Almaniya ötən bazar günü özünün Avstriya ilə sərhədini bağlayıb. Ölkəyə Avstriyadan gələn qatarlar dayandırılıb. Berlin bildirir ki, artıq qaçqın axınının öhdəsindən gələ bilmir. Beləliklə, Almaniya Avropadan sərbəst gediş-gəlişi təmin edən Şengen viza rejimini indilik dayandırıb.
Baki-xeber.com xəbər verir ki, qərara əsasən Almaniyaya Şengen vizası ilə hava limanından girişlərdə bir dəyişiklik olmayacaq. Ancaq artıq başqa bir AB ölkəsindən Almaniyaya quru yolu ya da qatarla girən hər kəs, pasport qeydiyyatından keçməli olacaq. Kansler Merkel də bununla bağlı Avropa Birliyini məlumatlandırıb. Avropa Birliyindən isə prosesləri diqqətlə izlədiklərini bildiriblər.
Daxili işlər naziri Thomas de Maizière deyib ki, qaçqınların qəbulu, qeydiyyatı və yerləşdirilməsi sistemi belə bir axının öhdəsindən gələ bilməz.
"Qaçqınlar yaşamaq istədikləri ölkəni özləri seçə bilməzlər, təəəssüf ki…” – deyib nazir. O bildirib ki, qaçqınlar hər bir Avropa ölkəsinin ölçü və imkanlarına görə bölüşdürüləcək. O da bildirilir ki, ötən həftə Almaniyaya 40 min qaçqın girib. Bunların da böyük əksəriyyəti Münhen şəhərinə gedib. Şəhərdə qaşqınların yerləşdirilməsilə bağlı ciddi problemlər yaranıb. Almaniyanın cənubunda yerləşən Münhen şəhəri ölkəyə daxil olan miqrantların hədəf aldığı əsas şəhərdir. Lakin şəhər rəsmiləri gələnlərə yer tapmaqda çətinlik çəkdiyini bildirir.
Çexiya da Avstriya ilə sərhəddə nəzarəti gücləndirdiyini bildirir. Serbiyadan Macarıstana keçən miqrantların sayı da şənbə günü rekord həddə çatıb. Şərqi Avropada böhranla bağlı gərginlik davam edir.
Müşahidəçilər deyirlər ki, bu hadisələr ötən həftəsonu Münhendə dəmir yolu vağzalında qaçqınların təntənəli qəbuluna bir sıra ölkədaxili qüvvələrin sərt reaksiyası ilə bağlıdır.
"Der Spiegel” yazır ki, kansler Merkel "Almaniya bütün suriyalıları qəbul edəcək” deyərkən, real axının belə nəhəng olacağını təsəvvürünə gətirməyib.