"Biz Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Təkcə son iki ildə Avropa Parlamentində Azərbaycan haqqında bir neçə qətnamə qəbul edilib. Amma bu dəfə Avropa Parlamenti bütün çərçivələri keçib”. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında deyib.
O.Əsədov bildirib ki, bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulub, tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atılıb: "Hər dəfə Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edəndə biz çalışmışıq ki, tarazlı münasibət bildirək və bütün məsələlərin çoxunu açıqlamayaq, ancaq görürük ki, məsələ başqa bir rakurs alır. Mən Avropa Parlamentinin həmin iclasını bir neçə həmkarımla canlı müşahidə etdim və bu canlı müşahidəmiz bir daha göstərdi ki, Avropa Parlamentinin bir çox deputatları Azərbaycana qarşı nə qədər qərəzli mövqe tuturlar”.
Sədr Avropa Parlamentində prosedur qaydaların kobud şəkildə pozulduğunu qeyd edib: "Çox maraqlıdır ki, bu iclasın gedişində Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri söz alaraq qətiyyətlə dedi ki, iclasda prosedur qaydaları pozmaq olmaz. İlk növbədə, bu məsələlər komitələrdə müzakirə edilməlidir, ondan sonra iclas keçirilə bilər. Biz bu cür hərəkət etməsək, Azərbaycanı itirə bilərik. Ancaq iki deputat - Corc Sebastyan və Fransua Slifinsi çıxış edərək iclasın gedişinin dəyişməsinə etiraz etdilər. Dedilər ki, bu məsələ bu gün burada müzakirə olunmalıdır və təsdiq edilməlidir. Biz sonra araşdıraraq gördük ki, bu iki deputat sentyabrın 1-də Dağlıq Qarabağda olub və Bako Saakyanla görüşüblər. Yəqin ondan aldıqları təlimatı yerinə yetirir, eləcə də bəxşişlərin əvəzini vermək üçün belə canfəşanlıq edirlər. Elə bu məqamın özü korrupsiyanın Avropa Parlamentində necə işlədiyinə bir misalıdır. Ona görə mən Avropa Parlamentinin sədri Martin Şultsu korrupsiyaya bulaşmış lobbiçi qruplarla işbirliyinə son qoymağa çağırıram”.
O.Əsədov bildirib ki, Avropa Parlamentinin iclasında aparılan müzakirələr açıq-aşkar saxta məlumatlara əsaslanıb: "İndiki dövrdə Avropada tüğyan edən ksenofobiya, islamofobiya və ayrı-seçkiliyin Avropa Parlamentində dərin kök salması göstərir ki, bu məsələnin arxasında başqa məqsədlər var. Avropa Parlamentinin qətnaməsinə nəzər saldıqda onun nə qədər qərəzli yanaşma olduğunu əsaslandırmaq olar. Konkret cinayət əməllərinin siyasiləşdirilməsi, jurnalist Rasim Əliyevin məişət zəminində öldürülməsinin siyasi qətl kimi qələmə verilməsi və digər faktlar sənədin saxta və qondarma ittihamlar üzərində qurulduğunu sübut edir”.
O.Əsədov deyib ki, Avropa Parlamentinin iclasında səsvermənin nəticələri maraqlı bir məqamı da üzə çıxarır: "Qətnamənin əleyhinə 202 səs verildi və 72 deputat bitərəf qaldılar. Bu onu göstərir ki, Avropa Parlamentində Azərbaycanla əməkdaşlığın əhəmiyyətini başa düşən konstruktiv qüvvələr də var, amma korrupsiyaya bulaşmış lobbiçi qrupların fəaliyyəti və təsiri bu qüvvələrin səsini eşitməzliyə vurur”.
Milli Məclisin sədri bildirib ki, əslində bu sənəd Avropa Parlamentinin imicinə böyük zərbə oldu: "Biz həmişə görmüşük ki, Azərbaycan ictimai-siyasi əhəmiyyətə malik hadisələr ərəfəsində olduğu dövrlərdə ölkəmizə hücumlar başlayır. "Eurovision” mahnı müsabiqəsi, prezident seçkiləri vaxtı, Avropa Oyunları vaxtı biz bunların hamısının şahidi olmuşuq. Avropa Parlamentinin budəfəki qətnaməsinin də vaxtı təsadüfən seçilməyib. Qarşıdan parlament seçkiləri gəlir və Azərbaycan dövləti seçkilərin demokratik və şəffaf keçirilməsi ilə bağlı bütün beynəlxalq təşkilatlara müşahidəçi göndərmək üçün müraciət edib. Belə bir vaxtda Avropa Parlamenti üzdəniraq qətnamə qəbul edir və parlament seçkilərinə müşahidə missiyasının göndərilməməsi barədə müvafiq qurumlara, üzv ölkələrə çağırışlar edirlər. Bu, beynəlxalq normaların, qəbul olunmuş praktikanın kobudcasına pozulması deməkdir. Seçkilər başlamamış onun legitimliyini şübhə altına alanlar bilməlidirlər ki, seçkilərin legitmliyini yalnız Azərbaycan xalqı özü həll edir”.
