Firdovsi Şahbazov: “Ölkəmiz təkcə neft-qaz yox, “yaşıl enerji” ixracını həyata keçirəcək”
“Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik”. Bunu Prezident Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə deyib.
“Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın. Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər. Böhran həll olunduqdan sonra, - bu, tez və ya gec baş verəcək, - yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər”, - dövlət başçısı bildirib.
Maraqlıdır, böhranlar həll olunandan sonra Azərbaycanın enerji siyasətində nə kimi dəyişikliklər ola bilər?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbaz hesab edir ki, Azərbaycanın enerji siyasətində bəzi dəyişikliklərin olması qaçılmazdır: “Məsələ ondadır ki, 90-cı illərdə Ermənistan ərazilərimizi işğal etdiyi üçün Azərbaycan enerji xətlərini əsasən Gürcüstan üzərindən reallaşdırmağa başladı. Bakı-Tbilisi-Ceyyan neft, Baki-Tbilisi-Ərzurum qaz kəmərləri bunun bariz göstəricisidir. O cümlədən, müxtəlif dövrlərdə Bakı-Novorossiysk neft kəməri vasitəsi ilə də neft ötürülüb, amma bunun həcmi elə də böyük olmayıb. Çox güman ki, böhranlar həll edildikdən sonra Azərbaycan enerji siyasətini diversifikasiya edəcək. Yəni təkcə neft-qaz yox, “yaşıl enerji” ixracının həyata keçirilməsi üçün işlər sürətləndiriləcək. Çünki Avropada elektrik enerjisinə olan tələbat getdikcə artır. Fikrimcə, Zıngəzur dəhlizi vasitəsi ilə enerji ixracının həyata keçirilməsi gözlənilir. Yəni Zəngəzur dəhlizi təkcə tranzit yük daşımalar üçün deyil, həm də enerji xətlərinin çəkilməsi üçün də istifadə olunacaq. Avropa İttifaqı gərəkən iqtisadi-siyasi dəstəyi göstərərsə, Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycana ötürülməsi və Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropaya çatdırılması mümkündür. Təbii ki, bunun üçün yeni boru kəmərləri çəkilməlidir. Ola bilsin ki, həmin kəmər Zəngəzur dəhlizini keçməklə Avropaya uzansın. İstənilən halda tranzit kəmərlər məsələsində bir ölkədən daha çox asılılıq ortadan qaldırılacaq. Bu da tranzit qiymətlərində rəqabət qabiliyyətini artıracaq. Bir sözlə, proseslərin bu yöndə inkişafını güman edirəm”.
Vidadi ORDAHALLI