Ukranya parlamenti ölkə konstitusiyasına düzəliş edilməsi ilə bağlı qanun layihəsini ilkin oxunuşda təsdiqləyib. Sənədi prezidentin parlamentdəki nümayəndəsi Stepan Kubiv təqdim edib. Düzəlişlərdə ölkənin şərqindəki rusiyapərəst separatçıların nəzarətində olan regionlar, xüsusilə də Donbas və Luqanska yerli özünüidarə səlahiyyəti verilməsi və bunun xüsusi qanunla tənzimlənməsi nəzərdə tutulur.
Ali Radanın sədri Vladimir Qroysman layihənin əleyhinə çıxanların arqumentlərinin doğru olmadığını, Donbasa hər hansı xüsusi status verilməsinin nəzərdə tutulmadığını bildirib.
Avqustun 31-də keçirilən səsvermədə 368 deputatdan 265-i ilkin oxunuşda düzəlişlərin lehinə səs verib. Qanun layihəsinin növbəti sessiyada keçməsi üçün azı 300 səs lazım olacaq.
Bundan əvvəl düzəlişlərə qarşı çıxan "Radikal Partiya" və "Azadlıq" koalisiyasından olan bir qrup deputat Ali Radanın tribunasını dövrəyə alaraq səsverməni əngəlləmişdi. Həmçinin yüzlərlə fəal parlamentin qarşısında etiraz aksiyası keçiriblər.
Donbasa xüsusi status verilməsinə etiraz edənlər Ali Radanın qarşısında əl qumbarası partladılıb. Nəticədə Milli Qvardiyanın binanı qoruyan bir neçə hərbçisi xəsarət alıb. Deputat Anton Heraşçenko Facebook səhifəsində onlardan bir neçəsinin həyatının təhlükədə olduğunu yazır. Hətta olay zamanı ölənlərin olduğu da bildirilir. Kiyevin meri Vitali Kliçko da bildirib ki, parlament binası qarşısındakı iğtişaşlar zamanı hərbçilər arasında həlak olanlar var. V.Kliçko jurnalistlərə həlak olanlar barədə məlumatı olduğunu deyib: "Kiyevdə asayişi qoruyan Milli Qvardiya batalyonu, gənclər həlak oldu”.
Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhəri üzrə İdarəsinin rəisi Aleksandr Tereşuk isə bildirib ki, iğtişaşlar zamanı ümumilikdə təqribən 100 nəfər xəsarət alıb.
"112 Ukraina” televiziya kanalının məlumatına görə qumbaranı hakimiyyətin mərkəzsizləşdirilməsinə qarşı çıxan aksiyaçılardan biri atıb və onun həbs olunduğu barədə məlumatlar var.
Bundan əvvəl aksiyaçılar polis səddini yararaq binaya soxulmaq istəyib. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Milli Qvardiya həmin toqquşmada 50-ə yaxın hərbi qulluqçunun xəsarət aldığını bildirir.
Bu düzəlişləri iyulun 15-də parlamentə prezident Petro Poroşenko təqdim edib. Bu, bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişində nəzərdə tutulur.
Rusiyapərəst separatçılar həmin regionlara xüsusi status verilməsinin Konstitusiyaya salınmasını təkid edirlər.