Azərbaycanın davamlı olaraq ordusunu gücləndirməsi, müxtəlif təyinatlı hərbi texnika alışını davam etdirməsi Ermənistanda getdikcə daha böyük qorxu, təşviş yaratmaqdadır. Düşmən ölkədə açıq etiraf olunur ki, Azərbaycanın atdığı addımlar güc balansını daha böyük sürətlə Bakının lehinə dəyişir, Ermənistanı isə tam çıxılmaz vəziyyətə salır. İrəvanın üzləşdiyi sosial-iqtisadi problemlərin dərinləşməsi fonunda Ermənistanın hərb müstəvisində Azərbaycanla ayaqlaşması, ümumiyyətlə, mümkün olmayan hal sayılır.
Yaranmış durumda Dağlıq Qarabağ məsələsinin hərbi müstəvidə çözülməsi, aydındır ki, Ermənistanın qısa zaman kəsiyində sarsıdıcı zərbələr alması, zəbt olunmuş ərazilərdən kənara atılması ilə nəticələnəcək. Elə bu səbəbdən Dağlıq Qarabağda mümkün yeni müharibə Ermənistanda istər cəmiyyətin, istərsə də ölkə rəhbərlyinin ən böyük kabusuna çevrilib. ölkəmizin bu günlərdə Rusiyadan aldığı yeni hərbi texnika fonunda isə düşmən ölkənin qorxusunun daha da artması özünü qabarıq şəkildə büruzə verir. Ümumiyyətlə, Azərbaycana Rusiyadan güclü silah sistemləri və döyüş sursatı daşınması barədə xəbərlər erməni tərəfində həyəcan və təşvişlə izlənir. Xatırladaq ki, Azərbaycanla Rusiya arasında hökumətlərarası razılaşmaya əsasən, şimal qonşumuzun istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlığın ölkəmizə tədarükü plana uyğun davam edir. Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatlarının kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcəyi də gələn məlumatlar arasındadır. O da bildirilir ki, böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprelində döyüş əməliyyatları zamanı uğurla tətbiq olunub. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv olunması bu texnikanın yüksək effektivliyini nümayiş etdirib. Yayılan videolardan o da aydın görünür ki, alınan yeni hərbi texnikanın içində xeyli sayda zirehli transportyor mövcuddur. Aydındır ki, bütün bunları erməni tərəfi də izləyir və yuxarıda qeyd olunduğu kimi, Azərbaycanın Rusiyadan aldığı yeni silahlar Ermənistanda ciddi narahatlığa səbəb olub. Xüsusən də Ermənistan mediası ağır texnikanın cəbhəyə göndərilməsinin Dağlıq Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələri üçün təhlükəli nəticələrə səbəb olacağını daha çox qabardır. Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Rusiya reallıqda müttəfiqi Ermənistana qarşı çıxır: “Azərbaycana silah satışında heç bir maneə yaranmayıb, əksinə, Moskva və Bakı uğurla əməkdaşlıq edir. Bu isə Azərbaycan Ordusunun ciddi şəkildə güclənməsi və rəsmi Bakının “əraziləri hərbi yolla azad etmək” variantına hər keçən gün yaxınlaşmasına zəmin yaradır. “Aprel müharibəsi”ndə Rusiya Ermənistanı dəstəkləmədi və dəqiqliklə deyə bilərik ki, hər hansı yeni müharibədə də belə olacaq”. S.Artsruni Ermənistan hakimiyyətinin susqunluğunu tənqid edib: “İrəvanda Rusiyaya etiraz etmək resursuna malik deyillər. Faktiki olaraq, ölkə rəhbərliyində oturanlar qorxaq siyasət aparır. Bakı isə ərazilərin azad olunmasına hər keçən gün daha da yaxınlaşır”.
