Son vaxtlar Türkiyə və Rusiya arasında planlaşdırılan "Türk Axını” boru xətti ətrafında tərəflərin anlaşa bilmədiyi bir çox məsələlərlə bağlı tez-tez xəbərlər yayılır. Belə görünür ki, layihənin reallaşması yolunda ciddi problemlər mövcuddur və iki ölkə arasında baş verən son proseslərdən də bu müşahidə edilir.
Baki-xeber.com "Habertürk” qəzetinə istinadən xəbər verir ki, Rusiya ilə Türkiyə arasında yaxın vaxtlarda açıq hiss ediləcək ciddi problemlər mövcuddur. Qəzet yazır ki, xüsusilə seçki sonrası ortaya çıxan mənzərə və sonra bölgədəki terror aktlarının artması işin başlanğıcı oldu. ABŞ və müttəfiq ölkələrə İncirlik hərbi bazasının açılması, Türkiyənin PKK-ya qarşı başlatdığı hərbi əməliyyatlar ən çox Rusiya və İranı narahat etmiş görünür: "Bu müddətdə Türkiyənin ABŞ və NATO cəbhəsinə yaxınlaşmasının isə Rusiya ilə olan bütün əlaqələrə təsir etməsi barədə ciddi məlumatlar var. Bunlardan biri, Rusiyanın təbii qazını Avropaya çatdırmaq üçün Türkiyəyə təklif etdiyi "Türk Axını” təbii qaz boru xətti layihəsinin gələcəyidir...
Seçki sonrası Türkiyədə iqtidarın zəiflədiyini düşünən Rusiya danışıqları başqa istiqamətə daşımağa başladı. Daha əvvəl verdiyi sözləri tutmaması bir yana, üstünə əlavə tələblər də qoyaraq Türkiyədəki tərəfdaşlarını sıxışdırmaq yollarını seçdi. Bunlardan biri, müqavilətə görə 2015-ci ildən etibarən qüvvəyə minməli olan BOTAŞ-ın aldığı təbii qaza tətbiq olunması planlaşdırılan 10.25 faizlik endirimdir. Ancaq bu nöqtədə heç bir irəliləyiş müşahidə edilmir.
Rusiya Türkiyədəki seçkidən əvvəl razılaşdırdığı bu endirimi, indi "Türk Axını”nda təsir rıçağı kimi istifadə edir və bu qarışıq atmosferdə də layihənin təsdiq edilməsini tələb edir. Türkiyə isə əvvəl müqavilələrdən irəli gələn endirimin tətbiq edilməsini, sonra isə "Türk Axını”nın təsdiqlənməsilə əlaqədar detalları müzakirə etməyi təklif edir”.
Bu vəziyyət isə layihənin ciddi bir problemlə üzləşdiyini göstərir. Müəllif yazır ki, mövcud durum başqa əlaqələrə də təsir etməyə başlayıb: "İşin daha dəhşətlisi isə odur ki, ruslar bu prosesdə Türkiyənin indiki vəziyyətindən faydalanmağa cəhd edir”.
Bütün bunlar Rusiya ilə Türkiyə arasında ciddi problemlərin olduğunu göstərir və "Türk Axını” layihəsinin reallaşmasını sual altına alır. Iki ölkə arasında gərginliyin ilk işarəsini Rusiya baş naziri Medvedyev vermişdi. Medvedyev Amerikanın Suriya siyasətilə Türkiyənin İraq torpaqlarında PKK mövqelərinə qarşı hücumları arasında əlaqə quraraq Ankaranın siyasətini sual altına almışdı. Məhz həmin vaxt da "Türk Axını” ilə bağlı Rusiyanın yeni təklifləri masadaydı.
Müəllif yazır ki, Rusiyanın danışıqlarda bəzi məsələlərdən arqument kimi istifadə etmək cəhdləri Türkiyənin hadisəyə baxışını dəyişdi. Türkiyə tərəfindən "Qazprom”un 10.25 faizlik endiriminin icra olunması tələb edildi. Rusların da, "Türk Axını”nın qarşısını açın, endirimin icrasına başlayaq" qarşılığını verməsilə yaxşı niyyətin yerini başqa şeylər almağa başladı.
BOTAŞ-ın "Qazprom”u endirimdə müqavilə şərtlərinə əməl etmədiyi üçün məhkəməyə verməsi üçün yol da açılır. Çünki Rusiyanın bu endirimi bi ilin əvvəlində tətbiq etməsi planlaşdırılırdı.
Bütün bunlar isə "Türk Axını” layihəsinin reallaşması ehtimalını heçə endirir.