Rusiya - Qərb münasibətlərinin Ukraynaya görə yenidən kəskin mərhələyə qədəm qoymasını indi ekspertlərin böyük əksəriyyəti ciddi narahatlıqla qarşılayır. Çünki Qərb Ukrayna faktoruna görə Rusiyaya bu dəfə təkcə iqtisadi sanksiyalarla yox, həm də hərbi müstəvidə cavab vermək niyyətindədir. NATO qoşunlarının Rusiya sərhədlərində cəmlənməsi, Ukraynaya edilən hərbi yardımların çoxalması da bunun təsdiqidir.
Belə bir vaxtda isə bəlli olub ki, Ukraynada yeni müharibə ilə bağlı böyük hazırlıq işləri gedir. Düzdür, Ukrayna üzrə üçtərəfli təmas qrupunun növbəti iclasında sentyabrın 1-dən Donbasda atəşkəs rejiminin elan edilməsi haqqında razılığa gəlinib. Qrupa daxil olan Ukrayna-Rusiya-ATƏT üçlüyünün bu razılığı barədə danışan ATƏT-in xüsusi nümayəndəsi Martin Saydikin sözlərinə görə, iclasda tərəflər təmas xəttində yeni dərs ilinin ilk həftəsində davamlı atəşkəsin təmin edilməsi və cəbhə boyu yerləşən təhsil müəssisələrinə dair məlumat mübadiləsi aparmaq qərarına gəliblər: "Bununla bağlı tərəflər müvafiq məlumatları ATƏT-ə verməlidir". ATƏT sentyabrın 1-dən etibarən əldə olunan razılaşmanın yerinə yetirilməsinə nəzarət edəcək. Amma gələn digər məlumatlar vəziyyətin daha pis olacağını göstərir.
Ukrayna tərəfi bildirir ki, Moskva ordusunu yeni döyüşə hazırlayır. Ukrayna Prezident Administrasiyasının antiterror məsələləri üzrə nümayəndəsi Aleksandr Motuzyanikin sözlərinə görə, Marinka və Mariupol şəhərləri istiqamətində qeydə alınan döyüşlər Rusiyanın Krıma quru yolu açmaq niyyətini göstərir. Qeyd edək ki, analitiklər genişmiqyaslı hərbi əməliyyatlar yenidən başlanacağı halda separatçıların əsas hədəfinin Mariupol şəhəri olacağını bildirir. Azov dənizinin sahilində yerləşən Mariupol ölkənin şərqindəki ən strateji məntəqələrdən biridir. Şəhərin Krıma gedən quru dəhlizin üzərində yerləşməsi isə onun strateji əhəmiyyətini bir neçə dəfə artırır.
Belə bir vaxtda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, Rusiya Donbas hövzəsində "Vaffen-SS" modeli üzrə yaradılmış ordu korpuslarını cəmləyib. Onun sözlərinə görə, Rusiya Donbas hövzəsində 40 minlik ordu bölmələri cəmləyib. Bundan başqa, Turçinov Ukrayna ilə sərhəddə 50,5 min Rusiya hərbçisinin olduğunu deyib: "Rusiya rəhbərliyi Donbas hövzəsinin işğal edilmiş ərazisində güclü quru birləşmələri yaradıb. Onların əsasını aktiv hücum əməliyyatlarının keçirilməsi üçün hazırlanan iki ordu korpusu təşkil edir. Ordu korpuslarının formalaşdırılması və fəaliyyət xüsusiyyətləri onu göstərir ki, rusiyalılar İkinci Dünya Müharibəsi zamanı Almaniya rəhbərliyi tərəfindən bəyənilən və "Vaffen SS" kimi məşhur olan modeli seçib".
Qeyd edək ki, İkinci Dünya Müharibəsi zamanı ordunun şəxsi heyətinin azalması ilə əlaqədar Almaniya rəhbərliyi işğal edilmiş ölkələrin vətəndaşları olan könüllüləri hərbi xidmətə cəlb etməyə başlamışdı. Əcnəbi könüllülərdən ibarət olan xüsusi vaffen-diviziyalar "Vaffen-SS" adlanırdı. Vaffen diviziyaların komanda heyəti alman zabitlərindən təşkil olunurdu.
"Donetsk Xalq Respublikası" ("DXR") qondarma qurumun "Müdafiə Nazirliyi"nin sözçüsü Eduard Basurin isə bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin hərbi texnika, həmçinin Minsk razılaşmaları ilə təmas xəttindən aparılan ağır silahları və gücləri geri qaytarılır. Onun sözlərinə görə, 4 minə qədər Ukrayna hərbçisi, o cümlədən təxminən 60 tank, piyada döyüş maşınları (BMP) və SAU artilleriya qurğuları Çasov Yar qəsəbəsi ətrafında yerləşdirilib. Verxnetoresk rayonuna haubitsa batareyaları, D-30 və "Qrad" zenit-raket kompleksləri, Nikolayevka rayonuna isə 5 ədəd "Buk-M1" zenit-raket sisteminin gətirilməsi müşahidə edilib.
Eduard Basurin qeyd edib ki, Staroqnatovki rayonuna iki gün əvvəl 72-ci motoatıcı briqadanın artilleriyası gətirilib. Briqadanın arsenalında 152 millimetr kalibrli haubitsalar və 120 millimetr kalibrli minaatanların olduğu deyilir. Qeyd edək ki, rəsmi Kiyevdən səslənən son bəyanatlar da Ukraynanın Donbas hövzəsində həlledici döyüşə hazırlaşdığını göstərir. Prezident Petro Poroşenko bildirib ki, Minsk razılaşmaları ilə əldə edilən atəşkəs dövrü Ukrayna ordusunun gücləndirilməsinə imkan verib. Rəsmi Kiyev Minsk razılaşmalarının işləmədiyini tez-tez dilə gətirməklə, əslində yeni hərbi əməliyyatların qaçılmaz olduğuna işarə vurur. Bir neçə gün əvvəl Eduard Basurin bildirib ki, yeni əməliyyatlar üçün Ukrayna 90 min nəfərlik hücum batalyonu yaradıb. Hücum batalyonunun tərkibində təxminən 450 tank, beş ədəd "Toçka-U" raket kompleksi, 20 ədəd yaylım atəş sisteminin olduğu bildirilir. Qərbdən də kömək gəlir. ABŞ müdafiə naziri Eşton Karter "Foreyn Effeyrz" jurnalına danışarkən deyib ki, ABŞ ilk növbədə iqtisadi və siyasi metodlarla Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya təsir etmək niyyətindədir. Nazir ABŞ-ın Ukrayna iqtisadiyyatına yardım etmək üçün əlindən gələni edəcəyini, Ukrayna hərbisinin inkişafında müstəsna rol oynayacaqlarını, Rusiyaya qarşı Pentaqonun NATO güclərindən istifadə edəcəyini açıqlayıb. Moskvanın da geri çəkilməmək niyyəti isə regionda vəziyyəti yenidən gərginləşdirir.
Tahir TAĞIYEV