MHP-nin qurucusu Alparslan Türkeş böyük oğlu MHP-li millət vəkili Tuğrul Türkeş baş nazir Əhməd Davudoğlunun nazir vəzifəsi təklifini qəbul edib. Baki-xeber.com xəbər verir ki, onun AKP-dən gələn təklifi müsbət qarşılaması partiyada sərt etirazla qarşılanıb.
Qərarın ardından ona partiyadan könüllü istefa verməsi təklif edilib. Ancaq sonradan Türkeşin partiyadan çıxarılması məsələsi gündəmə gətirilib. MHP lideri Devlet Bahçeli onun partiyadan çıxarılması ilə bağlı partiyanın intizam komissiyasına müraciət edib.
MHP liderinin köməkçisi Semih Yalçın bildirib ki, Türkeş artıq MHP-nin təmsil etmir: "Bundan sonrasını hörmətli baş nazir düşünsün. Hazırki vəziyyət konstitusiyaya ziddir".
Devlet Bahçeli isə Tuğrul Türkeş qərarını satqınçılıq kimi xarakterizə edib.
Onu da qeyd edək ki, bundan əvvəl MHP-yə nazir vəzifəsi təklif edilməsilə əlaqədar açıqlama verən Dövlət Bahçeli "Bizim partiyadaşlarımız yoxdur. Dava yoldaşlarımız var. Dava, nə alınır, nə satılır" – deyə bildirmişdi.
Onu da qeyd edək ki, bundan əvvəl MHP-nin seçki ilə bağlı siyasətini tənqid edən əslən azərbaycanlı keçmiş millət vəkili Sinan Oğan partiyadan xaric edilmişdi. Son seçkilərdə millət vəkilliyinə namizəd göstərilməyən Sinan Oğan bildirmişdi ki, MHP 1999-cu ildəki sürprizi təkrarlaya bilər. Amma bunu edə bilməsə 2002-ci ildəki məğlubiyyəti yaşayacaq.
Sinan Oğanın xüsusilə "Türk milliyətçilərinin partiyası MHP Osmanlının paytaxtı, Türk Dünyasının göz bəbəyi İstanbulda HDP-dən geridə qaldı. Qələbə harada qaldı?" - ifadələri MHP rəhbərliyində böyük narazılıq yaratmışdı. Məhz bundan sonra onun partiyadan xaric edilməsi barədə qərar qəbul edilmişdi.