Ermənistan ATƏT Parlament Assambleyasının yekun Tiflis bəyannaməsindən narazı qalıb. APA-nın məlumatına görə, Ermənistan mətbuatı bəyannamənin 9-cu maddəsinin Ermənistan üçün qəbuledilməz olması ilə bağlı materiallar yayır.
"Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsi ilə etimadı möhkəmləndirmə” adlı qətnamənin 9-cu maddəsində ATƏT regionunda həlli uzanan münaqişələrin sülh və danışılar yolu ilə həlli üçün səylərin artırılmasına davamlı ehtiyac olduğu, tərəflərin ərazi bütövlüyünə və suverenliyinə tam hörmət əsasında, Helsinki Yekun Aktı və BMT xartiyasına uyğun olaraq təhdid və güc tətbiqindən çəkinmənin vacibliyi qeyd edilir.
Qeyd edək ki, sözügedən maddə qətnaməyə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti tərəfindən irəli sürülən düzəliş əsasında daxil edilib, düzəliş qətnamənin müəllifi, Siyasi məsələlər və təhlükəsizlik komitəsinin üzvü Marqaret Sederfeld tərəfindən dəstəklənib.
ATƏT PA-nın 25-ci sessiyasının son iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar çatdırmağa cəhd edən Ermənistan təmsilçisinə cavab verib.
E. Həsənov Ermənistan nümayəndəsinin fikirlərinin yalan və iftira olduğunu deyib: "Etnik təmizləmə və işğalçılıq siyasəti həyata keçirən bir ölkənin nümayəndəsinin ATƏT PA kimi nüfuzlu təşkilatın tribunasından meydan kimi istifadə etməsi, yalan bəyanatlar səsləndirməsi bizdə təəssüf hissi doğurur”.
E. Həsənov Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı hərbi cinayətlər, etnik təmizləmə və Xocalı soyqırımının törədildiyini xatırladıb. O, qondarma "Dağlıq Qarabağ Respublikası”nın danışıqlarda tərəf kimi tanınmasının qeyri-mümkün olduğunu da vurğulayıb: "Bu münaqişə Ermənistan və Azərbaycan arasında olan münaqişədir və Dağlıq Qarabağ separatçılarının danışıqlar prosesinə qatılmağa heç bir hüququ yoxdur”.
Xəbər xidməti