Flora Qasımova: “… Bakının evsahibliyi etməsi təsdiq olunarsa, bu hal Azərbaycanın beynəlxalq birlikdə tanınması və nüfuz qazanmasının növbəti göstəricisi olacaq”
Bir neçə ay öncə Parisdə Beynəlxalq Sərgilər Bürosunun (BIE) 162-ci Baş Assambleyasında “EXPO-2025” sərgisinə evsahibliyi etmək üçün namizədliyi irəli sürülən şəhərlərin təqdimatı keçirilib. Azərbaycan “EXPO-2025” sərgisinə bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən “İnsan kapitalının inkişafı: daha yaxşı gələcəyin qurulması” layihəsini təqdim edib.
Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq və Yaponiyanın Osaka şəhərləri də “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliklərini irəli sürüblər. Sərginin keçiriləcəyi şəhər isə bu ilin noyabrında müəyyən olunacaq.
Qeyd edək ki, Fransa “EXPO-2025” Ümumdünya Sərgisinə evsahibliyi etmək uğrunda mübarizədən rəsmən imtina edib. Bu barədə “Deutsche Welle”yə istinadən verdiyi məlumata görə, yerli “Journal du Dimanche” qəzetində bildirilir.
Fransanın baş naziri Eduard Filipin sərginin təşkilat komitəsinə yazdığı məktubda bildirilir ki, bu qərara maliyyə vəziyyəti səbəb olub.
Parisin imtinasından sonra 2025-ci ildə Ümumdünya Sərgisinin keçirilməsi uğrunda üç namizəd şəhər - Bakı (Azərbaycan), Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) mübarizəni davam etdirirlər.
Parisin “EXPO-2025” Ümumdünya Sərgisinə evsahibliyi etmək uğrunda mübarizədən rəsmən imtina etməsi Azərbaycanın şansını artırır.
Millət vəkili Flora Qasımova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Parisin “EXPO-2025” Ümumdünya Sərgisinə evsahibliyi etmək uğrunda mübarizədən rəsmən imtina etməsi Azərbaycanın şansını artırır. Fransanın rəqib olmaması artıq Azərbaycanın evsahibliyi hüququ qazanması faizini artıracaq: “Azərbaycanın “Expo 2025” Ümümdünya Sərgisində iştirakı ölkəmizin nüfuzunu daha da artıracaq. Nəzərə almaq lazımdır ki, bu günə kimi Azərbaycan bir çox beynəlxalq tədbirlərə evsahibliyi edib. Həmin tədbirlər uğurla yekunlaşıb və ölkəmizə gələn qonaqlar həm təşkilatı işlərdən, həm də qonaqpərvərlikdən razı qalıblar”.
F.Qasımovanın sözlərinə görə, “EXPO-2025" Ümumdünya Sərgisinə Bakının evsahibliyi etməsi təsdiq olunarsa, bu hal Azərbaycanın beynəlxalq birlikdə tanınması və nüfuz qazanmasının növbəti göstəricisi olacaq. Bundan başqa, sərginin ölkəmizdə keçirilməsi Azərbaycanın imkanlarının daha geniş şəkildə təqdim edilməsinə, gələn qonaqların ölkə reallıqları ilə tanış olması üçün yaxşı şəraitin yaranmasına səbəb olacaq: “Qeyd olunan sərginin Azərbaycanda keçiriləcəyinə inanıram. Onun sərgi tarixində önəmli yer tutacağına və bundan sonra keçiriləcək sərgilər üçün nümunə olacağına əminəm”.
Günel CƏLİLOVA