İrəvan qalasını ucaldan, möhtəşəm abidələr yaradan xalqın kimliyi haqqında obyektiv təsəvvür əldə etmək üçün İrəvanın qədim tarixinə aid məlum faktları yığcam şəkildə nəzərdən keçirək.
Qaraqoyunluların və Ağqoyunluların hökmranlığı dövründə coğrafi mövqeyinə və yerli şəraitinə görə İrəvan Çuxur Səd vilayətinin inzibati mərkəzi olub. Şəhərə söykənən Cəfərabad kəndində olan bir türbə həmin dövrün yadigarıdır.
İrəvanda qala, yeni binalar tikmək, abadlıq işləri aparıb şəhəri möhkəmləndirmək haqqında Şah İsmayılın Rəvanqulu xana ciddi tapşırıqlar verməsindən söhbət açan Şahəziz bu qənaətə gəlib ki, İrəvan və Rəvanqulu adları arasında heç bir əlaqə yoxdur, çünki İrəvanın adı VII əsrdən bəllidir. Məhəmməd Xudabəndə (1578-1587) dövründə şəhər torpaqlarını suvarmaq üçün iri bir göl tikilib, yeni arxlar çəkilib. 1678-ci ildə tikilən, Sovet hakimiyyəti illərində bərpa olunan, indi S.Şaumyanın adını daşıyan bu gölə yerli əhali hələ də “Toxmaq” gölü deyir. “Toxmaq” o zaman İrəvan hökmdarı olan Mahmud xanın ləqəbidir. 1605-ci ildə Şah Abbas İrəvanı Osmanlılardan aldıqdan sonra Əmirqulu xanı buraya hökmdar təyin edib. Həmin dövrdə yaşayan tarixçi Zəkəriyyə yazır: Əmirqulu xan İrəvana sahib olan kimi quruculuq işlərinə başladı, şənlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-bağça saldı, arxlar çəkdirib şəhərin suyunu artırdı.
1679-cu il iyun ayının 4-də zəlzələ İrəvanı yerlə-yeksan etmişdi. İrəvanın yeni hökmdarı təyin olunan Zal xanı təbrik etmək üçün zəlzələdən bir qədər əvvəl buraya gələn Əylisli Zəkəriyyə həmin hadisəni belə qələmə alıb: Daşı daş üstə qalmadı, məscidlər, karvansaralar dağıldı, qala yerlə-yeksan oldu, körpülər yatdı, ölən qalandan çox oldu. Abbasqulu xanın kürəkəni Zal xan çapar göndərib bu sitəm haqqında dörd yana xəbər yaydı. Gəncədən 800 adam gəldi. Məhəmməd xan Naxçıvandan böyük bir dəstə gətirdi. Bərdədən, Zəyəmdən, Makudan, Təbrizdən, qonşu xanlıqlar və sultanlıqlardan o qədər adam gəlmişdi ki, qala ətrafında tərpənməyə yer yox idi. Azərbaycan vəziri Mirzə İbrahim iyul ayının 1-də Təbrizdən gəlib İrəvanda əyləşdi. Qala yenidən ucaldı, daha mönkəm oldu, arxlar çəkildi, körpülər salındı, məscidləri, karvansaraları yenidən tikdilər. Yerlə-yeksan olan şəhəri dirçəldənlər, viranəlik-xərabəlik üzərində daha möhkəm qala, daha görkəmli, daha gözəl imarətlər ucaltdılar. Şəhər dirçəldi, əhali bərpa olunan evlərə qayıtmağa başladı.
İrəvan haqqında söhbət açan səyyah və tədqiqatçıların əsərlərində göstərilən yer adlarına diqqət yetirək: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq və Börkçülər, Gedərçay, Qırxbulaq, Zəngi, Dərə Dəlmə, Dəmirbulaq, Dərəkənd, Məscid meydanı, Zal xan meydanı, Fəhlə meydanı, Böyük meydan, Şəhər meydanı, Göy məscid, Qala məscidi, Hacı bəyin məscidi, Zal xan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi, Qanlı təpə, Üçtəpə, Qızıl təpə...
Şübhəsiz ki, əcnəbi səyyah və tədqiqatçıların eynən işlətdikləri bu adların hər birinin öz tarixçəsi, başqa sözlə, tarixi informasiyası var.
