Rufiz Qonaqov: “Dünyanın aparıcı şirkətləri, qlobal iqtisadiyyatın trendlərini müəyyən edənlər fərdi qaydada Azərbaycan iqtisadiyyatının vəziyyətini öyrənirlər”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib. Prezident “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə görüşüb. Görüşdə Azərbaycanın bir çox dövlət qurumları ilə "CISCO” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu qeyd edilib. Bu şirkətin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında iştirak etməsinin əhəmiyyəti vurğulanıb.
Prezident İlham Əliyevin "Mastercard” şirkətinin idarə heyətinin üzvü Tim Mörfi ilə də görüşü olub. Tim Mörfi son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu islahatlar nəticəsində elektron ticarətin və elektron ödənişlərin inkişafı ilə bağlı tədbirlərdə "Mastercard” şirkətinin də iştirak etdiyini və müxtəlif layihələr reallaşdırdığını məmnunluqla bildirib. Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında "Mastercard”dan geniş istifadə edildiyini deyən Tim Mörfi Mərkəzi Bankla, həmçinin, digər bank və ödəniş sistemləri ilə əməkdaşlığın uğurlu olduğunu vurğulayıb. Sonra İlham Əliyev “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houtenlə görüşüb. Frans van Houten Azərbaycandakı fəaliyyətləri barədə danışaraq ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.O, işıqlandırma sistemləri və tibb avadanlıqlarının istehsalı üzrə Azərbaycanda bir sıra layihələr həyata keçirdiklərini məmnunluqla vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanla “Royal Phillips” şirkəti arasında əməkdaşlığın razılıq doğurduğunu qeyd edib. Söhbət zamanı küçə işıqlandırılması ilə bağlı enerjiyə qənaət üzrə yeni texnologiyaların tətbiqinə dair əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin, həmçinin, dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə də görüşü olub. Hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan “Black Rock” şirkəti 6,3 milyard ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkətidir. Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini deyən Lourens Fink ümidvar olduğunu bildirib ki, yaxın illərdə Azərbaycan Respublikası “Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını məmnunluqla bildirib. Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə “Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirib. O, Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən “Cənub Qaz Dəhlizi”, Bakı-Tiflis-Qars dəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən danışıb, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bildirib.
Göründüyü kimi, Prezident İlham Əliyevin dünyanın nəhəng biznes qurumlarının rəhbərləri və təmsilçilərilə məhsuldar görüşləri olub. Bu görüşlərin ölkəmizin iqtisadiyyatının inkişafına nə kimi müsbət təsiri olacaq?
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov qəzetimizə bildirdi ki, Prezident İlham Əliyevin forumda iştirak etməsi Azərbaycana bir sıra üstünlüklər qazandırır: “Azərbaycan Prezidenti Davos Forumunda 10 dəfədən çox iştirak edib. Prezident İlham Əliyev Davos Forumunda ən fəal iştirak edən prezidentlərdən biridir. Bu da Azərbaycan üçün bir sıra dividendlər gətirir. Prezident hər il Davosda 30-a yaxın görüş keçirir. 1995-ci ildən başlayaraq Azərbaycan Ümumdünya İqtisadi Forumunda ölkə rəhbəri səviyyəsində təmsil olunur. Davos Forumu Azərbaycan üçün ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünyaya çatdırmaq, ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq baxımından çox əhəmiyyətlidir. Dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkəmizin iqtisadiyyatına investisiya etimadının daha da artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək vacibdir. Azərbaycan Prezidenti Davos Forumunun imkanlarından görüşləri, çıxışları ilə uğurlu şəkildə faydalanır. Dünyada iqtisadi inkişaf tempinin zəiflədiyi, qeyri-müəyyənliklərin artdığı bir zamanda Azərbaycanın 2017-ci il üzrə iqtisadi prioritetlərini aydın şəkildə açıqlaması forumda ölkəmizə olan marağı daha da artırır. Dünyanın aparıcı şirkətləri, qlobal iqtisadiyyatın trendlərini müəyyən edənlər fərdi qaydada Azərbaycan iqtisadiyyatının vəziyyətini öyrənirlər. Ölkəmizə investorların cəlb edilməsi, ölkəmizin iqtisadi potensialının təbliğ olunması baxımından forum olduqca əhəmiyyətlidir”.
Məhəmmədəli QƏRİBLİ