Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri seçilib. Bu barədə Trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, bu vəzifəyə Mikele Nikoletti seçilib.
AŞ PA sədri Pedro Aqramunt oktyabrın 6-da istefa verdikdən sonra Stella Kiriakides bu vəzifəyə oktyabr ayının 10-da müvəqqəti seçilmişdi.
Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.
Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri S.Fətəliyevanın və V.Hüseynovun AŞPA-nın Sosial məsələlər, Hüquqi işlər və insan hüquqları komitələrində təqdim etdikləri “Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması”, “Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi” mövzularında məruzələrinin müzakirəsi keçiriləcək.
AŞ PA-nın yeni sədri Mikele Nikoletti ilk çıxışında deyib ki, avropalılar artan münaqişələrdən narahatdırlar. M.Nikoletti bildirib: "Vətəndaşlarımızın çox hissəsi siyasətdən narazıdırlar. Onlar getdikcə artan ekoloji problemlər və münaqişələrdən ciddi narahatlıq keçirirlər və siyasəti gücsüz hesab edirlər".
O qeyd edib ki, dövrün çağırışlarını həll etmək üçün qurumun bütün 47 üzv dövlət və nümayəndə heyətlərinin fəal iştirakı vacibdir.