Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolu bu gün Qərb dünyasında da açıq etiraf olunur və təqdir edilir. Elə bunun nəticəsidir ki, Avropa enerji sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsini özü üçün prioritet məqamlar sırasına daxil edib. Bu vaxta qədər Avropa ölkələrinə daha çox neft satışı həyata keçirən Azərbaycan isə artıq yaxın tezlikdə təbii qaz satışı məsələsində də mühüm mövqe sahibinə çevriləcək.
Qeyd edək ki, bu məsələyə Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində çıxışı zamanı da xüsusi olaraq toxunub.
Dövlət başçısı diqqətə çatdırıb ki, enerji layihələrimiz bizim üçün və region üçün çox vacibdir: "Bizim təşəbbüs etdiyimiz enerji layihələri regionun enerji xəritəsini dəyişib. Gürcüstanın Supsa limanına kimi çəkdiyimiz Bakı-Supsa boru kəməri Xəzəri və Qara dənizi birləşdirdi. İkinci boru xətti Xəzəri və Aralıq dənizini birləşdirən Bakı-Tiflis-Ceyhan boru xətti oldu. Həmin yolla biz qaz boru xəttini də çəkdik. Buna görə də biz karbohidrogenlərin ixrac yollarını diversifikasiya etmişik və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyini təmin edirik. Azərbaycan Avropa İttifaqının bəzi ölkələri üçün artıq neft təminatçısıdır. "Cənub Qaz Dəhlizi" layihəsini bitirdikdən sonra Avropa ölkələri bizim təbii qazımıza da çıxış əldə edəcəklər”.
Bu arada qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə ilk qazın hasilatına dair görüləcək işlərin 98,8 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin isə 100 faizi yerinə yetirilib. “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, bütün işlər plan üzrə gedir. Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının cari ildə Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır. Amma sözügedən kəmərlər vasitəsilə təkcə Azərbaycan yox, digər ölkələrdən, xüsusən də Orta Asiyadan təbii qazın daşınması yenidən aktuallaşıb. Söhbət ilk növbədə “Transxəzər” qaz kəmərindən gedir. Birləşmiş Ştatların Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin baş ekspertlərindən Robert Kutler də bildirir ki, uzun illərdir gündəmdə olan “Transxəzər”in çəkilişi, nəhayət, reallaşa bilər. Ekspert xatırladır ki, 1990-cı illərin ortalarında iki ABŞ şirkəti – “Bechtel” və “General Electric” şirkətinin “GE Capital” filialı hasilatın pay bölgüsü üzrə müştərək müəssisə yaratmışdı. Bu müəssisə 1998-ci ildə Xəzərin dibi ilə keçməklə Türkmənistandan Azərbaycana gedəcək qaz kəmərini tikməliydi. Bu layihənin həyata keçirilməsi üçün bütün texniki imkanlar olduğu halda, ortalığa çıxan başqa amillər əngələ çevrilmişdi: “Nabucco” kəmər layihəsi üzrə partnyorlar ildə 10 milyard kubmetr türkmən qazını Avropa bazarına gətirmək niyyətində idilər, lakin Rusiya və İran ekoloji təhlükəsizlik məsələsini qaldırmaqla layihəni blokladı. Onlar iddia edirdilər ki, Xəzərin dibi ilə kəmər çəkilişinə 5 sahilyanı ölkənin hamısının razılığı olmalıdır. Halbuki, Rusiya Qazaxıstanla birlikdə belə bir razılıq olmadan da müxtəlif layihələr üzrə müştərək müəssisələrini yaradırdı. İndi bütün bunlar dəyişə bilər. Ötən ilin sonlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov elan edib ki, 5 sahilyanı dövlət Xəzərin hüquqi statusu barədə razılığa gəlib və bu barədə saziş bu yaxınlarda imzalanacaq. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə bildirib ki, sözügedən sazişdə Xəzərin dibi ilə kəmərlərin çəkilməsi də nəzərdə tutulub və sahil ölkələri bunu öz sektorlarına düşən hissədə ikitərfli qaydada edə bilər.
Avropanın Rusiyadan təbii qaz idxalının payı 2025-ci ilədək hazırkı 30 faizdən 35 faizə çatacaq. 2030-cu illərin ortalarında isə Avropanın bütün qaz istehlakının 40 faizinin Rusiyadan gələcəyi gözlənir. Beləliklə, Avropa İttifaqının Rusiya qazından asılılığı azalmaqdansa, artan xətt üzrə qalxa bilər. Məhz bu səbəbdən də indi Avropa İttifaqı “Transxəzər”in reallaşmasında son dərəcə maraqlıdır. Xəzərin statusu üzrə saziş “Transxəzər” layihəsini Türkmənistan və Azərbaycan arasında həll oluna biləcək məsələyə çevririr. Ötən yayın axırlarında Aşqabadda keçirilmiş sammitdə iki ölkə ilk dəfə olaraq enerjinin nəqli sahəsində əməkdaşlığa dair niyyət memorandumu imzalayıb. Avropa İttifaqı “Transxəzər”i özünün Ortaq Maraq Layihələri Siyahısına daxil edib. Bu isə layihənin Avropa bankları tərəfindən maliyyələşdirilməsini tamamilə real edir. Hadisələr belə sürətlə inkişaf etsə, “Transxəzər”in birinci xətti üzrə qaz Avropaya paylaşdırılmaq üçün İtaliyaya artıq 2020-ci ildə çata bilər. Birinci xətt üzrə iş artıq gedir. Bu xətt üzrə Azərbaycan qazı Türkiyəyə, oradan isə TANAP vasitəsilə Yunanıstana, daha sonra TAP vasitəsilə İtaliyaya çatdırılmalıdır. Türkmənistan bildirir ki, ildə 30-40 milyard kubment qaz ixrac etmək imkanındadır”. Bütün bunlar isə Azərbaycan üzərindən Avropaya daha çox qaz nəqlini təmin edəcək.
Tahir TAĞIYEV