Gürcüstandakı "Krtsanisi" təlim mərkəzində Gürcüstan-NATO Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin açılış mərasimi keçirilib. Mərkəzi təntənəli şəkildə Gürcüstan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili və NATO-nun baş katibi Yens Stoltenberq açıb. Tədbirdə rəsmi şəxslər və diplomatik korpus nümayəndələri iştirak edib. G.Marqvelaşvili, İ.Qaribaşvili, Y.Stoltenberq və Gürcüstanın müdafiə naziri Tina Xidaşeli tədbirdə nitq söyləyib.
G.Marqvelaşvili bildirib ki, Gürcüstan öz müdafiə qabiliyyətini gücləndirir. O, əsgərlərə müraciət edərək deyib ki, bu günə onlar öz qanları bahasına nail olublar. Baş nazir İ.Qaribaşvili isə qeyd edib ki, təlim mərkəzinin fəaliyyəti hansısa qonşu ölkəyə qarşı yönəlməyib.
Y.Stoltenberq çıxışında bəyan edib ki, NATO Gürcüstana ümid edir və Gürcüstan da NATO-ya ümid edə bilər. Onun sözlərinə görə, Gürcüstan avroatlantik inteqrasiya yolu ilə irəliləmək üçün bütün lazımi vasitələrə malikdir: "Biz sizin həyata keçirdiyiniz islahatları, o cümlədən məhkəmə sisteminin islahatını çox diqqətlə izləyirik və tərəqqi olduğunu təsdiq edirik. Eyni zamanda, bu tərəqqinin davam etdirilməsinin zəruriliyini vurğulayırıq. Ciddi islahatlar yolunda biz sizə dəstək verməyə davam edəcəyik".
Bu cür mərkəzin açılması region dövlətləri arasında gələcək münasibətlərə necə təsir göstərəcək?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, həmin mərkəzin açılmasının birmənalı qarşılanmayacağı təbiidir: "Xüsusilə də bizim regionda NATO-nun caynaqlarının genişlənməsini istəməyən dövlətlər də az deyil. Özü də həmin dövlətlər dünyanın super güclərindən sayılır. Bura İranı və Rusiyanı aid edə bilərik. Gürcüstan və Ukraynaya Rusiyanın açıq həmlə etməsi məhz NATO və Avropaya açıq meyllənmə siyasətinin yürüdülməsilə bağlı idi. Təlim mərkəzinin açılması təbiidir ki, NATO-nun məhz həmin dövlətlərə ünvanladığı mesajdır. Yəni nə vaxtsa həmin ölkədə NATO-nun bazası da ola bilər. Rusiya və İran bunun fərqindədir. Təbiidir ki, onlar təlim mərkəzinin fəaliyyətini yaxından izləyəcək. Bu heç də artıq NATO-nun Gürcüstana girdiyi anlamına gələ bilməz. Yəqin ki, yaxın vaxtlarda biz Rusiyanın adekvat reaksiyasını görəcəyik. Bu, Gürcüstana ediləcək növbəti təzyiq dalğasında özünü göstərəcək".
Məhəmmədəli QƏRİBLİ