Bu informasiyanın, bu bilginin öyrənilib ümumiləşdirilməsi və müasirləşdirilib mədəniyyət
fondumuza daxil edilməsinin vaxtı çoxdan çatıb. İrəvanın məhəllələri, bulaqları, çayları, bağları, dağ və təpələri indi də el arasında (bir qismi isə rəsmi sənədlərdə) öz adlarını qoruyub saxlayıb. Məsələn, İ.Şopenin verdiyi məlumata görə, XVIII əsrdə İrəvanın üç iri məhəlləsi olub: Şəhər, Təpəbaşı, Dəmirbulaq. Eyni adı yaşadan həmin məhəllələr indi də şəhərin iri məhəllələri sayılmaqdadır. XVIII əsr səyyahlarının təsvir etdikləri şilə (qırmızı parça) boyayanlar, sabun bişirənlər, göy rəngli parça boyayanların məhəllələri yenə əvvəlki kimi “Şiləçi”, “Sabunçu”, “Boyaqçı” adlarını daşıyır.
İrəvanda, həm də xanlığın bütün ərazisində fars, ərəb, erməni dili deyil, məhz Azərbaycan türkcəsinin üstün təsir gücünə malik olduğunu və geniş yayıldığını aşağıdakı faktlar da sübut edir. Matenadaran arxiv fondunda (Kilsə divani, səh.290, 319) saxlanan məktubu 1784-cü ildə kahin Qukas yazıb. Məktubda Gürcüstana – II İrakliyə, Bəyazidə İsak paşaya göndərilən toxumların siyahısı verilib, miqdar və qiyməti göstərilib. Qəribə görünsə də faktdır ki, milliyyətcə erməni olan kilsə xadimi toxumların, demək olar ki, hamısının adını azərbaycanca yazıb: “Buğda, qarpız, qara qarpız, yonca, xiyar, ispanaq, reyhan, badımcan, gül...”.
Hüseyn xanın (1807-1827) vaxtında İrəvan xanlığı 15 mahala bölünmüşdü: Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Dərəkənd, Saatlı, Sürməli, Talişə (Talin), Seyidli, Sərdarabad, Kərbibasar, Abaran, Dərəçiçək, Göyçə mahallarına.
Xanlığın ərazisi, sərhədləri haqqında söhbət açılan bütün əsərlərdə, hətta dərsliklərdə yer adları bu qaydada verilib: “Arpa çayından Qızıl kilsə kəndinədək...”, “Hacı Bayraməli kəndindən Qəbir dağadək...”, “Koroğlu dağından Arazboyu Naxçıvanadək, Şəruradək...”
Beləliklə, İrəvan şəhərdaxili tarixi adlara diqqət yetirək:
Məhəllə adları: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dabbaqlar, Sallaqlar, Dəyirmanlar, Qəriblər, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkçülər, Məscid dalı, Qəbiristan, Rüstəmxan.
Karvansaralar: Gürcü, Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Əfsar, Şeyxulislam.
Bulaqlar: Dəmirbulaq, Qırxbulaq, Dəlməbulaq, Sərdar.
Çaylar: Gedərçay, Zəngi, Məmur kanalı, Abihəyat çayı.
İrəvan qalasının ruslar tərəfindən alınmasından vəcdə gələn erməni aşığı Hovsepin təmiz azərbaycan türkcəsində yazmasını heç də təsadüfi hesab etmək olmaz:
Nikolay Pavloviçin taxtına, həm tacına qurban,
Hökmü hər padşahdan aldığı xəracına qurban,
Bir Nerses xəlifənin etdiyi illacına qurban...
İrəvanın qədim tarixinə dair məlumat çox azdır. Bunun səbəbi İrəvanın 4 iyun 1679-cu il zəlzələsində dağılmasıdır. İrəvanın dövrümüzədək gəlib çatan memarlıq və təsviri sənət nümunələri haqqında məlumatların çoxu zəlzələdən sonrakı illərə aiddir. Kərpicdən və daşdan böyük zövqlə bina edilən şəbəkəli, tağlı, dördkünc karvansaralar öz orijinallığı və üslub zənginliyi, bol-bol su çiləyən qəşəng fəvvarələri və ümumi memarlıq quruluşu ilə hamını valeh edib, şəhərin həm möhtəşəm, həm də ən gözəl tikililəri sayılıb.
