Əgər Qərb Azərbaycanda, İlham Əliyevin dediyi kimi, "o hakimiyyəti qura bilsəydi"...
.jpg?v=1520254601)

Qabil Hüseynli: "Bizimlə istədikləri kimi davranarlar"
Məlum olduğu kimi, sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib. Həmin müşavirədə ölkə başçısının əhatəli və məzmunlu çıxışı geniş ictimai müzakirələrə yol açıb. Prezident Azərbaycanda hakimiyyəti dəyişmək istəyən maraqlı qüvvələrin olduğuna dair də fikirlərini açıqlayıb:
"Onu bir daha qeyd etmək istəyirəm ki, bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı. 2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda "Ərəb baharı"nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda "Maydan hərəkatı"nı yaratmaq istəyirdilər. Gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla, yerli "Beşinci kolon"un vasitəsilə, qeyri-hökumət təşkilatları adı ilə Azərbaycana gətirilsin, vəziyyət gərginləşsin və burada bəzi xarici dairələrin xidmətində olan insanları hakimiyyətə gətirsinlər. 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi forma almışdı. Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunub. Mən bunu açıq deyirəm. Mən bunu başqa cür qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi.
Çünki bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlətdir. Biz kimə mane oluruq?! Heç kimə! Bizim bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Biz kimə mane oluruq?! Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər yerdə "marionetka" görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər".
Prezidentin çıxışından belə başa düşülür ki, bəzi xarici güclər Azərbaycanda öz istəklərinə uyğun hökumət qurmaq istəyir. Belə hakimiyyətin formalaşmasından Azərbaycan nələri itirə bilər?
Politoloq Qabil Hüseynli hesab edir ki, Prezidentin çıxışında olduqca incə məqamlar olub: "Mən budəfəki çıxışında Prezidentin açıq mətnlə ciddi mətləblərə toxunduğunu hiss etdim. Ölkə başçısı dönə-dönə dedi ki, Azərbaycanda bir neçə dəfə hakimiyyəti dəyişməyə dair cəhdlər olub, lakin bizim hüquq-mühafizə orqanları onun qarşısını qətiyyətlə alıb. Çıxışda vurğulandı ki, hər yerdə olduğu kimi, Azərbaycanda da "marionetka" bir hakimiyyətin olduğunu görmək istəyirlər. Belə cəhdlər alınsa, Azərbaycan ilk növbədə müstəqil qərar vermək səlahiyyətini itirər. Bizim iqtisadiyyatımız tamamilə yad maliyyə qurumlarının nəzarətinə keçər.
Bir sözlə, bizimlə istədikləri kimi davranarlar. Ancaq buna nail ola bilmirlər. Məhz bu səbəbdən biz ölkə başçısının detallı şəkildə izah etdiyi təzyiqlərə sinə gərməyə məcburuq. İstənilən halda, Azərbaycanda həmin niyyətləri həyata keçirmək olduqca çətindir. Çünki bizdə xalqla hakimiyyətin arasında uçurum yoxdur".
Məhəmmədəli QƏRİBLİ