"Serj Sarkisyanın Moskvaya səfəri Sergey Lavrovun sentyabrın 1-də Bakıya gerçəkləşən səfəri ilə bağlıdır. Lavrovun Bakı səfərinin detalları gizli saxlanıldı. Fikrimcə, həm Lavrovun Bakı səfərinin, həm də Sarkisyanın Moskva səfərinin gündəmi çox oxşardır. Gündəm Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni təkliflərdir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Alte Et Certe" analitik mərkəzinin direktoru, siyasi ekspert Andrey Yepifantsev bildirib. O deyib ki, Putinlə Sarkisyan arasında müzakirə olunacaq ikinci məsələ Rusiya-Ermənistan münasibətləridir: "Sirr deyil ki, hazırda Rusiyada iqtisadi vəziyyət çətinləşib. Bundan Ermənistan iqtisadiyyatı da əziyyət çəkir. Üstəlik, Ermənistan bir müddət əvvəl Avrasiya İqtisadi Birliyinin üzvü olub. Bu, dövlətin əmək bazarına çıxmasına müəyyən hüquq və imkanlar verməklə bərabər, həm də onun qarşısında gömrük tarifləri, istehsal standartları və iqtisadiyyatın digər sahələrində müəyyən öhdəliklər qoyur”.