ATƏT-in Minsk Qrupunun həmsədrləri payızda bölgəyə səfər etməyi planlaşdırır. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik məlumat verib. O bildirib ki, hələlik səfərin dəqiq tarixi məlum deyil.
"Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərini BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək iclası zamanı bir araya gətirməyi və danışıqlar prosesinin irəli aparılması istiqamətində fikir mübadiləsi aparmağı səbrsizliklə gözləyirik. Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ən yüksək səviyyədə yenilənmiş öhdəliklərə ehtiyacımız var", - deyə səfir qeyd edib.
Uorlik ən yüksək səviyyədə yenilənmiş öhdəliklər deyəndə nəyi nəzərdə tutur?
Politoloq Qabil Hüseynlinin fikrincə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin uzun illər fəaliyyəti onu deməyə əsas verir ki, onlar iş görməklə deyil, baş girələməklə məşğuldurlar: "Yəqin ki, Uorlik ən yüksək səviyyəli öhdəlik deyəndə prezidentlərin gələcəyi razılığı nəzərdə tutur. Əslində, bu fikirdə yeni heç nə yoxdur. Çünki onsuz da problemin həlli istiqamətində öhdəliyi yalnız prezidentlər götürə bilər. Bu səbəbdəndir ki, Dağlıq Qarabağ probleminin həlli ətrafında danışıqlar məhz prezidentlərlə aparılır. Hansısa razılaşmanın əldə edilməsi üçün danışıqlarda əvvəl mühit formalaşır. Hazırda ölü nöqtədən tərpəniş görmürük. Hesab edirəm ki, bu da formal xarakterli bir görüş olacaq. Çünki müəyyən razılaşma üçün tərəflərin yerindən tərpənişi lazımdır. Azərbaycan öz haqlı mövqeyini bildirib və bəyan edib ki, ondan artıq nəsə edə bilməz. Qeyri-konstruktivliyi Ermənistan göstərir. Yaxşı olardı ki, Uorlik, ümumi sözlərdənsə, Ermənistanın güzəştə hazır olub-olmadığına dair fikir bildirərdi. Bu vəziyyət ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini bir daha sübut edir".
Məhəmmədəli QƏRİBLİ