Aqşin Əliyev: “Vaxtaşırı rəqibin müttəfiqə, müttəfiqin rəqibə çevrildiyi məkanda Türkiyə ciddi bir imtahanla üz-üzədir”
Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı “Zeytun budağı” adlı əməliyyata başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Afrində PYD və YPG terrorçularına qarşı əməliyyatlar davam edir. Onun sözlərinə görə, Türkiyə Afrində əməliyyatı başlamağa məcbur idi, belə ki, söhbət ölkə sərhədlərinin təhlükəsizliyindən gedirdi.
“Türkiyə qısa müddət ərzində Afrində əməliyyatı tamamlamağı planlaşdırır”, - deyə Ərdoğan bildirib.
Ancaq Türkiyənin bu qəfil əməliyyatı heç də bütün tərəflərin ürəyincə olmayıb. Xüsusilə də Türkiyə ilə Suriya probleminin çözülməsi istiqamətində az qala müttəfiqlik edən İran və Rusiya bu qərara qarşı çıxır. İran XİN rəhbərinin müavini Hüseyn Ənsari Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatı şərh edərkən bildirib ki, Suriyada istənilən quru əməliyyatı 29-30 yanvar tarixlərində Soçidə keçiriləcək Suriya milli dialoq konqresinə təsir edə bilər: "Müsbət və ya mənfi planda istənilən yerüstü əməliyyat konqresə təsir edə bilər. Ümid edirik ki, Suriyada atəşkəs rejiminə zəmanət verən ölkələr bu təsirin qarşısını almaq üçün səy göstərəcəklər”.
Vəziyyət belə olduğu təqdirdə,Türkiyəni sonda nə gözləyir?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Türkiyə bütün gücüylə Afrin döyüşünə girişib: “Bir tərəfdən türk ordusunun müxtəlif bölgələrdəki hərbi texnikaları Afrinlə sərhədə göndərilir, digər tərəfdən isə top, qırıcı atışlarıyla Afrindəki PKK/PYD qüvvələri vurulur. PKK/PYD döyüşçülərinin rabitə vasitəsilə tutulan danışıqlarından qarşı tərəfin xeyli itki verdiyi və bir-birindən kömək istədiyi təsbit olunub.
Bununla belə, türk ordusunu Afrində ağır imtahan gözləyir. Əməliyyatı çətinləşdirən amillərdən biri kürd separatçılarının üz-üzə döyüşməkdən çəkinərək mülki vətəndaşların arasına qarışmasıdır. Bu isə, istər-istəməz, türk ordusunun daha diqqətli döyüş aparmasını, bacardığı qədər sivil xalqa toxunmamağa etina göstərməsini tələb edir. Afrində isə sivil xalqla döyüşçünü ayırmaq müşkül məsələdir. Ən azı ona görə ki, döyüşçülər də mülki vətəndaş kamuflyajına bürünüb və bölgə insanlarının önəmli qismi silahlandırılıb. Bir sözlə, kimin sivil, kimin silahlı olduğu belə məlum deyil.
Bildirilir ki, Afrində hazırda 9 mindən artıq PKK/PYD silahlısı döyüşə hazır vəziyyətdədir. Səfərbərlik ediləcəyi təqdirdə isə yerli xalqdan 25 min nəfəri silahlandırmaq olar. Türkiyə də Afrin əməliyyatına böyük qüvvə ilə qatılıb. Təkcə Azad Suriya Ordusundan 40 min döyüşçünün bu əməliyyata cəlb edildiyi vurğulanır.
Ən böyük təhlükələrdən biri isə dost xəyanəti ehtimalıdır. Artıq İran və Rusiyadan biz bu addımları görürük. Sözsüz ki, regionda bugünkü müttəfiq olmasına baxmayaraq, potensial rəqibi kimi gördüyü Türkiyənin başını kürd separatçılarıyla qatmaq Moskvanın da işinə yarayır. Digər tərəfdən, Türkiyə ilə Rusiya arasında uzun tarixdən gələn və geostrateji maraqların toqquşmasından yaranan həlli müşkül rəqabət də var və Kreml, bütün hallarda, Aralıq dənizinə açılan qapısında mümkün olduğu qədər zəif bir önləyici qüvvə arzulayır.
Eyni sözləri Suriya və İran haqqında da demək mümkündür. Məlumatlara əsasən, Afrindəki kürdlərin ABŞ tərəfindən silahlanmasına Bəşər Əsəd rejimi göz yumub. Ümumiyyətlə, Bəşər Əsəd rejimi öz məsələsi həll edilməyənə qədər ölkənin şimalındaki vəziyyətin stabilləşməsində maraqlı görünmür. Sabah onun öz baş bəlasına çevriləcək qüvvələrin bir-birini qırması yerli diktatorun dürməyinə yağ sürtür. Bir sözlə, geopolitik maraqlar səbəbindən vaxtaşırı rəqibin müttəfiqə, müttəfiqin rəqibə çevrildiyi məkanda Türkiyə ciddi bir imtahanla üz-üzədir”.
Məhəmmədəli QƏRİBLİ