Son vaxtlar Ermənistanda baş verən özbaşınalıq, siyası oyunlar və eyni zamanda ərzaq məhsullarının sürətlə bahalaşması ondan xəbər verir ki, bu ölkəni hələ irəlidə çox ağır bir siyasi iqtisadi böhran gözləyir.
Ermənistanın sabiq baş naziri Hrant Baqratyan “Azadlıq” radiosuna verdiyi məlumatda bildirib: “Bu il Ermənistan ciddi sınaq qarşısındadır. Bu sınaqdan üzüağ çıxa bilməsə, fəlakət, uçurum və ölkədaxili qırğınlar qaçılmaz olacaq. Siz fikir verin, son vaxtlar Ermənistanda nələr baş verir. Demək olar ki, hər gün Bağramyan-26-da (Prezident iqamətgahının qarşısı) hökumət evinin qarşısında narazı kütlələrin etiraz aksiyaları tükənmir. Parlamentdə partiyalar daxilində narazılıqlar, deputatlar arasında əlbəyaxalar, korrusiya, rüşvətxorluq. orduda özbaşınalıq halları, bölgələrdə tayfa davaları və eyni zamanda ərzaq məhsullarının 30-45 faiz bahalaşması... (Bahalaşan ərzaq məhsulları içərisində kərə yağı, yumurta və şəkər tozu üstünlük təşkil edir) Bütün bunların səbəbkarı Serj Sarkisyan və onun ətrafında toplaşan komandasıdır. Gəlin bu rejimin son 10 ildə gördüyü işlərə nəzər yetirək. Ölkənin borcu 4,3 dəfə artaraq 6,5 milyard dollara çatıb. Ermənistanı tərk edənlərin sayı 650 minə yaxındır ki, bu da əhalinin ümumilikdə 28 % deməkdir. Orduda qeyri-döyüş şəratində ölənlərin sayı 7 dəfə artıb. Səbəbləri də doğru-düzgün izah edilmir. Hər gün gözüyaşlı analar ora-bura şikayət etməkdən cana-boğaza yığışıblar. Onu da xatırladım ki, Qarabağda son 23 ildə ilk dəfə idi ki, torpaq itkiləri baş verdi. Mən 2016-cı ilin aprel döyüşlərini nəzərdə tuturam. Həmin döyüşdə xeyli sayda itkilərimiz də oldu. Hərbi xidmətdə olmayan bir adamı gətirib müdafiə naziri təyin edib. Bunun da son vaxtlar iştahası yüksəlib. Xəstə əsgərlərə yardım adı ilə bankda özünə hesab açdırıb. Bu rejim Ermənistana elə bir zərbə vurdu ki, onun təsirindən ayılmaq çox çətin olacaq. Mart ayında keçiriləcək (2-Mart) seçkilərdən sonra nələr baş verəcək, onu da görəcəksiniz”.
Bu yaxınlarda “Hraparak” qəzeti “Ermənistan ordusunda əsgərlərə kərə əvəzinə marqarin verilir” sərlövhəli məqalə də dərc olunmuşdu. Məsələ ilə bağlı Ermənistan MN mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan “Azadlıq” radiosunun xüsusi müxbirinə verdiyi açıqlamada bildirir; “Təəssüflə demək istəyirəm ki, belə bir fakt N saylı hərbi hissələrin birində baş verib. Üç nəfər fəzifəsindən kənarlaşdırıldı. Zəhərlənənlər barəsində gəzən söhbətlər həqiqətə uyğun deyil. Araşdırmalar davam etdirilir”.
“A1+”un verdiyi məlumata əsasən, Ermənistanın Armavir vilayətində yaşayan bir qrup kürd etiraz əlaməti olaraq Eçmiədzin-İrəvan magistral yolunu bağlamağa cəhd edib. Hadisə yerində olan jurnalistlərə bunun səbəblərini danışan etnik xalqın nümayəndəsi Hasan Tamoyev bunları bildirib: “Eçmiədzin şəhərinin başçısı Karen Qriqoryan (qəssab ləqəbli “Qarabağın milli qəhrəmanı”, general-leytenant Manvel Qriqoryanın oğlanları) və onun qardaşları bizi yerli-yersiz incidərək rüşvət tələb edir. İndi də mal-heyvanlarımız otarmaq üçün otlaq sahələrinə buraxmır, ölümüz düşəndə bizdən yer pulu istəyir və ümimiyyətlə cürbəcür bəhanələrlə incidilirik. Hara da gedirik, heç kəs səsimizə səs vermir”.
Məlumatlardan da göründüyü kimi, günü-gündən aclıq, səfalət içində boğulan Ermənistanda seçkilər yaxınlaşdıqca ümumi vəziyyət daha da gərginləşir, özbaşınalıq, korrupsiya halları tüğyan edir, xalqın orduya qarşı inamsızlığı özünü daha qabarıq şəkildə bürüzə verir və milli azlıqların nümayəndələrinə qarşı kobud şəkildə haqsızlıqlar baş verir. Bütün bunlar bir daha onu göstərir ki, bu işğalçı “müstəqil” ölkənin gələcəyi sual altındadır…
Aydın EYVAZOV, AMEA Qafqazşünaslıq institutu Ermənişünaslıq şöbəsinin əməkdaşı