Misirli telekommunikasiya maqnatı Naqib Saviris deyib ki, Yaxın Şərqdən olan qaçqınlar üçün almaq niyyətində olduğu adaya 100 milyon dollar xərcləməyə hazırdır.
Öz təşəbbüsü barədə Tvitterdə yazan iş adamı Naqib Saviris deyib ki, Yunanıstan və ya İtaliya ona hər hansı adalarından birini satarsa, o, həmin adanı müstəqil ölkə elan edərək münaqişələrdən qaçan minlərlə insanı yerləşdirəcək.
Milyarder elan edib ki, yeni ada-ölkə bu günlərdə dənizdə boğulmuş 4 yaşlı miqrant uşaq Aylanın adını daşıyacaq. Balaca suriyalının dəniz sahilində düşüb qalmış cəsədinin ürəkparçalayan fotosu bütün dünyanı dolaşmışdı.
Saviris televizya müsahibəsində deyib ki, bu təkliflə İtaliya və Yunanıstan hökumətlərinə müraciət etməyə hazırlaşır. "Orada onlarca atılmış və istifadəsiz ada var. Bu adalarda yüz minlərlə qaçqın məskunlaşıdırıla bilərdi” – deyib milyarder.
Saviris bildirib ki, bir adanın qiyməti on milyonla 100 milyon dollar arasındadır və o, alacağı adada infrastrukturun yaradılması xərclərini də öz üzərinə götürəcək.
İş adamı bildirib ki, adanın alınması prosesində siyasi-diplomatik çətinliklərin ola biləcəyindən xəbərdardır.
Saviris ailəsi Misirin Qırmızı dəniz sahilindəki məşhur El Quna kurortunun əsasını qoyub.
Saviris bir sıra Yaxın Şərq və Şimali Afrika ölkələrində fəaliyyət göstərən Orascom TMT mobil telefon şirkətinin baş icraçı direktorudur. O həmçinin Misirdə bir televiziya kanalının sahibidir. Onun sərvətinin 3 milyard dollar olduğu təxmin edilir. Saviris Qahirədə yaşayır, ailəlidir və 4 uşağı var. Xristiandır. International Business Times yazır ki, o, öz ailəsinin ən varlı üzvü deyil.
Ondan kiçik qardaşı Nassef Misirin ən zəngin adamıdır və o dünya varlılarının siyahısında 225-ci yerdədir.
İB Times bunu da qeyd edir ki, Saviris indiyədək bir neçə ziddiyyətlərə səbəb olub. 2011-ci ilin iyununda saqqallı Mickey Mouse və hicablı Minnie obrazlarının şəklini tvit etdiyinə görə ölkənin bəzi din xadimləri onun barəsində ölüm fətvası veriblər. Ona qarşı küfr ittihamı irəli sürülüb.
Bundan başqa onun müxtəlif qadınlarla göbək rəqsi oynadığını göstərən videoların yayılması qalmaqala səbəb olub.
Saviris habelə ölkənin inqilab sonrası siyasi həyatına da atılıb və Azad Misirlilər Partiyasını təsis edib.
Xəbər verilir ki, Misirin kopt xristian azlığından olan Saviris Müsəlman Qardaşlığı təşkilatının və keçmiş prezident Mursinin əleyhinə çıxıb və yeni prezident Abdel Fateh Al-Sisinin hakimiyyətə gəlməsini dəstəkləyib.