Ermənistanın qorxusuna yol açan daha bir məqam Azərbaycanın özünün də hərbi təyinatlı texnikanın daxili istehsalını artırmasıdır. Elə Sarkis Artsruni də vurğulayır ki, Azərbaycan təkcə xaricdən silah almır, eyni zamanda daxildə hərbi təyinatlı məhsulların istehsalını genişləndirir. Bu da Azərbaycan ordusunun maddi-texniki təminatının Ermənistanla müqayisədə daha yüksək hala gəlməsini təmin edir. Azərbaycan silahlı qüvvələrinin ən müasir silah və hərbi texnika ilə təchizatının gücləndirilmiş templə davam etdirilmsəi isə Qarabağ məsələsində ölkəmizin mövqelərinin daha güclü hala gəlməsini də şərtləndirir. Bu arada Ukraynanın “Ekonomiçeskie izvestiya” nəşrinin məlumatı Ermənistanda qeyd olunan xüsusda yaranan qorxunu daha da artırıb. Nəşr bildirir ki, ötən ilin sonunda Ukraynanın “Luç” Konstruktor Bürosu Azərbaycana Belarusla birgə işlənib hazırlanmış 50 vahid “Skif” tank əleyhinə daşınan raket kompleksini çatdırıb. Raket kompleksləri RK-2S tandem-kumulyativ başlıqlı və RK-20F qəlpəli-fuqas başlıqlı raketlərlə təchiz olunub.
Məlumat üçün bildirək ki, “Skif” tank əleyhinə daşınan raket kompleksi “Luç” Konstruktor Bürosu ilə Belarusun “Pelenq” şirkətinin birgə işləyib hazırladığı silahdır. Ukrayna tərəfi kompleksin təchiz olunduğu raketin işlənib hazırlanmasına cavabdeh olub. Belarus isə kompleksi “PH-S” tuşlama-idarəetmə cihazı ilə təchiz edib. Nəşr bildirir ki, bu silahların Azərbaycana satılması ilk dəfə üzə çıxır: “Necə olsa da Dağlıq Qarabağ ətrafında qarşıdurma bu gün də davam edir və belə bir vaxtda tank əleyhinə raket kompleksinin bir az da çox olması heç kimə artıqlıq eləmir”. Bildirilir ki, raketlərin hərəsi Azərbaycana 48 min dollara başa gəlib.
Qeyd edək ki, “Skif” komplekslərində əsas söz sahibi Belarusun “Pelenq” şirkətidir. Çünki bu şirkətin işləyib hazırladığı nişangah-idarəetmə sistemi kompleksin əsas özəlliyini təşkil edir. Azərbaycanın isə Belarusla hərbi-sənaye sahəsində kifayət qədər dərin, uğurlu tərəfdaşlıq münasibətləri var. “Skif” komplekslərinin “Stuqna-P” adlanan variantı Ukrayna silahlı qüvvələrinin silahlanmasına qəbul olunub. Lakin bu variant Belarusun istehal etdiyi idarəetmə-nişangah sistemi ilə deyil, Ukraynanın özünün işləyib hazırladığı nişangah sistemləri ilə təchiz olunub. Halbuki, “Skif” tank əleyhinə raket kompleksində “Pelenq” şirkətinin işləyib hazırladığı cihaz sayəsində raketin hədəfə lazer şüası ilə yarımavtomatik rejimdə yönləndirilməsi metodu tətbiq edilib. Hədəfin aşkarlanması və raketin hədəfə tuşlanması Belarus müəssəsisinin istehsalı olan nişangah-idarəetmə sistemi vasitəsilə həyata keçirilir. Bu sistem imkan verir ki, mürəkkəb hava şərtlərində də hədəf aşkarlansın və vurulsun. “Skif” kompleksinin özəlliyi bundan ibarətdir ki, bu silah hədəfə qapalı mövqelərdən və möhkəmləndirilmiş döyüş postlarından zərbə endirə bilir. Digər fərqli cəhəti isə raketin özünün uçuş trayektoriyasıdır: startdan sonra raket hədəfə görmə xəttinin 10 metrə yaxın üstündə uçur və ancaq uçuşun sonunda hədəfin səviyyəsinə enir. Bu zaman lazer şüası raketin quyruq hissəsini işıqlandırır və ancaq zərbədən əvvəlki saniyədə hədəfə yönəlir. Bu da imkan verir ki, raketin mühərrikindən çıxan tüstü operatora mane olmasın və hədəf raketin buraxıldığını görüb manevr etməyə çalışsa da onun yayınmaq şansı qalmasın. Kompleksin digər mühüm özəlliyi bundan ibarətdir ki, o, məsafədən idarəetmə pultu ilə təchiz edilib. Bu pult operatora kompleksi 50 metr məsafədən, yəni təhlükəsiz mövqedən idarə etmə, hədəfi aşkarlama və zərbə endirmə imkanı verir. Çünki döyüş meydanında tank əleyhinə raket kompleksinin tətbiqi mütləq iz buraxır və düşmənə bu kompleksin yerini qısa zamanda müəyyən etməyə imkan verir. Məsafədən idarəetmə pultu isə “Skif” kompleksinin operatoruna düşmənin cavab zərbəsindən yayınma imkanı yaradır.“Skif” hədəfi 7 min metrdən aşkarlaya, 100 metrdən 5500 metrə qədər məsafədə ona zərbə endirə bilir. Raket tankın dinamik müdafiə sistemini dəlib keçir və içəridə partlayır. Başqa sözlə, tank və digər zirehli texnika üçün praktik olaraq şans buraxmır. Kompleks termobarik başlıqlı raketlərlə də təchiz oluna bilir ki, bu da düşmənin möhkəmləndirilmiş döyüş mövqeyini də məhv etməyə imkan verir.
