıqlar aparılıb: "2016-cı ilin aprelində təmas xəttində baş verən məlum insidentdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü təşkil olundu, həmin ilin iyununda Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Bu görüşlərdə inamın möhkəmləndirilməsi ilə bağlı konkret addımlar atılması razılığı əldə olundu. Bu razılığa əsasən, təmas xəttində ATƏT-in müşahidə missiyasına 6-7 nəfər əlavə olunmalı idi. İndiyə kimi bu işlər aparılıb. Ümid edirik ki, bu razılığın həyta keçirilməsini ATƏT operativ şəkildə edəcək".
S.Lavrov qeyd edib ki, təmas xəttində ATƏT müşahidə missiyasının sayının artırılmasının münaqişənin əbədiləşdiriməsinə və münaqişənin siyasi həll yolundan məhrum olunmasına bəhanə olacağı ilə bağlı fikirlər eşidir: "Yəqin bu mövqedən çıxış etmək lazımdır ki, bütün münaqişələrin - fərqi yoxdur, Qarabağda, ya da Donbasda olsun - təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və siyasi nizamlanma prosesi paralel aparılmalıdır. Ümid edirəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əldə etdikləri razılaşma həyata keçiriləcək".
Baki-xeber.com