Türkiyə polisi ölkənin ən böyük holdinqlərindən biri olan İpek Media Qrupuna aid Koza Holdinq şirkətlərində axtarış aparır. Baş ofislə yanaşı, holdinqə daxil olan 23 şirkətdə və holdinqin idarə heyəti sədrinin evində də axtarış aparılır. Holdinq rəhbərliyi terroru maliyyələşdirməkdə ittiham edilir.
Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, sözügedən holdinq Fətulla Gülən hərəkatına yaxınlığı ilə tanınır.
Axtarışlar zamanı şirkətlərdəki sənəd və kompüterlərə əl qoyulub.
Koza Holdinq, İpek Universiteti, Kanaltürk, Bugün TV və Koza İpek Qrupu idarə heyəti sədri Akın İpekin evində də axtarış aparılıb. "Habertürk”ün iddiasına görə, Akın İpək haqqında həbs qərarı da çıxarılıb, ancaq İpek bir neçə gün əvvəl ölkə xaricinə çıxıb. İpekin avqustun 30-dan xaricdə olduğu iddia edilir. Şirkətin nəzarətindəki media orqanları arasında "Millət” və "Bugün” qəzetləri, Kanaltürk və "Bugün” televiziya kanalları ilə yanaşı Kanaltürk Radio da var.
Prokurorluğun məlumatına görə, "Koza İpek Holdinq”in 23 şirkətində başladılan əməliyyatlar, qrupun media orqanlarını əhatə etmir. Polisin axtarışları media xaricində fəaliyyət göstərən digər şirkətlərdə davam edir.
O da iddia edilir ki, əməliyyat çərçivəsində holdinqlərin sahibi Akın İpeklə yanaşı Koza İpek Qrupunun baş direktorunun da aralarında olduğu 6 şirkət rəsmisi barəsində həbs qərarı çıxarılıb.
Son məlumatlara görə, Fetullahçı Terror Təşkilatına maliyyə dəstəyi verdiyi və təşkilatın təbliğatını apardığı iddiası ilə Koza İpek Holdinqin 23 şirkətində keçirilən axtarışlar çərçivəsində 6 nəfər həbs edilib. Holdinqlərin sahibi Akın İpekin isə İngiltərədə olduğu bildirilir.