ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya 2 martda BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts bunu 26 fevral cümə axşamı günü X sosial media platformasında elan edib.
Melaniya Trampın ofisi onun çıxışının "Münaqişələrdə uşaqlar, texnologiya və təhsil" mövzusuna həsr ediləcəyini bildirib. Əlavə olaraq qeyd edilib ki, diqqət "dünyada tolerantlığın və sülhün təşviq edilməsi yolu kimi" təhsilə yönələcək.
BMT nümayəndəsi onu da bildirib ki, Təhlükəsizlik Şurasının iclaslarına adətən üzv ölkələrin səfirləri və ya yüksək vəzifəli kabinet üzvləri rotasiya qaydasında sədrlik edir. “Melaniya Trampın sədrliyi bir ilk olacaq”- o deyib.
The Guardian qəzeti isə yazır ki, ABŞ-ın keçmiş birinci xanımı – Prezident Teodor Ruzveltin xanımı Eleanor Ruzvelt BMT-də İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin hazırlanmasına kömək edib.
Reuters-in xəbərinə görə, brifinqdə Melaniya Trampın gəlişinin təşkilat üçün müsbət əlamət olub-olmadığı soruşulduqda, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, bu addım "ABŞ-ın Təhlükəsizlik Şurasına və onun gündəliyinə verdiyi önəmi" vurğulayır.
Maraqlıdır ki, Ağ Evdəki ilk müddətindən bəri ABŞ prezidenti Donald Tramp beynəlxalq təşkilatın səmərəsiz olduğunu və islahatlara ehtiyacı olduğunu iddia edərək BMT-ni açıq şəkildə tənqid edir. Ötən həftədən isə Trampın təşkilatla bağlı leksikonunda yumşalma hiss olunduğu bildirilir.
SAMİRƏ