Məhəmməd Əsədullazadə: “Aprel ayından sonra müəyyən qədər dolaşıq vəziyyət davam edəcək”
Məlum olduğu kimi, yeni Ermənistan Konstitusiyasına əsasən, keçirilməsi gözlənən prezident seçkilərindən sonra ölkənin yarımprezident idarəetmə üsulu əvəzinə parlament idarəetmə sisteminə keçəcəyi nəzərdə tutulur. Eyni zamanda, yeni Konstitusiyanın bir sıra müddəaları 2018-ci il aprel ayından sonra, Serj Sarkisyanın son prezidentlik müddəti başa çatdıqda tətbiq edilməyə başlayacaq. Yeni Konstitusiyaya görə, prezident dövlət başçısı hesab edilir, lakin 101 üzvdən ibarət parlament ölkənin əsas hakimiyyət orqanına çevriləcək.
Sarkisyanın rəhbərlik etdiyi hakim Respublikaçılar Partiyasının təşəbbüsü ilə təklif edilmiş və 2015-ci ildə qəbul olunan yeni Konstitusiyaya əsasən, prezident birbaşa ümumxalq səsverməsi nəticəsində deyil, parlament tərəfindən seçilir. Qanuna əsasən, Ermənistan prezidenti son altı il ərzində Ermənistanda yaşayan, səsvermə hüququna malik olan, erməni dilini bilən və 40 yaşına çatmış Ermənistan vətəndaşı ola bilər. Prezident 7 il müddətinə seçilir və səlahiyyətlərini yerinə yetirdiyi dövrdə heç bir partiyanın üzvü ola bilməz. Eyni şəxs ikinci dəfə bu vəzifəyə iddia edə bilməz. Seçilmək üçün namizəd parlament üzvlərinin ümumi sayının üçdə birinin səsini qazanmalıdır.
Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, gözlənilən seçkilərdən sonra Dağlıq Qarabağ danışıqlarında Ermənistanı kimin təmsil edəcəyi barədə hələlik heç nə deyilmir. Yəni məlum deyil ki, danışıqlarda Ermənistanı əvvəlki kimi prezident təmsil edəcək, yoxsa baş nazir? Bu səlahiyyətin kimə veriləcəyi maraq doğurur. Maraqlıdır, ekspertlərin bununla bağlı fikirləri nədən ibarətdir?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, danışıqlarda Ermənistanı baş nazir təmsil edəcək: “Mart ayında Ermənistanda yeni prezidentin seçilməsi gözlənir. Aprel ayında isə, yeni Konstitusiyaya uyğun olaraq, ölkəni prezident deyil, baş nazir idarə edəcək. Qeyd edim ki, hazırkı prezident S.Sarkisyan üçüncü dəfə prezident seçilə bilmədiyindən, növbəti illərdə hakimiyyətdə qalmaq üçün baş nazir kimi fəaliyyətini davam etdirmək niyyətindədir. Hazırda hakim Respublikaçılar Partiyasından prezidentliyə namizəd irəli sürülən, Sarkisyanın dəstəklədiyi, bu ölkənin Böyük Britaniyadakı səfiri Armen Sarkisyandır. Yeni Konstitusiyaya uyğun olaraq, ölkəni prezident deyil, baş nazir idarə edəcək. Parlamentdə səs çoxluğu qazanan partiyadan baş nazir seçiləcək. Şübhəsiz, Moskvanın dəstəyini alaraq, total saxtakarlıq yolu ilə növbəti dəfə Sarkisyan parlamentdə əsas çoxluğa sahib olacaq. Baş nazir kimi aprel ayından başlayaraq yenidən ölkəni idarə edəcək. Həm xarici, həm də daxili siyasətdə əsas söz sahibi olacaq. İllərdir Ermənistanı Qarabağ münaqişəsinin nizamlanması prosesində prezident təmsil edib. Bundan sonra baş nazirin təmsil etməsi gözlənir. Sarkisyanın baş nazir statusunda Qarabağ danışıqlarına yenidən qatılması gözlənir. Təbii ki, Qarabağ kartından istifadə edərək hakimiyyəti öz əlində saxlayan Sarkisyanın bundan sonra danışıqlar prosesində hər hansı müsbət irəliləyişə imza atacağı gözlənilmir. Prezident kimi müstəqil xarici siyasətə malik olanda bunu etmirdisə, baş nazir kimi parlamentdən asılı olacaq birinin danışıqlar prosesində hər hansı həlledici təsirə malik olması reallığa söykənmir. Ümumiyyətlə, göründüyü kimi, aprel ayından sonra müəyyən qədər dolaşıq vəziyyət davam edəcək. Ermənistanın siyasəti də ondan ibarətdir ki, danışıqlarda qeyri-müəyyən situasiya davam etsin. Hesab edirəm ki, Azərbaycan buna imkan verməməli, apreldən sonra konkret olaraq münaqişənin həllini masaya gətirməlidir. Çünki Ermənistanda hakimiyyət bölgüsü Qarabağ danışıqlarında hər hansı razılığın əldə olunmasını çətinləşdirəcək”.
Vidadi ORDAHALLI