Aydındır ki, bütün bunlar Azərbaycanın düşmən üzərində mövqelərini daha da gücləndirir. Bu vaxta qədər də ordumuz tank əleyhinə bir çox müasir silah-sursatın alışını həyata keçirib. Bu sıraya İsrail istehsalı olan və həm daşınan, həm də “Sandcat” zirehli maşınlarının üstündə quraşdırılmış “Spike” raketləri, döyüş vertolyotlarında quraşdırılmış LAHAT tank əleyhinə raketləri də daxildir. Digər tərəfdən, Azərbaycan ordusunun hücum vertolyotları çoxdan İsrail istehsalı olan yüksək dəqiqlikli tank əleyhinə digər raketlərlə təchiz olunub. Ötən il Rusiyadan iri partiyada alınan, BMP zirehli döyüş maşınları üzərində yerləşdirilmiş “Xrizantema-S” kompleksləri də erməni tərəfinin qorxulu röyası sayılır. “Tank qatilləri” adlanan “Xrizantema-S” döyüş mövqeyini cəmi 20 saniyədə alır. Bunun üçün maşının dayanması və daim döyüşə hazır olan iki “Xrizantema” raketinin hədəfə buraxılması kifayətdir. Üstəlik, iki raket eyni vaxtda buraxıla və müxtəlif məsafələrdən iki müxtəlif hədəfi vura bilər. Bu da kompleksi populyarlaşdıran daha bir özəlliyidir.
Digər tərəfdən, “Xrizantema-S” kompleksi hədəfi operatorun onu görüb-görməməsindən asılı olaraq məhv edə bilər. Özü də istənilən hava şəraitində, qatı dumana, qaranlığa baxmayaraq. Kompleks buna unikal radiolokasiya sistemi sayəsində nail olur. Radiolokasiya sistemi hədəfi aşkar edir və avtomatik rejimdə raketə komanda verir, bu zaman hədəf yüz faiz məhv olunmuş hesab edilə bilər. Bildirilir ki, dünyada başqa heç bir bu cür texnika nümunəsi analoji sistemə malik deyil. İndi bu arsenalın Belarus-Ukrayna birgə istehsalı olan “Skif” kompleksləri ilə genişləndirilməsi belə möhkəm qənaətə gəlməyə əsas verir ki, Qarabağda mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı Ermənista ordusunun müasir müdafiə sistemləri ilə təchiz olunmamış köhnə tank və digər zirehli maşınlarının praktiki olraq heç bir şansı qalmayacaq. Əslində, bu reallığı 2016-cı ilin aprel ayında düşmən tərəf praktiki olaraq görmüşdü. Bununla yanaşı, qeyd edək ki, Azərbaycanın özünün tank parkı da, Ermənistandan fərqli olaraq, yeni döyüş maşınları, o cümlədən T-90S tankları ilə təchiz edilib. Bunların qarşısında durmaq üçün isə Ermənistanın nə müvafiq hərbi texnikası, nə də canıl qüvvəsi var.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.