Şəhərin o zamankı memarlıq simasına İrəvan qalası xüsusi rövnəq verib. Öz dövrünün yüksək memarlıq-bədii sənətkarlıq nümunələri olan qala, onun üfüqlərə dirəklənən 50-60 bürcü, qala içindəki saray, güzgülü salon, bəzəkli qoşa-qoşa məscidlər, iki-üç mərtəbəli binalar, yüksək zövqlə tikilən kişi və qadın hamamları, mərmər hovuz, bəzəkli “Təbriz qapısı”, ornament motivləri, gül-çiçək rəsmləri, portret təsvirləri səyyahların hamısını, eləcə də yazıçı A.S.Qriboyedovu, rəssamlar V.Moşkovu və Q.Qaqarini valeh edib.
Təkcə memarlıqda, təsviri sənətdə deyil, əkinçilikdə və maarifçilikdə də İrəvanda yaşayan azərbaycanlılar tanınıb və ad-san qazanıblar.
İrəvan Yaxın Şərqdə və Qafqazda mühüm şəhərlərdən biri olub. Burada məktəblər, mədrəsələr, sonralardan azərbaycanlılar üçün gimnaziya və seminariya fəaliyyət göstərib ki, onların tarixinin müəyyən məqamlarında dünya əhəmiyyətli alim və ixtiraçıların, maarif və mədəniyyət xadimlərinin yetişdirilməsində əzəli rolları danılmazdır.
İ.Şopen 1837-ci ildə “İrəvanda maarifin vəziyyəti haqqında” adlı məqaləsində İrəvan mədrəsəsi haqqında yazırdı: “Gənclər bədii ədəbiyyatla daha çox məşğul olurlar. Onlardan bir çoxu Rudəki, Firdövsi, Ənvəri, Nizami, Cami, Hafiz, Sədi və digər məşhur söz ustalarının əsərlərini əzbərdən bilirdilər...”
İrəvan xanları daim azərbaycanlılar olub. 1860-cı ildə bir yerdə şəkilləri çəkilən 11 İrəvan xanının hamısı azərbaycanlıdır. Bu faktın özü də təsdiq edir ki, orada dominant millət yalnız azərbaycanlılar olub.
İrəvan xanları həyata heç də biganə qalmayıblar. Qədim Şərq şəhərinin abadlığı üçün xeyli quruculuq işləri aparıblar. XX əsrin 40-50-ci illərinədək gəlib çatan 7 məscid, onlarla karvansara, hamam, bazarlar, şəhəri iki hissəyə bölən Gedərçay adlı çay üzərində salınan tağlı daş körpülər ötən əsrlərin yadigarlarıdır. Maarifçilərdən biri şəhərin möhtəşəm qalasını “min yaşlı, min başlı div” adlandırırdı.
Qədim şəhərin qəlbə yatımlı məhəllə adları olub: Şəhər məhəlləsi, Hacı Novruzəli məhəlləsi, Dəmirbulaq, Təpəbaşı, Dədə kəndi, Çolmənçi, Toxmaxgöl, Şiləçi və s.
Erməni akademik B.S.Ovanesyan yazır ki, XIX əsrin sonunda İrəvan şəhərində yaşayan əhalinin 75 faizi azərbaycanlı, 25 faizi isə erməni olub. O zaman İrəvan şəhərində ermənilərin iki kilsəsi, azərbaycanlıların 16 məscidi olub.
Qərbi Azərbaycanın azəri türkünün torpaqları olması, İrəvanın azəri türkünün şəhəri olması və orada həmişə, bütün zamanlarda azəri türklərinin yaşamasını yenə erməni mənbəyi təsdiq edir. Kahin Hovhannes Şahxatunyan “1400-cu ildən 1828-ci ilədək İrəvan xanlığını kimlər idarə ediblər” sualı ilə bağlı aşağıdakı siyahını tərtib edib.
