Məlum olduğu kimi, ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar siyahısını Konqresə təqdim edib. “Kreml hesabatı” adlanan sanksiyalar Rusiya prezidentinin yaxın ətrafı, iri sahibkarlar və dövlət şirkətlərini əhatə edir. ABŞ maliyyə naziri Stiven Mnuçin bildirir ki, Rusiyaya qarşı yeni sanksiyalar yaxın gələcəkdə tətbiq ediləcək, Vaşinqton artıq onların üzərində işləyir: “Əlavə sanksiyalar tətbiq etmək üçün biz daha əvvəl elan edilmiş hesabat və kəşfiyyat məlumatlarından istifadə etmək niyyətindəyik və hazırda onların üzərində çalışırıq”.
Sanksiyalarda maraq doğuran məsələlərdən biri Rusiyanın hərbi sənaye kompleksi ilə bağlıdır. Belə görünür ki, bu sanksiyalar fonunda ABŞ həm də Rusiyanın silah ixracını məhdudlaşdırmağı düşünür. Yaranmış vəziyyətdə ən çox zərər görəcək tərəflərdən biri qismində isə Ermənistan çıxış edir. Çünki bu ölkə bütün sahələr üzrə Rusiyadan asılı vəziyyətdədir. Eləcə də hərbi sahədə Ermənistanın yeganə əsas təchizatçısı da məhz Rusiyadaır. Bu mənada gözlənir ki, Rusiya sanksiyalarından təsirlənən əsas tərəflərdən biri məhz Ermənistan olacaq. Sanksiyalar və bunun hərbi sənayeyə, xarici tərəfdaşlara mümkün təsiri barədə “Kommersant” qəzeti yazır: “ABŞ Dövlət Departamenti elan edib ki, Vaşinqton “Rusiyanın müdafiə və ya kəşfiyyat sektorundan olan təşkilatlarla aparılan əhəmiyyətli əməliyyatlara görə” xarici kompaniyalara və ya şəxslərə sanksiya tətbiq edə bilər. Bununla belə, hələlik konkret olaraq heç kimin adı çəkilməyib. ABŞ Dövlət Departamenti və Maliyyə nazirliyi Konqresə sanksiyaların təsiri haqqında “gizli hesabat” təqdim edib, lakin hələlik bu informasiyanı ictimailəşdirmək istəmirlər. Dövlət Departamentinin bəyanatında deyilir ki, “Dövlət Departamenti “ABŞ-ın rəqiblərinə sanksiyalar vasitəsilə əks-təsir etmək” haqqında qanunun (Countering America's Adversaries Through Sanctions Act – CAATSA) 231-ci bölməsinə uyğun olaraq, sanksiyaların tətbiqinə başlaya bilər”.
Dövlət Departamentinin nümayəndəsi Hizer Nauertin izahatından aydın olub ki, hələlik konkret olaraq heç kimi cəzalandırmayacaqlar. İdarədə hesab edirlər ki, elə ABŞ-ın sanksiyaları altına düşmək qorxusunun özü onsuz da xariciləri Rusiya ilə əməkdaşlıqdan çəkinməyə məcbur edəcək. Xanım Nauertin sözlərinə görə, iri hərbi sövdələşmələrlə bağlı müddətin adətən uzun olduğunu nəzərə alsaq, bu səylərin nəticələri yenicə aydın olmağa başlayır.
O əlavə edib ki, konkret müəssisələrə və ya fiziki şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi zəruri deyil, belə ki, qanun, faktiki olaraq, çəkindirici tədbir kimi təsir edir. Bu bəyanat, yəqin ki, CAATSA-nın qüvvəyə mindiyi birinci günün real əlavə sanksiyaların tətbiq edilməsi günü də olacağını fərz edən Amerika“quzğunlarını” dilxor edəcək. Dövlət Departamentinin nümayəndəsi həmçinin məlumat verib ki, bütün əhəmiyyətli əlavə informasiyalar onların “Konqresə göndərdiyi “gizli hesabat”dadır”.
Dövlət Departamentində izah edbilər ki, Rusiyanın müdafiə sektorunun müəssisələrinə tətbiq edilən sanksiyaların vəzifəsi – “Rusiya üzərinə öz hərəkətlərinə görə ağır yük qoymaqdır”. İdarə bildirir: “Biz digər dövlətləri Rusiya hərbi və kəşfiyyat texnikasını almaqdan çəkindirməklə, onu belə sövdələşmələrdən gələn gəlirlərdən, – hansı ki, öz ziyanverici təsirli və sabitsizləşdirici beynəlxalq kampaniyalarını davam etdirmək üçün istifadə edə bilərdi, – məhrum edirik. Rusiya bu sferada qanunvericiliyin qəbuluna gətirib çıxaran öz təhrikçi və sabitsizləşdirici hərəkətləri kontekstində Konqresə və indiki administrasiyaya doğru addım atmayanadək sanksiya proqramı qüvvədə qalacaq”. İndi gözlənir ki, yaranmış vəziyyətdə bir sıra dövlətlərin, xüsusən də Ermənistanın Rusiyadan silah alması çətinləşəcək. Xatırladaq ki, Amerikanın xarici siyasət şurasının analitiki Stiven Blank da qeyd edib ki, ABŞ-ın yeni sanksiyaları digər dövlətləri rus silahları almaqdan çəkindirə bilər. Onun sözlərinə görə, rus silahları alanlara dövlət səviyyəsində müəyyən istisnalar edilsə də, Rusiyadan böyük həcmdə silah alan Ermənistan surprizlərlə rastlaşa bilər. "Ümumiyyətlə, tamamilə bir hökümətə sanksiyalar tətbiq etmək mümkündür".
Qeyd edək ki, Azərbaycan da Rusiyadan silah alır. Amma Azərbaycanın silah aldığı digər mənbələr də var. Rusiyanın Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Tsıqanyuk da qeyd edir ki, Ermənistandan fərqli olaraq, Azərbaycanı təhlükə gözləmir. Onun sözlərinə görə, ABŞ Rusiya silahlarının Azərbaycana təchizatına göz yumur, çünki Vaşinqton Bakıya regionda özünün strateji tərəfdaşı kimi baxır. Ekspert hesab edir ki, ABŞ Azərbaycanın hərbi potensialının zəifləməsində maraqlı deyil: “Ermənistana münasibətdə isə, Rusiyanın müttəfiqi kimi, sanksiyaların tətbiqi tamamilə mümkündür. Amerikalılara bu regionda daim gərginlik lazımdır və hər şey edəcəklər ki, ölkələr arasında balans pozulmasın. Bir tərəfdən, ABŞ Rusiya silahlarının Azərbaycana satışı ilə bağlı susacaq, digər tərəfdən, bu yolla Ermənistanı cəzalandıracaq”.
NAHİD