Türkiyədə müvəqqəti seçki hökumətinin tərkibini formalaşdırmaq üçün səlahiyyət almış Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Əhməd Davudoğlunun digər siyasi partiyalardan kimlərə nazir vəzifəsi təklif etdiyi bəlli olub.
APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, ana müxalifət - Cümhuriyyət Xalq Partiyasından (CHP) aşağıdakı millər vəkilləri təklif alıb: Dəniz Baykal, Ərdoğan Toprak, İlhan Kəsici, Gülsün Bilgəhan Toker (İsmət İnönünün nəvəsi) və Tekin Bingöl.
Milliyyətçi Hərəkat Partiyasından (MHP) Toğrul Türkeş, Meral Akşener və Kənan Tanrıkuluna nazir vəzifəsi təklif edilib.
Xalqların Demokratiya Partiyasından (HDP) isə ictimaiyyətin yaxından tanımadığı şəxslər – Müslüm Doğan, Ləvənt Tüzəl və Əli Heydər Konca hökumətdə vəzifə tutmağa dəvət edilib.
Baki-xeber.com xəbər verir ki, CHP-dən Dəniz Baykalla Ərdoğan Torpaq, HDP-dən Müslüm Doğan, MHP-dən Kənan Tanrıkulu Davudoğlunun seçki hökumətində nazir vəzifəsi təklifinə cavab verib.
Dəniz Baykal təkliflə bağlı partiyanın qərarına görə hərəkət edəcəyini bildirib. CHP sədrinin müşaviri Ərdoğan Torpaq isə təklifi qəbul etməyəcəyini deyib.
Müslüm Doğan isə bunu partiyanın qərarına uyğun olduğunu bildirib.
MHP sədrinin müavini Kənan Tanrıkulu isə Davudoğlunun nazir vəzifəsi təklifinin ardından partiyadakı vəzifəsindən istefa verib. O bildirib ki, Əhməd Davudoğlu tərəfindən təklif edilən Müvəqqəti Nazirlər Kabinetinin üzvlüyünü qəbul etməyib. Tanrıkulu daha sonra bildirib: "Türkiyə 13 ilin nəticəsində ağır təhlükəsizlik və iqtisadi çətinliklər içindəikən, 46 illik tarixi, köklü və hörmətli bir mənsubiyyəti olan Milliyyətçi Hərəkət Partiyası sədrinin müavininə belə bir təklifin edilməsinə etiraz olaraq Milliyyətçi Hərəkət Partiyası sədrinin müavini vəzifəsindən istefa verirəm".
Qey edək ki, CHP və MHP seçki hökumətində iştirak etməyəcəklərini açıqlamışlar, HDP isə hökumətdə təmsil olunacağını bildirmişdi.