1. Əmir Səd – XIV əsrin axırı – 1410;
2. Pir Hüseyn – Əmir Sədin oğlu – 1410-1420;
3. Pir Yaqub – Pir Hüseynin oğlu – 1420-1430;
4. Əbdül – Pir Hüseynin oğlu – 1430-1440;
5. Yaqub bəy – Cahan şahın əmri ilə – 1440-1460;
6. Həsən Əli Qaraqoyunlu – 1460-1471;
7. Uzun Həsən – 1471-1475;
8. Həsənbəy Bayandurun nəvəsi – 1475-1515;
9. Div Sultan Rumlı – 1515-1539;
10. Hüseynxan Sultan – 1539-1550;
11. Şahqulu Sultan Ustaclı – 1550-1575;
12. Lala paşa “Qara Mustafa” adlı Sultan Murad dövrü – 1575-1577;
13. Mahmudxan “Toxmaq” (Xudavənd şah dövrü) – 1577-1583;
14. Fərhad paşa (Sultan Murad dövrü) – 1583-1604;
15. Məhəmməd Şərif paşa – 1604-1605;
16. Əmirquna Xan Qacar (Şah Abbas dövrü) – 1605-1625;
17. Təhməzqulu (Əmirqunanın oğlu) – 1625-1635;
18. Murtuza paşa (Sultan Murad bəy dövrü) – 1635-1636;
19. Kəlbəli xan – 1636-1639;
20. Məmmədxan xan – (Çağata Götük) – 1639-1648;
21. Xosrov xan – 1648-1652;
22. Məhəmmədqulu xan – (Lala bəyin oğlu) – 1652-1656;
23. Nəcəfqulu xan – 1656-1663;
24. Abasqulu xan (Əmirqunanın oğlu) – 1663-1666;
25. Səfiqulu xan – 1666-1674;
26. Sarıxan bəy – İki il əvəz edir – 1674-1675;
27. Səfiqulu xan (Təbrizli Rüstəm xanın oğlu) – 1675-1679;
28. Zal xan – 1679-1688;
29. Murtuzaqulu xan – (Naxçıvanlı Məhəmmədrza xanın oğlu) – 1688-1691;
30. Məmmədqulu xan – 1691-1694;
31. Zöhrab xan – 1694;
32. Fərzəli xan – Əmirqunanın nəvəsi – Sultan Əhməd dövrü – 1694-1700;
33. Zöhrab xan – 1700-1705;
34. Əbdül Məhəmməd xan – 1705-1709;
35. Mehrəli xan – 1709-1719;
36. Allahqulu xan – 1719-1725;
37. Rəcəb paşa – 1725-1728;
38. İbrahim və Müstafa paşalar – 1728-1734;
39. Əli paşa – 1734;
40. Hacı Hüseyn paşa – Əli paşanın müavini – 1734-1735;
41. Məmmədqulu xan – 1735-1736;
42. Pirməhəmməd xan – 1736-1752;
43. Xəlil xan – 1752-1755;
44. Həsənəli xan Qacar – 1755-1762;
45. Hüseynəli xan (Həsənəli xanın qardaşı) – 1762-1783;
46. Qulaməli xan (Hüseynəli xanın oğlu) – 1783-1784;
47. Məhəmməd xan – 1784-1805;
48. Mehdiqulu xan – 1805-1806;
49. Məhəmməd xan Marağalı – 1806-1807;
50. Hüseyn xan Qacar qardaşı Həsən xanla – 1807-1827. (Erməni sovet ensiklopediyası III c., s.571.)
Yuxarıda göstərilən tarixi faktlardan aydın olur ki, İrəvan xanlığını 428 il boyunca idarə edən 50 nəfər hakimin hamısı azərbaycanlı olub.
İrəvan vilayətlərini idarə edən hakimlərin siyahısından göründüyü kimi, Azərbaycanın ayrılmaz hissəsi olan Qərbi Azərbaycan, hazırda “Ermənistan” deyilən torpağın aborigen əhalisi azəri türkləri olub.
Bu gün ermənilər İrəvan xanlığının torpaqlarını tam erməniləşdirib, orada bir nəfər də olsun azərbaycanlının qalmasına müsaidə etməyiblər. Bu münasibətlə R.Caparidze yazırdı: “Bu vaxtacan görmüşdük ki, adam adamın əşyalarını oğurlaya bilər, bütöv bir xalqın tarixini həyasızcasına oğurlayıb mənimsəmək isə təzə şeydir.”
Fazil QARAOĞLU Professor