Rusiya və ABŞ arasında Suriya böhranı ilə bağlı keçən həftə Moskvada keçirilən daha bir görüş nəticəsiz başa çatıb. Müzakirələrinin ardından isə Moskvanın Suriyaya ordu göndərəcəyi barədə xəbərlər yayılıb.
Baki-xeber.com xəbər verir ki, xüsusilə Rusiya mediasında bir neçə gün əvvəl yayılmış xəbərlər yenidən gündəmə gəlib. Bildirilir ki, Rusiya Suriyaya hərbi birliklər göndərir və bu birliklər vətəndaş müharibəsinin hökm sürdüyü bölgələrdə yerləşdiriləcək.
Moskva görüşünün uğursuz nəticələnməsinə səbəb kimi isə Kremlin Əsədlə bağlı mövqeyinin dəyişməməsi göstərilir. Sosial mediada və Rusiya xəbər portallarında Vladimir Putinin Bəşər Əsədə hərbi dəstəyini artıracağı qeyd edilir.
Mənbə olaraq isə yəhudi lobbisinə yaxınlığı ilə tanınan Amerikanın "Washington Times” qəzetinin 4 avqustda yaydığı xəbər göstərilir.
Qeyd edək ki, "Washington Times” Rusiyanın TASS agentliyinə istinadən Rusiya hərbi hava qüvvələri komandirlərindən general Vladimir Şamanovun suriyalı bir jurnalistin sualına cavab olaraq "Əsədə radikallarla mübarizə aparması üçün lazım olan hər cür dəstəyi veririk" açıqlamasına yer verib. Rusiya mediası isə generalın bu sözlərini "Rusiya vətəndaş müharibəsinə müdaxilə etmək üçün Suriyaya hərbi birliklər göndərməyə hazırlaşır" şəklində şərh edirlər. Sonradan Kremlin təkziblərinə baxmayaraq, bu iddia yenidən gündəmə gəlib.
Bu iddiaları gücləndirən başqa bir faktor isə Suriya xarici işlər naziri Valid Muallimin açıqlamasıdır. "Putin bizə siyasi, iqtisadi və hərbi dəstək verəcəyini bildirib" – deyə suriyalı nazir bildirib.
Bu iddialara İsrail mediası da geniş yer verib. İsrailin "Yedioth Ahronot” saytı biraz da irəli gedərək Rusiyanın Suriyaya döyüş təyyarələri və hücum vertolyotları göndərdiyini yazır. Qərb diplomatlarının Rusiya hərbi birləşmələrinin Suriyaya göndərildiyini iddia edən "Ynetnews” isə hərbçilərin Dəməşq yaxınlığında bir hərbi hava bazasına yerləşdirildiyini bildirir. Xəbərdə bununla bağlı Rusiya hərbi heyətinin də yaxın günlərdə Suriyaya göndəriləcəyi iddia edilir.
Onu da qeyd edək ki, rəsmi Moskvanın mövqeyində son vaxtlar Suriya ilə bağlı ciddi aktivlik müşahidə edilir. Indi isə Moskva İslam Dövləti terrorçularına qarşı yeni beynəlxalq koalisiya yaratmağa çalışır. Rusiya prezidenti Vladimir Putin də İslam Dövləti qrupuna qarşı mübarizədə daha bir beynəlxalq koalisiya yaratmaq çağırışını təsdiqləyib və bu məsələni ABŞ prezidenti Barak Obama ilə müzakirə etdiyini bildirib. Amma Putin Rusiyanın hazırda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulması məsələsinin gündəlikdə olmadığını deyib.
Vaşinqton bundan əvvəl Rusiyanın Suriyada hərbi əməliyyatlar aparması ilə bağlı məlumatları diqqətlə izlədiyini bəyan edib. Vaşinqton hesab edir ki, bu cür əməliyyat pozucu və səmərəsiz olardı.