Elşən Mustafayev: “Moskvadan fərqli olaraq, Tehran əməliyyata daha neqativ reaksiya verdi”
Artıq 10 günə yaxındır Türkiyə Silahlı Qüvvələri Suriyada PKK və onun Suriya qanadı sayılan YPG-PYD-yə qarşı uğurlu hərbi əməliyyat həyata keçirir. Afrinin böyük bir qisminə nəzarəti ələ alan Türkiyə Silahlı Qüvvələri terrorçuları Suriyanın içərilərinı doğru sıxışdırır. PKK-YPG terrorçularının geri çəkilməsi və bir qisminin Afrinə yaxın məntəqələrə sığınması Türkiyəni hərbi əməliyyatları davam etdirmək məcburiyyətində qoyur.
Antiterror əməliyyatlarının davam etdiyi 10 günə yaxın müddət ərzində Türkiyə Silahlı Qüvvələri 400-ə yaxın terrorçunu zərərsizləşdirməyə müvəffəq olub. Həmçinin, terrorçulara aid xeyli silah-sursat zərərsizləşdirilib. Amma görünən odur ki, Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatı bəzi xarici gücləri, dövlətləri ciddi şəkildə narahat etməyə başlayıb. Türkiyənin Suriyada apardığı uğurlu hərbi əməliyyatdan narahat olan və Ankaranın atmış olduğu addımı yanlış hesab edən tərəflərdən biri də İran İslam Respublikasıdır. Maraqlıdır ki, İran İslam Respublikası nəinki Türkiyənin Suriyada PKK və onun Suriya qanadı olan YPG-yə qarşı apardığı antiterror əməliyyatından narahat olub, hətta Ankaradan qısa müddətdə Suriyanı tərk etməyi də tələb edib.
Türkiyənin Suriyada apardığı antiterror əməliyyatı İranı nə üçün ciddi şəkildə narahat edir?
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevin sözlərinə görə, İranın Türkiyəyə qarşı aqressivləşməsinin kökündə tamamilə başqa məqsədlər durur: “Bəllidir ki, Əsədə Suriyanı İran-Türkiyə-Rusiya triosu qaytardı. Onlar Suriyada gedən müharibədə birmənalı olaraq Bəşər Əsədin hakimiyyətdə qalmasını təmin etdilər. Ancaq sonrakı proseslərdə Türkiyə bir qədər gözüaçıq tərpəndi. Çünki sonrakı proseslərin inkişafı Türkiyə üçün təhdid yaradırdı. Əslində, Türkiyə Afrin əməliyyatına girişməklə özünü müdafiə edir. Necə deyərlər, “ən gözəl müdafiə hücumdur” takikasından yararlanır. Məlumdur ki, PKK-nın Suriyadakı qolu ABŞ-ın maraqlarına cavab verir. ABŞ-la bərabər Rusiya da PYD-YPG ilə çox yaxın əlaqələrə malikdir.
“Zeytun budağı” əməliyyatında məqsəd Hələb-Afrin yolunu da nəzarətə götürmək və ümumilikdə Afrində YPG-ni zərərsizləşdirərək kantonların birləşməsi ehtimalını ortadan qaldırmaqdır. Türkiyənin bu səyləri həm Rusiyanın, həm də İranın ürəyincə deyil. Hətta vəziyyət o həddə çatdı ki, Türkiyə rəsmi olaraq əvvəlki müttəfiqlərinə etiraz etdi. Ərdoğan Putinə telefon açaraq Əsədin Astana razılaşmalarına zidd olaraq İdlibə irəliləməsinin qarşısının alınmasını istəmişdi.
Moskvadan fərqli olaraq, Tehran əməliyyata daha neqativ reaksiya verdi. İran təbii ki, Suriyanın bölünməsini və orada kürd dövlətinin meydana çıxmasını istəmir, lakin eyni zamanda, iranlılar regional rəqib olan Türkiyənin Suriyada öz nüfuz sahəsini yaratmasının, ümumiyyətlə, masada Ankaranın əlini gücləndirəcək hər cür prosesin əleyhinədir. ABŞ da Türkiyənin geniş əl-qol açmasını istəmir. Ancaq İranla Türkiyə arasında yaranan bu narazılıq onun işinə tam yarayır. Onlar hesab edirlər ki, İranın təsirinin genişlənməsinə yol verməmək üçün Türkiyə ilə bir qədər loyal davranmaq lazımdır”.
Məhəmmədəli QƏRİBLİ