Qafqazda kəskinləşən geosiyai rəqabətin burada mövcud münaqişələrə, o cümlədən Dağlıq Qarabağ konfliktinə təsir göstərəcəyi barədə xəbərdarlıqların sayı artır. Belə görünür ki, qarşıdakı dövrdə regionu heç də sakit günlər gözləmir. Xüsusən də qonşu Gürcüstanda NATO-nun təlim mərkəzinin açılmasına Moskvanın sərt reaksiya verəcəyinin gözlənilməsi fonunda vəziyyətin daha da pisləşəcəyi proqnozlaşdırılır.
Düzdür, NATO narahatlığa əsas görmür. NATO-nun baş katibi Yens Stoltenberq "Gürcüstan-NATO Mərkəzi"nin heç kimə qarşı yönəlmədiyini, mərkəzin yaradılmasının tək məqsədinin Gürcüstanın regional və beynəlxalq təhlükəsizliyini qorumaq olduğunu deyib: "Gürcüstanın hansısa xüsusi düşmənləri yoxdur, mərkəz Gürcüstanın alyansa inteqrasiya prosesinə köməklik göstərmək istəyir". Stoltenberq Tiflisin NATO üzvlüyü yolunda inamla irəlilədiyini açıqlayıb. Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri Tamar Beruçaşvili ilə bir araya gələn alyans rəhbəri Gürcüstanın NATO-ya tam üzv olması üçün zaman gərəkdiyini deyib: "Məhkəmə sistemində reallaşdırdığınız islahatları yaxından təqib edir və irəliləyiş olduğunu görürük. Eyni şəkildə Konstitusiya və seçki sistemi mövzusundakı islahatların davam etdirilməsi də əhəmiyyətlidir. Bu ciddi yolda sizi dəstəkləməyə davam edəcəyəm. Gürcüstan NATO-ya güvənə bilər".
Amma Rusiya məsələyə fərqli prizmadan yanaşır və Gürcüstanda hərbi qüvvələrinin, texnikasının sayını artırır. Bütün bunlar isə ümumi regiona ciddi təsir edir. Yuxarıda qeyd olunduğu kimi, bu durum bölgədəki münaqişələri də yenidən alovlandıra bilər. Əslində, bununla bağlı xəbərdarlıqların sayı da durmadan artır. ABŞ kəşfiyyatının kölgəsi hesab olunan "Stratfor" beyin mərkəzinin bu günlərdə yayımlanan məqaləsində qeyd olunur ki, ABŞ Rusiyaya qarşı mübarizəni təkcə Avropada və bu ölkənin Qərb sahillərində deyil, həm də Qafqaz və Orta Asiyada aparır."Gürcüstan Qafqazda Amerika strategiyasının əsas komponenti olaraq Avropa Birliyinə və NATO-ya inteqrasiya yolunu seçib. Lakin regionda Ermənistanla münasibətləri qaydaya salmaq üçün ABŞ-ın problemləri var. Bu ölkədə Rusiyanın hərbi bazası mövcuddur, həmçinin, İrəvan Avrasiya İttifaqının üzvüdür. Bütün bunlara baxmayaraq, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların irəliləməsinə nail olmağı bacardı. Bakı son vaxtlar münaqişənin həllində Rusiyanın Ermənistana verdiyi dəstəyə alternativ olaraq Vaşinqtonun diplomatik iştirakını qəbul etməyə başlayıb. Birləşmiş Ştatlar münaqişəni həllini istəyir və güman ki, bunun üçün yeni manevrlərini işə sala bilər".
"Stratfor" qeyd edir ki, Ukraynadakı münaqişə gərginləşdikcə Rusiya və Qərb arasında qarşıdurma da güclənir. Mübahisənin mərkəzi isə Ukraynadan Qafqaza, yəni Gürcüstan, Ermənistan və Azərbaycana keçə bilər. Bununla yanaşı, analitiklərin fikrinə görə, Ermənistan, Abxaziya və Cənubi Osetiyada hərbi iştirakı, həmçinin Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq Rusiyanın bölgədə əsas xarici qüvvə mövqeyinə malik olmasını təmin edir: "Buna baxmayaraq, Qərb Rusiyanın keçmiş sovet periferiyasına təsirinin genişlənməsinə yol vermək niyyətində deyil. ABŞ və Avropa Ukraynadakı üsyan zamanı qərbyönümlü hökumətin xeyrinə rusiyapərəst hakimiyyətin devrilməsini dəstəklədi. Və Qərb dövlətləri açıq-aydın bildirdilər ki, onların dəstəyi tək Ukrayna ilə kifayətlənməyəcək. Qərb Mərkəzi və Şərqi Avropada hərbi bazalar yaratmağa başladı, həmçinin, bir neçə keçmiş sovet periferiyasında olan ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə başladı". Ekspertlər bu fonda məhz Qafqazın Rusiya və Qərb arasında yeni qarşıdurma nöqtəsi ola biləcəyini iddia edir. Bu fikri avqustun sonunda Gürcüstanda NATO-nun təlim mərkəzinin açılışı da təsdiqləyir. Ekspertlər iddia edir ki, Ukraynada böhran başladıqdan sonra Dağlıq Qarabağ münaqişəsi gərginləşməyə başlayıb.
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə "Moskovskiy komsomolets" nəşrinə açıqlamasında vurğulayır ki, Qarabağda münaqişə dondurulmayıb, bu, közərən qaynar nöqtədir, o artıq ildə iki dəfə daha ciddi qarşıdurmaya çevrilir: "Bu, ATƏT-in Minsk Qrupunun öz işini o qədər də yaxşı yerinə yetirmədiyini göstərir. Düşünürəm ki, bu, ABŞ onun fəallığının qarşısını aldığı üçün baş verir". Onun sözlərinə görə, ardı kəsilməyən hərbi qarşıdurmalar nəhəng problemlər kompleksini həll etmək üçün hər hansı bir yolun tapılmasının labüdlüyünü göstərir: "Onların arasında, əlbəttə, mühüm olanı Dağlıq Qarabağ ətrafında olan, Ermənistan tərəfindən nəzarət edilən və gələcəkdə dəyişmə üçün nəzərdə tutulan, boş qalmış altı rayona azərbaycanlı qaçqınların qaytarılmasıdır. Nəhayət, vəziyyətin həllinin tapılması üçün normal diplomatik münasibətlər bərpa edilməlidir".Markov ehtimal edir ki, Ermənistan Azərbaycan və Türkiyənin həyata keçirdiyi blokadanın götürülməsində maraqlıdır: "Bu ona öz vətəndaşlarının və Dağlıq Qarabağ sakinlərinin iqtisadi inkişafını və yüksək həyat səviyyəsini təmin etmək üçün lazımdır. Eyni zamanda, Azərbaycan Dağlıq Qarabağ ətrafında boş qalmış rayonlara qaçqınların qaytarılmasında maraqlıdır. Danışıqlar ATƏT-in Minsk Qrupu xəttilə gedərsə, onları başqa tərzdə stimullaşdırmaq lazımdır. Rusiya bu qəbildən olan danışıqların təşkil edilməsində daha təbii vasitəçi ola bilərdi". Proseslər fərqli müstəvidə cərəyan edəcəyi təqdirdə isə münaqişənin yenidən alovlanması qaçılmaz sayılır.
Nahid SALAYEV