Aqşin Əliyev: “Erməni baş nazirinin beynində cızdığı yeni enerji layihəsi utopiyadan başqa nəsə deyil”
Ermənistanın baş naziri Karen Karapetyan 2017-ci ilin yekunları 2018-ci ildə qarşıya qoyulan məqsədlərlə bağlı keçirdiyi müşavirədə ölkəsinin yeni enerji habının formalaşdırılmasında yaxşı şansının olduğunu bəyan edib.
Baş nazir bu istiqamətdə səylərin artırılmasının zəruriliyini deyib və bununla bağlı komandasına tapşırıq verib: “Bizim əməkdaşlıq etdiyimiz ölkələrlə yeni enerji layihəsini həyata keçirmək imkanımız var. Yetər ki, bir qədər buna səy göstərək. Axı biz çox maraqlı coğrafiyada qərar tutmuşuq. Qonşuluğumuzda İran, Gürcüstan və onların həmsərhəd olduğu İraq, Türkmənistan var. Bu ölkələrin bəziləri enerji ehtiyatları ilə zəngindir. Düşünürəm ki, 2020-ci ilə kimi bizim bu platformada 1 və ya 2 regional tərəfdaşımız olacaq. Biz öz partnyorlarımızın istəkləri, davranışları ətrafında ciddi müşahidələr aparmalıyıq ki, onları bu istiqamətə motivasiya edə bilək. Olduqca vacib məsələdir. Bu sferada deyilənlərə nail olsaq, bizi güclü iqtisadi sıçrayış gözləyir”.
Ermənistan baş nazirinin bu istəklərinin həyata keçməsi realdır, yoxsa xəyal?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, Ermənistanın düşdüyü real vəziyyət onun rəsmilərini nə gəldi vəd verməyə vadar edir: “Ölkə acınacaqlı iqtisadi durumdadır. Bilirsiniz ki, Ermənistanın ərazisi böyük deyil. Zəngin təbii ehtiyatları da yoxdur. Bununla yanaşı, ölkə rəhbərliyinin yürütdüyü işğalçı siyasət həmin ölkəni bütün regional layihələrdən təcrid edib. Müstəqilliklərinin ilk illərində diaspor ianələri çox idi. Onlar ümid edirdilər ki, Ermənistan bir az dəstəkdən sonra düşdüyü katostrofik vəziyyətdən çıxacaq. Ancaq Ermənistan rəhbərliyinin səriştəsiz və işğalçı siyasəti nəticəsində ölkə get-gedə daha da ağır fəlakətə yuvarlandı. Ermənistanın coğrafı mövqeyi ona imkan verirdi ki, regional layihələrdə tranzit ölkə kimi iştirak etsin. Bu ona kifayət edərdi ki, öz əhalisini normal saxlasın. Ancaq bu gün Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən heç bir layihədə onlar iştirak edə bilmir. Ermənistan bu xüsusda əsasən Türkmənistan və İran qazının özündən keçməklə Gürcüstan vasitəsilə dünya bazarına çıxarılmasına nail olmaq istəyir. Bunun üçün ilk növbədə ötürücü borular olmalıdır ki, onların da quraşdırılmasına xeyli vəsait və vaxt lazımdır. Hər halda, Ermənistanla İran arasında mövcud olan kiçik diametrli qaz borusu tranzit qaz ötürmələri üçün yararlı deyil, həm də İran və Gürcüstan ərazisində bunun üçün investisiya tutumu 10 milyard dolları ötəcək infrastruktur yaratmaq lazımdır. Bu layihə qazın Qara dənizdən sonra tankerlə daşınmasını nəzərdə tutur ki, bu da əlavə milyard dollarla sərmayə yatırımı deməkdir. Azərbaycanın təşəbbüsü ilə yaradılan “Cənub Qaz Dəhlizi”nə Türkmənistanın qoşulması üçün xərclər on dəfəyə qədər aşağı ola bilər. Türkmənistan yataqlarından qaz kiçik sahədaxili borular ilə “Şahdəniz”ə qədər ötürülə və buradan Avropaya nəql edilə bilər.
Ermənilərin bu total eyforiyasının əsassız olduğunu bir amil də ortaya çıxarır: türkmən qazını Avropaya Rusiyadan kənar yolla ixrac etmək istəyən ölkə Rusiyaya qarşı çıxmış kimi sayılır. Türkmənistanın hər il 100 milyard kubmetrə qədər qaz ixracı imkanı var, amma bunu gerçəkləşdirə bilmir. Çünki onun qazı əsasən “Qazprom” tərəfindən ixrac edilir. Bu rus şirkəti də Avropa bazarlarında əsasən öz qazını satır, türkmən qazı isə onun ixracının 20 faizini təşkil edir. Rusiya bu qazı Türkmənistandan aldığı qiymətdən xeyli baha satır və böyük gəlirlər əldə edir. Bu həm də Avropa qaz bazarında Rusiyanın aparıcı mənbə olmasını təmin edir. Yəni Rusiya müstəmləkəsi saydığı Ermənistanın və Türkmənistanın bu cür oyunlar qurmasına icazə verməz. Bu baxımdan da erməni baş nazirinin beynində cızdığı yeni enerji layihəsi utopiyadan başqa nəsə deyil”.
Məhəmmədəli QƏRİBLİ