Elşən Həsənov: “Nəyə görə tərəflərdən qarşılıqlı, bərabər tutumlu kompromislər gözlənir?”
Fransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra jurnalistlərə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılması olduqca vacibdir.
Makron bildirib ki, Fransa Rusiya və ABŞ-la birlikdə Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır: "Mən Ermənistan prezidentini əmin etdim ki, Fransa bu münaqişədə özünün tərəfsiz vasitəçilik missiyasına sadiqdir. Biz Rusiya və Amerika ilə birlikdə bu münaqişənin həllinə kömək edə biləcək istənilən təşəbbüsü göstərməyə hazırıq".
Makron əlavə edib ki, bu, həmçinin, iki ölkə arasında qarşılıqlı güzəştlərin təzahürü olmalıdır: "Mən sülhün təbliğatının son dərəcə mürəkkəb olduğunu bilirəm və görüşlərin konkret nəticələr əldə etməsini istəyirəm".
Fransa prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünün, xarici işlər nazirlərinin Krakov danışıqlarının əhəmiyyətli olduğunu vurğulayıb. Makron bu görüşləri müsbət qiymətləndirib.
Göründüyü kimi, Fransa prezidenti bu dəfə də tərəflərin üzərinə bərabər məsuliyyət qoymağa çalışıb və tərəflərdən qarşılıqlı kompromislər gözlədiklərini bəyan edib. Bu yanaşmanı nə dərəcədə doğru saymaq olar?
Ekspert Elşən Həsənovun sözlərinə görə, bu, doğru yanaşma sayıla bilməz: “Xüsusilə də münaqişənin həllinə məsul olan həmsədr ölkələrdən birinin başçısının belə açıqlama verməsi maraqlı görünür. Bu bir daha sübut edir ki, həmin dairələr münaqişənin həllində ciddi səy ortaya qoymaq istəmirlər. Nəyə görə tərəflərdən qarşılıqlı, bərabər tutumlu kompromislər gözlənir? Bu nə dərəcədə doğru yanaşmadır? Vəziyyətdən çıxış yolu Ermənistanı beynəlxalq qanunlara, konvensiyalara, ölkələrin ərazi bütövlüyü tələbinə əməl etməyə çağırmaqdır. Biz onlardan heç güzəşt də istəmirik. Ermənistandan işğal etdiyi əraziləri təhvil verməyi tələb edirik. Siz təsəvvür edin ki, hətta məsələnin bu halında belə onlar bizdən kompromis tələb edirlər. Bu mümkünsüz olan bir məsələdir. Azərbaycan ən ali səviyyədə bəyan edib ki, Dağlıq Qarabağ məsələsində gedə biləcəyi ən böyük güzəşt həmin subyektə Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsidir. Azərbaycan buna müəyyən şərtlərə əməl olunacağı təqdirdə razı ola biləcəyini deyib. Ancaq maraqlıdır ki, Ermənistan rəhbərliyini bu təklif qane etməyib. Bu səbəbdən də həmsədr ölkələrin başçılarının tərəfləri yeni kompromislərə çağırması tamamilə absurd görünür. Belə mövqelərin olması bir daha sübut edir ki, münaqişənin həllində irəliləyiş gözləməyə dəyməz. Bir daha xatırladıram ki, kompromis sırası Ermənistanda olmalıdır və bu tələblər konkret ona ünvanlanmalıdır. Belə olmadığı təqdirdə, Makronun da bəyanatını növbəti sıradan bir fikir kimi dəyərləndirməliyik”.
Məhəmmədəli QƏRİBLİ