Ramil Hüseynov: “Bu dövlət nəinki Azərbaycandan, qonşu Gürcüstandan da xeyli geri qalır”
“Ermənistanda orta və minimum əməkhaqqı, pensiyaların səviyyəsi Gürcüstan və Azərbaycandan daha yüksəkdir”. Bunu Ermənistan Mərkəzi Bankın rəhbəri Artur Cavadyan ölkə parlamentində deputat Artak Zeynalyanın sualını cavablandıran zaman bəyan edib. Erməni məmur bir az da irəli gedərək iddia edib ki, Ermənistanda adambaşına düşən ÜDM-in payı qonşu dövlətlərdən fərqlənmir.
Aydın məsələdir ki, Ermənistan rəsmisinin bu açıqlamaları reallığı əks etdirmir. Ermənistanın iqtisadi vəziyyəti çox pisdir. Neçə illərdir ölkə iqtisadi problemlərdən yaxa qurtara bilmir. Əksinə, hər keçən gün işğalçı ölkə yeni-yeni problemlərlə üzləşməli olur. Ermənistanda vətəndaş narazılığı get-gedə artır. Ermənistan vətəndaşları ağır durumları fonunda ölkədən qaçmağa çalışırlar. Faktiki olaraq, erməniləri Ermənistana bağlayacaq heç bir amil qalmayıb. Ona görə də imkanı olanlar ölkədən qaçmaqla canlarını qurtarırlar. Yerdə qalanlar da etiraz aksiyasına çıxırlar. Yəni etiraz aksiyası təşkil etməyi, sadəcə olaraq, çıxış yolu kimi görürlər. Bu da hakimiyyətlə xalq arasında etimadsızlığın həddən artıq yüksək olmasının göstəricisidir. Faktiki olaraq, Ermənistan dövləti indi daha ciddi böhranla üzbəüzdür. Təbii ki, xalqla hakimiyyət arasında etimadın qırılma nöqtəsinə gəlib çıxması həm də ondan xəbər verir ki, Ermənistanın iqtisadi vəziyyəti daha da pisləşəcək.
Bütün hallarda, Ermənistan Mərkəzi Bankı rəhbərinin əməkhaqqı və pensiyalarla bağlı səsləndirdiyi fikirlər nə dərəcədə həqiqətə uyğundur? Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Ermənistan rəsmisinin apardığı müqayisələr tamamilə yanlışdır: “Yanlış olduğu üçün də reallıqdan uzaqdır. Ermənistanda pensiya və əməkhaqlarının həcmi yüksək olsaydı, o zaman ölkədə iqtisadi vəziyyət açınacaqlı olmazdı. Hansı yüksək göstəricilərdən danışırlar ki, ilbəil ölkəni tərk edənlərin sayı artır?! Bir sıra kəndlər boşalaraq xarabazarlığa çevrilib. Artıq Ermənistanın çiçəklənəcəyilə bağlı kimin nə danışmasından asılı olmayaraq, heç kim bu cəfəngiyyata inanmır. Keçən əsrin 90-cı illərində Ermənistan hakimiyyəti erməniləri üstün durumda olduqları və ölkələrinin guya daha irəli gedəcəyilə aldadırdı. Ancaq zaman bütün bunların tamamilə əksini göstərdi. Ermənistan nəinki Azərbaycandan, qonşu Gürcüstandan da xeyli geri qalır. Hansısa təbii sərvəti olmayan Gürcüstanın iqtisadi uğurları göz qabağındadır. Cənubi Qafqazda ən az əhaliyə malik olan Ermənistanda sosial vəziyyət isə get-gedə pisləşir. Ermənistan dövləti hakimiyyətin yürütdüyü çirkin siyasətilə faktiki olaraq tənəzzülə uğrayıb. Ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətə düşməsinin başlıca səbəbi Ermənistanın yeritdiyi işğalçılıq siyasəti ilə bağlıdır. Ermənistan regionda həyata keçirilən bütün iqtisadi layihələrdən kənarda qalıb. Ermənistanın apardığı məlum siyasət ölkənin təcrid olunmasına xidmət edir. Bu da, öz növbəsində, ölkə əhalisinin sosial vəziyyətinin daha da pisləşməsinə öz təsirini göstərir”.
Vidadi ORDAHALLI