O.Əsədov hesab edir ki, Avropa Parlamentinin qətnaməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, onun nüfuzuna xələr gətirmək və bu yolla Dağlıq Qarabağ problemində Azərbaycanın mövqeyini zəiflətməkdir.
Milli Məclisin spikeri Azərbaycanın Avropa ilə əməkdaşlıqda keçdiyi yoldan, "Avronest" səviyyəsində əməkdaşlıqdan danışıb: "Biz Avronestdə bir dənə də olsun Dağlıq Qarabağa aid sənədi imzalatdırıb məsələlərin içərisinə sala bilmədik. Bu təşkilatda iştirakımız bizə nə verir? Biz bu təşkilatda iştirakımızla bağlı qəti qərara gəlməliyik. Hesab edirəm ki, biz Nazirlər Kabinetinə müraciət etməliyik ki, "Şərq Tərəfdaşlığı" proqramına yenidən nəzər salısın”.
O.Əsədov əlavə edib ki, Avropa Parlamentinin sədri Martin Şults Avropa Oyunları ərəfəsində deputatlara qeyri-rəsmi qadağa qoymuşdu ki, heç kim nə rəsmi, nə də qeyri-rəsmi Azərbaycana səfər etməsin: "Deputatlar bizə zəng edib deyirdilər ki, bağışlayın, Şults bizi Azərbaycana gəlməyə buraxmır”.
Səməd Seyidov isə bukdirib ki, Azərbaycanda Milli Məclisə seçkilər ərəfəsində Avropa Parlamentinin səhvlərlə dolu, tələsik qətnamə qəbul etməsi bu qurumun imicinə böyük zərbə vurdu.
S.Seyidov qeyd edib ki, Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnamə Milli Məclisdə əsaslı şəkildə müzakirə olunmalıdır: "Azərbaycana qarşı təxribatları pisləyir və onlara layiqli cavab verməyi təklif edirəm”.
S.Seyidov əlavə edib ki, bundan sonra Avropa Parlamentinin heç bir qətnaməsi ciddi qəbul edilə bilməz: "Çünki onlar müstəqil, suveren və demokratik bir dövlətə qarşı belə bir qərəzli addım atdılar”.
Onun sözlərinə görə, Avropa Parlamenti müstəqil Azərbaycan dövlətinin söz sahibinə çevrildiyini, kiminsə fikri ilə yox, öz maraqları ilə siyasət yürütməsini qəbul edə bilmir: "Azərbaycan işğal olunmuş torpaqlarını Minsk qrupundan və digər təşkilatlardan kənar azad etmək iqtidarındadır. Azərbaycan inkişaf edir və başqalarının fikirləri ilə yox, müstəqil yaşayır. Bütün bunlar onları qorxuya salır”.
Millət vəkili deyib ki, biz problemlərimizi beynəlxalq təşkilatlar vasitəsilə dünyaya çatdırmaq və həll etmək niyyətində olmuşuq, qanun aliliyini düşünəndə beynəlxalq qanunları düşünmüşük: "Bu qərəzli qətnamədən sonra nə düşünək? Biz Avropa Parlamentində sağlam qüvvələrlə birləşib Avronest Parlament Assambleyasında iştirakımızı dayandırmalıyıq. Azərbaycan demokratik yoldan dönməyəcək və öz qəti sözünü deyəcək”.
"Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əsası olmayan kağız parçasıdır. Bu qətnamədə Azərbaycanla bağlı əks olunanlar tamamilə yalan, böhtan və qərəzdir”. Bunu isə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Z.Əsgərov deyib ki, Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır: "Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunların özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar”.
Z.Əsgərov bildirib ki, Avropa Azərbaycana təzyiq etməyə çalışır: "Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropa artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıb. Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?”
Avropada yaranmış miqrant böhranı və ərəb ölkələrində baş verən hadisələrə də toxunan Z.Əsgərov bəyan edib ki, indi Misir, Liviya, Suriya, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: "Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onların qaçqın kim etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. İndi də minlərlə miqrantları dənizdə batırırsınız, öldürürsünüz. Axı bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana necə demokratiyadan, insan haqqlarından danışa bilər? Milli satqınlar da Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var. Onlar Azərbaycan Prezidentinə paxıllıq edirlər. Çünki onların özlərində belə prezident yoxdur”.