Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsi çərçivəsində fəaliyyət göstərən Avropa Şurasına üzv ölkələri arasındakı münaqişələrə dair xüsusi Alt Komitəsinin ilk toplantısı keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, iclasda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələr müzakirə olunub.
Müzakirələrin konfidensial olduğundan detallar açıqlanmasa da, erməni tərəfinin bu formatda müzakirələrin davam etdirilməsindən boyun qaçırdığı məlum olub.
İclasda iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, erməni tərəfi AŞPA sessiyalarında yalan və böhtan xarakterli çıxışlar etsə də, Komitə iclaslarında konkret faktlar haqqında müzakirələr aparılanda, bu müzakirələrin əhəmiyyətsiz olduğunu söyləyirlər: "Söz verdik ki, müzakirələrin detalları haqqında heç bir söz deməyəcəyik. Sadəcə onu deyə bilərəm ki, fikir mübadiləsi aparılıb, erməni tərəfi yenə konstruktivlikdən kənar bir neçə təklif səsləndirib. Ən maraqlısı odur ki, bunlar konkret faktlar üzrə müzakirələrdən qaçırlar, Assambleyanın plenar iclaslarında isə sadəcə yalanları ortaya qoymaq siyasətini yürüdürlər. Ancaq konkret müzakirələrə, faktlara gələndə, müzakirələrin bağlanmasını, onların əhəmiyyətsiz olduğunu söyləyirlər”.