Yeganə Hacıyeva: “Xeyrimizə olan bu cür sənədlərin qəbulu həm də həmin əsassız iddiaları arxa plana keçirmiş olur”
ABŞ-ın Nyu-Meksiko ştatının Nümayəndələr Palatası yanvarın 26-da Azərbaycan Xalq Cumhuriyyətinin yüzilliyi ilə əlaqədar qətnamə qəbul edib. Sənəd Nümayəndələr Palatasının plenar iclasında təqdim edildikdən sonra səsə qoyulub və yekdilliklə qəbul edilib. Azərbaycanın Nyu-Meksikodakı fəxri konsulu Art Makhaffi plenar iclasda iştirak edib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildiriblər ki, qətnamədə yüz il əvvəl Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də əvvəl qadınlara səsvermə hüququ verdiyi vurğulanır.
Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də ABŞ və BMT-nin Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir. Qətnamədə, həmçinin, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
Qətnamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir. Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.
Sənəddə, həmçinin, qeyd olunur ki, Los-Ancelesdəki Baş Konsulluğu və Nyu-Meksiko ştatının paytaxtı Santa Fedəki fəxri konsulu vasitəsilə təmsil olunan Azərbaycan Nyu-Meksiko ilə son illərdə güclü əlaqələr qurub.
Qətnamənin sonunda Nyu-Meksiko ştatının Nümayəndələr Palatası tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycana təbrik ünvanlanıb. Sənəddə Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir, sənədin ABŞ Prezidenti, Senat sədri və Nümayəndələr Palatasının spikeri, eləcə də Nyu-Meksikodan olan ABŞ konqresmenlərinə göndəriləcəyi bildirilir.
ABŞ-da qəbul edilən bu sənədin ölkəmiz üçün nə kimi əhəmiyyəti var?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, belə bir sənədin qəbulu, ilk növbədə, ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafına müsbət təsir göstərəcək: “Bilirsiniz ki, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı ölkəmizdə dövlət səviyyəsində qərar qəbul olunub. Bu bizim şanlı tariximizdir. Hesab edirəm ki, bu tarixin başqa ölkələrdə də keçirilməsi tariximizin həmin mərhələsini daha da əhəmiyyətli edir. Bilirsiniz ki, ABŞ dünyanın nəhəng dövlətlərindəndir. Həmin ölkə dünyada demokratiyanın yayılmasını öz prioritetlərindən sayır. Bizim tariximizə verilən dəyər həm də onlara sübut edir ki, Azərbaycan üçün demokratiya yad məfhum deyil. Biz həmin amallara ötən əsrin əvvəllərində sadiq və sahib olmuşuq. Birəsrlik tarix az müddət deyil. Qətnamədə müasir Azərbaycan dövlətinin həmin cumhuriyyətin varisi olduğu bildirilir. Sevindirici haldır ki, biz müstəqil olandan sonra ABŞ-la normal tərəfdaşlıq münasibətlərində olmuşuq. Bu gün də bizim dövlətlərimiz arasında qarşılıqlı etimad mühiti var. Qətnamədə müasir Azərbaycanın ABŞ-a göstərdiyi dəstəkdən də danışılır. Bu mətnin özü sübut edir ki, Azərbaycan cumhuriyyət ənənələrindən irəli gələn amilləri layiqincə davam etdirir. Yəqin ki, ABŞ-ın başqa ştatları da bu hadisədən örnək götürəcək. Biz istərdik ki. ABŞ-ın digər ştatlarında da belə tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edilsin. Çox təəssüflə deməliyəm ki, ABŞ-ın bəzi ştatlarında saxta “erməni soyqırımı” ilə bağlı qətnamələr də qəbul olunub. Təbii ki, burada erməni diasporunun rolu böyük olub. Bax, xeyrimizə olan bu cür sənədlərin qəbulu həm də həmin əsassız iddiaları arxa plana keçirmiş olur”.
Məhəmmədəli QƏRİBLİ