Azər Həsrət: “Xarici zərərli mərkəzlərdən müəyyən məbləğdə maliyyə alıb öz dövlətinə qarşı çıxanların dəstəsi…”
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş ikinci binadan mənzil almış kütləvi informasiya vasitələrinin əməkdaşlarına bir neçə gün öncə açarlar təqdim olunub. Təqdimetmə mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə təbriklərini çatdıraraq, dövlət başçısının ölkəmizdə mətbuata və jurnalistlərə daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb.
O qeyd edib ki, son illər bəzi qərəzli jurnalistlər Azərbaycanda media siyasətinin “iflasa uğraması” barədə əsassız fikirlərlə çıxış edir və həmin şəxslər Avropanın müəyyən mərkəzləri tərəfindən ayrılan qrantlar aldıqlarından, onların maraqlarına xidmət edirlər. Bu günlərdə həmin jurnalistlərin TAP layihəsi əleyhinə Avropada təşkil edilən aksiyalarda iştirak etdiklərini deyən Əli Həsənov bütün bu əməllərə jurnalistlərimizin layiqli cavab verməli olduqlarını deyib.
Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına mənzillər tikilərək onların istifadəsinə verilir: "Dövlətimizin başçısı Davosdakı müzakirələrdə də Azərbaycanda internetin, mətbuat azadlığının, siyasi fəaliyyət azadlığının tam şəkildə təmin olunduğunu bəyan etdi. Bu gün Azərbaycanda yazılı mediaya da yüksək qayğı göstərilir. Çünki yazılı media hər bir ölkənin salnaməsini yaradır. Bu gün ölkəmizdə yazılı media Azərbaycan cəmiyyətinin müxtəlif sahələrdə zəngin irsinin qorunmasına xidmət edir. Məhz bu baxımdan Azərbaycanda da yazılı mediaya diqqət göstərilir".
Müsahibimiz də Azərbaycan mediasının iflasa uğraması ilə bağlı yayılan fikirlərin əsassız olduğunu dilə gətirdi. Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan mediası iflasa uğramayıb, əksinə, inkişaf dövrünü yaşayır: “Mən sizə deyim ki, Azərbaycanda iflasa uğrayan bir qrup şəxs var. Onların arasında siyasətçilər, media nümayəndələri də var. Ancaq onların iddia etdiyi kimi, Azərbaycan mediası iflasa uğramayıb. İflasa xarici zərərli mərkəzlərdən müəyyən məbləğdə maliyyə alıb öz dövlətinə qarşı çıxanların dəstəsi uğrayıb. Bu adamların özləri iflasa uğradıqları üçün elə bilirlər ki, Azərbaycan mediasının iflasa uğraması haqqında fikir səsləndirsələr, hər kəs onlara inanacaq. Heç kim onların dediyinə inanmır. Hər bir kəs Azərbaycan mediasının müstəqil olduğunu açıq şəkildə bilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan mediası nəinki iflas edə bilməz, əksinə, media çox sürətlə irəli gedir. Son illər Azərbaycan dövləti medianın ayaqda durması, onun inkişaf edə bilməsi üçün əlindən gələni edir. Maddi dəstəkdən tutmuş, qanunvericilik bazasının formalaşdırılması, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün yaradılan mühit ondan xəbər verir ki, ölkə mediası heç bir halda iflasa uğraya bilməz . Bəzi şəxslər Azərbaycan jurnalistikası haqqında xoşagəlməz fikirlər işlətməklə kimlərinsə fikrini çaşdırmaq istəyirlər. Ancaq onlar unudurlar ki, Azərbaycan xalqı onların dələduz olduqlarını və ölkənin inkişafına qara yaxdıqlarını bilir”.
A.Həsrət sonda onu da qeyd etdi ki, nə Azərbaycan xalqını, nə də dünya ictimaiyyətini aldatmaq mümkün deyil. Azərbaycan mediası göz önündədir: “Jurnalistikamıza böhtan atmaq istəyənlərin özləri əvvəlcədən iflasa uğramaqda davam edirlər”.
Günel CƏLİLOVA