Elşən Manafov: “Azərbaycan Dövlət Departamentindən məsələyə aydınlıq gətirilməsini tələb etməlidir”
ABŞ qondarma “Dağlıq Qarabağ Respublikası”nda yaşayan ermənilərə elə bu separatçı rejimin sənədləri əsasında viza verir. Bunu ABŞ-ın Rusiyadakı Səfirliyində işləmiş diplomat açıqlayıb. Halbuki, rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Üstəlik, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan bu ölkənin belə davranışı həm vasitəçiliyə, həm də beynəlxalq hüquqa ziddir.
2010-2017-ci illərdə Amerikanın Rusiyadakı Səfirliyində çalışmış gürcü diplomat Georgi Kbiltetslaşvilinin açıqlamaları Amerikanın Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlarla yanaşmasını növbəti dəfə ifşa edib. Belə ki, diplomat bildirib ki, ABŞ-ın region ölkələrindəki səfirlikləri qondarma “Dağlıq Qarabağ Respublikası”nın sakinlərinə elə separatçı rejimin sənədləri əsasında viza verib, onların Birləşmiş Ştatlara gedişini təmin edib. Özü də belə hallar nəinki ABŞ-ın İrəvandakı Səfirliyində, eyni zamanda Rusiya və Gürcüstandakı səfirliklərində də dəfələrlə baş verib. Gürcü diplomatın bu fikirləri hər şeyi çılpaqlığı ilə ifadə edir.
“İmmiqrasiya vizaları şöbəsində işlədiyim 7 il ərzində mən konsul zabitlərinin maneəsiz şəkildə Abxaziya və Cənubi Osetiyanın separatçı hökumətləri tərəfindən verilmiş sənədlərin maneəsiz şəkildə və leqal sənədlər kimi tanınmasına dair olduqca çoxlu sayda faktın şahidi oldum. Belə çıxır ki, ABŞ Dövlət Departamenti Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanı bölgənin separatçı hakimiyyətlərini tanıyır”.
Yəni, əslində, Vaşinqton separatçı rejimi tanımadığını elan etsə də, onun verdiyi sənədləri leqallaşdırır. Bunun başqa adı yoxdur. ABŞ-ın bu addımını necə qiymətləndirmək olar?
Politoloq Elşən Manafovun sözlərinə görə, deyilən faktlar bir daha sübut edir ki, ABŞ-ın İrəvan və Moskvadakı səfirlikləri Vyana Konvensiyasına zidd hərəkətlərini davam etdirirlər: “ABŞ-ın xarici ölkələrdəki səfirlikləri Dövlət Departamentinin razılığı olmadan 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasına zidd addımlar ata bilməzlər. ABŞ-ın Ermənistan və Rusiyadakı səfirlikləri sözügedən addımı atıblarsa, bu diplomatik korpusun fəaliyyəti 1961-ci ilin Vyana Konvensiyasının məlum müddəalarının kobud şəkildə pozulması deməkdir və beynəlxalq hüquq normaları çərçivəsində qanunvericiliyə zidd hərəkətdir.
Səfirliklər, bütün hallarda. öz fəaliyyətlərini ABŞ Dövlət Departamenti ilə uzlaşdırmalıdırlar. Heç şübhəsiz, ABŞ-ın Ermənistan və Rusiyadakı səfirliklərinin, mətbuatın yazdığı kimi, sözügedən fəaliyyəti Dövlət Departamentinə əvvəlcədən bəllidir. Yəqin ki, onlara bu məsələ əvvəlcədən bəlli olub və razılaşdırılıb. Gerçəkdən Dövlət Departamenti məsələni razılaşdırıbsa, Azərbaycan Xarici İşlər Nazirliyi, ən azından, ABŞ-ın Bakıdakı Səfirliyinə nota verməlidir. Həmçinin, Rusiyaya münasibətdə də analoji addımı atmaq lazımdır.
Çünki həmin addım baş veribsə, bu, diplomatik korpusların fəaliyyətinin tənzimlənməsilə bağlı 1961-ci ilin Vyana Konvensiyasının məlum müddəalarına ziddir. Səfirliklər heç bir halda Dövlət Departamenti və yaxud xarici işlər nazirliklərilə uzlaşdırmadan belə bir addıma gedə bilməz.
Həmin vəziyyət onu göstərir ki, ABŞ-ın hazırkı administrasiyası beynəlxalq birliyi çaşqınlıq içərisində saxlamaqda davam edir. Qüdslə bağlı ABŞ-ın mövqeyinə BMT-də 128 dövlətin “yox” deməsi göstərdi ki, artıq dünya birqütblü dünya deyil. Sözügedən məsələ həqiqətən baş veribsə, Azərbaycan dövləti dərhal operativ və beynəlxalq hüquq normaları kontekstində reaksiya verməklə, Dövlət Departamentindən məsələyə aydınlıq gətirilməsini tələb etməlidir. Həmin səfirliklər addımı Dövlət Departamentindən xəbərsiz atıblarsa, dərhal həmin səfirlər geri çağırılmalıdırlar. Həmçinin, Azərbaycana dost dövlətlər də məsələni diqqətdən kənar qoymamalıdırlar”.
Məhəmmədəli QƏRİBLİ