Kreml Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Sankt-Peterburqda üçtərəfli görüşünü istisna etmir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə iş aparılır: "Əgər bu, yekun olaraq təsdiq edilsə, məlumat verəcəyik".
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də iyunun sonunda Dağlıq Qarabağ münaqişəsi üzrə görüşün keçiriləcəyini təsdiq edib. C.Uorlik bildirib: "Hazırda görüşün detallarını bilmirik, lakin təsdiq edə bilərik ki, görüş iyunun sonunda olacaq".
O, ümid etdiyini bildirib ki, tərəflər may ayında Vyanada əldə edilmiş razılaşmaları müzakirə etməyə davam edəcəklər.