Yeganə Hacıyeva: “AŞPA-nın hədəfində daha çox Ermənistan olacaq”
Avropa Şurasının qış sessiyası öz işinə başlayıb. Sessiyada Ermənistan prezidenti Serj Sarkisyanın da çıxış edəcəyi gözlənir. Bu məlumat xeyli əvvəl olduğu üçün, Ermənistan saytları qış sessiyası ilə bağlı əvvəlcədən öz piarlarını, Azərbaycanın isə antipiarını aparmağa başladılar. Onların iddialarına görə, guya AŞPA-nın qış sessiyası Azərbaycan üçün katastrofik olacaqmış.
Əsasən iddia edirdilər ki, Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti tənqid olunacaq. Sessiyanın gedişində isə biz tamamilə fərqli mənzərənin şahidi oluruq. Belə ki, Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanda cəzaların humanistləşdirilməsinə dair atılan addımları müsbət qiymətləndirib. Bu barədə o, AŞ Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib. “Azərbaycanda həbsə salınmaqla bağlı cinayət hüququna dair tədbirlər hazırlanıb. Bu, müsbət addımdır”, - deyə baş katib vurğulayıb.
Qeyd edək ki, ötən il fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb. Artıq bir müddətdir sərəncamın icrasına başlanıb.
AŞPA-da baş verən hadisələr Ermənistanın növbəti yalan kampaniyasını ifşa etmiş oldumu?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, erməni təbliğatı bu yöndə qara piara start verəndə, o bunun perspektivinin olmadığını qeyd edib: “Çünki aralıq müddətdə Azərbaycandakı vəziyyət müsbətə doğru dəyişib. Erməni mediasının bu istiqamətdə yaratmağa cəhd etdiyi ajiotajın fövqündə duran məsələ Sarkisyanın sessiyada çıxış etmək perspektividir. Onlar bilirdilər ki, Sarkisyana həmin sessiyadakı çıxışından sonra çoxlu sayda sual ünvanlana bilər. Bu baxımdan da məsələni həmin aspektə kökləyirdilər ki, işğal faktından diqqəti yayındırsınlar. Müxtəlif ölkələrdən olan və erməni lobbisinə xidmət edən millət vəkilləri isə Sarkisyanın çıxışına münbit baza hazırlamaqla məşğul olurlar. Baş katibin məlum çıxışı və başqa hadisələr həmin səylərin effektiv olmadığını ortaya qoydu. AŞPA rəsmilərinin verdiyi pozitiv mesajlar yalan üzərində qurulan erməni təbliğatını bir daha ifşa etmiş oldu. Başqa bir məqam isə ondan ibarətdir ki, Azərbaycanın apardığı təbliğat üzə çıxarıb ki, Sarkisyan zamanında Dağlıq Qarabağda vuruşmuş bir terrorçu obrazında tanınır. Azərbaycan bu məqamı möhkəmlədə bilib. Ona hərbi cinayətkar kimi güclü təpkilər göstərilir. Erməni təbliğatı bu stereotipləri dağıtmağa çalışırmış. Əminəm ki, Azərbaycan nümayəndə heyətinin üzvləri də Sarkisyana verəcəkləri suallarla onu daha da ifşa edəcəklər. Altını cızaraq deyirəm ki, Sarkisyanın edəcəyi çıxış onun özünün antikampaniyasına yönələcək. Bir sözlə, Ermənistanın başı özünə qarışacaq. Artıq Azərbaycanla bağlı məqam tam aydınlaşdı. Kataloniya referendumundan sonra Avropa qurumları separatçılarla bağlı sərt mövqe sərgiləyirlər. Ona görə də AŞPA-nın hədəfində daha çox Ermənistan olacaq, nəinki Azərbaycan”.
Məhəmmədəli QƏRİBLİ