Qulamhüseyn Əlibəyli: “Zaxarova əksər hallarda olduğu kimi, indi də həqiqətə uyğun olmayan məlumatlar yayır”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycan Hava Yollarına aid AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı liderlər arasında əldə olunmuş bütün razılaşmaların icrası üzərində ardıcıl şəkildə işləyir:
“Rusiya və Azərbaycan liderləri ötən ilin 9 oktyabr tarixində Düşənbədə keçirilən görüş zamanı aviaqəza mövzusunu ətraflı müzakirə ediblər. Rusiya tərəfindən geniş izahatlar verilib, əldə olunmuş bütün razılaşmaların icrası istiqamətində ardıcıl işləyirik və bu barədə həm diplomatik kanallar, həm də hökumətlər xətti ilə azərbaycanlı tərəfdaşlarımızı mütəmadi olaraq məlumatlandırırıq. Tərəflər aviaqəza kontekstində qalan bütün məsələlərin tənzimlənməsinə hədəflənib”.
Moskva necə ardıcıl şəkildə işləyir ki, Rusiya Baş Prokurorluğu istintaq işini bağlayıb. Nə həlak olanların ailələrinə və yaralılara kompensasiya ödənilib, nə də təyyarəmizi raketlə vurmağı əmr edənlər cəzalandırılıb. Budur ardıcıl iş? Zaxarova kimi aldadır?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Zaxarova əksər hallarda olduğu kimi, indi də həqiqətə uyğun olmayan məlumatlar yayır, bəyanatlar verir: “Məsələ ondadır ki, ötən il Düşənbədə Rusiya və Azərbaycan prezidentləri arasında əldə olunmuş razılaşmaların heç birinə əməl edilməyib. Mahiyyət etibarı ilə həmin razılaşma nədən ibarət idi? Putin söz vermişdi ki, məsələ hərtərəfli araşdırılacaq, günahkarlar cəzalandırılacaq. Ən nəhayət, həlak olanların ailələrinə kompensasiya veriləcək. İndi baxaq görək vəziyyət nə yerdədir? Araşdırma belə deyək ki, aparılıb. Rusiyanın İstintaq Komitəsi cinayət işinə xitam verdi. Cinayət işinə xitam vermək o deməkdir ki, artıq Rusiya tərəfinin burada heç bir günahı yoxdur. Nəticədə heç kim cəzalandırılmadı, kompensasiya da ödənilmədi. Belə olan halda hansı işinaardıcıl getdiyi aydın deyil. Sadəcə, Zaxarovanın fikirləri söz xatirinə deyilən fikirlərdir. Həm də ola bilsin ki, son dövrlərdə azərbaycanlıların diaspor qurumlarının üzvlərinə qarşı aparılan zorakı təzyiq kampaniyasının bir qədər təsirini azaltmaq məqsədi daşıyan məqamları nəzərdə tutur. Guya bununla bağlı hər hansı iş görürlər. Faktiki olaraq isə, heç bir iş görülməyib. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, Rusiya təyyarəmizin vurulması ilə bağlı verdiyi sözü tutmayıb. Çox güman ki, bundan sonra Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edəcək. Yəni aviasiya ilə bağlı beynəlxalq qurumlarda bu məsələni qaldırmaq hüququna malikdir”.
Vidadi ORDAHALLI