Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:
Şuranın sədri
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Şuranın üzvləri:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikasının elm və təhsil naziri
Azərbaycan Respublikasının ədliyyə naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılsın və Katiblik funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilməlidir.
Müəyyən edilib ki, Şura bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.
Şura rəqəmsal inkişaf sahəsi üzrə:
- dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməlidir;
- dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməlidir;
- dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.
- Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.