Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təəccüb doğuracaq bəyanatla çıxış edib. E.Nalbandyan bildirib ki, tərəflərin müzakirə etdiyi işçi sənədlər elə əvvəllər müzakirə edilənlərdir. Tərəqqiyə nail olunmamış sənədlər ATƏT-in Vyanadakı ofisinə saxlanmaq üçün verilir. Hələ ki, saxlanmaq üçün verilməmiş sənəd Kazan sənədidir.
Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev hesab edir ki, E.Nalbandyan bu bəyanatı məqsədli şəkildə verib.
A.Nağıyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu tərəfindən qəbul edilən Madrid prinsipləri, eyni zamanda digər prinsiplər var:
"Bütün bu prinsiplərdə əsas məqsəd birinci mərhələdə Azərbaycanın ərazi bürövlüyü çərçivəsində 5 rayonun qaytarılması, sonra iki rayonun qaytarılması, bundan sonra Dağlıq Qarabağ ərazisində yüksək status məsələsinin istər referendum yolu ilə, istərsə də digər yolla gündəmə gətirilməsidir. Bəzi sənədlərdə sülhməramlı qüvvələrin təmas xətti boyu yerləşdirilməsi və digər məsələlər də əksini tapıb. Bu gün Madrid prinsiplərinin qəbulundan bir neçə il keçsə də, heç bir addım atılmayıb, ATƏT-in Minsk qrupunun həmrədləri də dekorativ bəyanatlardan başqa heç nə etməyib".
Politoloq bildirib ki, indi E.Nalbandyanın belə bir bəyanatla çıxış etməsi heç də təəccüb doğurmamalıdır: "Kremilə yaxın siyasi şərhçilər də bəyan edirlər ki, bu ilin axırına qədər Kazan formatına uyğun olaraq rayonlar qaytarıla bilər".